Bakının Sabunçu rayonu ərazisində avtobus sürücüsü sərnişin qadına qarşı xırda xuliqanlıq əməli törədib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Medianews.az xəbər verir ki, iş başında Gülzar Məmmədova ilə tanış olan Vasif Güləliyev (şərti) bir-birinə mobil telefon nömrələrini verib. Tərəflərin telefon danışığı zamanı qadın Vasifdən onu işdən çıxarkən aparmasını istəyib. Sürücü isə avtobusun qrafiklə işlədiyini, marşrut xəttindən kənara çıxa bilməyəcəyini deyib.
Onların növbəti mübahisəsində V.Güləliyev qadına qarşı xırda xuliqanlıq əməli törədib. Onunla bağlı polisə edilən şikayətdə sürücünün qadını narahat etdiyi qeyd olunub. V.Güləliyev təqsirini etiraf edib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib olunan şəxs 50 manat cərimələnib. O, izahatında qadının nömrəsini götürməyə peşman olduğunu bildirib.//Xitab24.az