Dünyada hər 127 nəfərdən birində Autizm Spektr Pozuntusu aşkarlanır və bu, təxminən 61 milyon insan deməkdir.
Medianews.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, belə uşaqlara erkən yaşlardan düzgün yanaşma göstərilməsi onların inkişafında mühüm rol oynayır. Onların sosial bacarıqlarının artırılması, fərdi təhsil proqramlarının tətbiqi və ailə dəstəyinin gücləndirilməsi xüsusilə vacib hesab olunur.
Bildirilib ki, autizmli uşaqlarla işləyərkən səbirli və ardıcıl yanaşma əsas şərtlərdən biridir. Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, uşaqların gündəlik rutinləri qorunsun, onların maraq dairələri nəzərə alınsın və müsbət davranışlar təşviq edilsin.
Həmçinin vurğulanır ki, cəmiyyətin maarifləndirilməsi də böyük əhəmiyyət daşıyır. Stereotiplərin aradan qaldırılması və inklüziv mühitin yaradılması autizmli fərdlərin sosial həyata daha rahat qoşulmasına imkan yaradır.
Mütəxəssislər qeyd edir ki, düzgün dəstək və uyğun mühit yaradıldığı təqdirdə, autizmli uşaqlar da öz bacarıqlarını inkişaf etdirərək uğurlu və müstəqil həyat qura bilirlər.