Külli miqdarda dələduzluqda ittiham edilən 42 yaşlı Rusif Əliyevə (soyad şərtidir) hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli hesab edib.
Araşdırmalarla müəyyən edilib ki, Rusif Ruslan adlı tanışı vasitəsilə tanıdığı Arzu adlı sahibkara 300 min manat pul “atıb”. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsində çoxsaylı binaların olduğu “Qurtuluş 93” yaşayış kompleksinin meneceri Ruslan Kasyumov Arzuya armatur biznesində yaxşı pul olduğunu deyərək onu Rusiflə tanış edib. Onlar Arzuya bu biznesə 300 min manat qoyacağı təqdirdə aylıq 50-60 min manat qazanacağını söyləyiblər. Ruslan həmçinin bildirib ki, kompleksin Rusifə yarım milyona qədər borcu var və bu biznesin zərərlə üzləşmə ehtimalı yoxdur.
Bundan sonra Arzu Rusiflə paytaxtın Yasamal rayonunda görüşərək ona hissə-hissə olmaqla 300 min manat verib. Lakin bir müddət sonra ona vəd edilən gəlir ödənilməyib. Eyni zamanda verdiyi pulların əsas hissəsini də ala bilməyib.
Araşdırmalar zamanı məlum olub ki, Ruslan Kasyumov 2024-cü ildə Azərbaycanı tərk edib.
Zərərçəkmiş sahibkar məhkəmədə bildirib ki, bu işdə Ruslanın da rol oynadığını düşünür və o da məsuliyyətə cəlb edilməlidir.
Məhkəmənin hökmü ilə Rusifə 6 il 6 ay həbs cəzası verilib./Qafqazinfo.az/