Türkiyədə məktəbdə autizmli şagirdlərin dərs zamanı iplə partalara bağlanmasını əks etdirən görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, hadisə Bursanın Osmangazi rayonunda yerləşən BTSO Baha Cemal Zağra Xüsusi Təhsil Məktəbində baş verib.
Kadrları məktəbdə oxuyan bir şagirdin valideyni telefonla çəkib. Faktla bağlı Bölgə Təhsil İdarəsi dərhal araşdırmaya başlayıb.
Valideyn Tülay Gürel bildirib ki, şagirdlər təkcə bağlanmır, həm də kobud davranış və təhqirlərə məruz qalır:
"Şəhərimizdə çoxlu təhsil ocaqları var. Amma müəllimlərin savadsızlığı, biliksizliyi ciddi ziyan vurur. Uşaqlarımız savadsız müəllimlərin ucbatından çox əziyyət çəkirlər. Söyüşdən tutmuş, onları bağlamağa qədər hər şey edilir. Biz bunun həllini istəyirik".
Gürel əlavə edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sakit və uyğun mühit yaradılmalıdır:
“Bu uşaqların sakit yerlərdə məktəbləri olmalıdır. Uşaqlara daim mənfi rəy verən pedaqoqlar var. 11 yaşlı oğlum autizmdən əziyyət çəkir. Konyada oxuyanda hətta şəkillər də çəkirdi. Şəhəri dəyişəndə problemlər yaşamağa başladıq. Uşaqları məktəbə aparıb deyirlər ki, içəri girə bilməzsən, qadağandır. Uşağın uyğun olmayan mühitdə olması ciddi ziyana səbəb olur. Zorakılıq edən müəllimlərimiz var. Bunlar bilik və güc çatışmazlığı səbəbindən edilir. Onlara nəzarət etmək üçün tələbələri bağlayırlar.
Hadisə ilə bağlı hüquqi və inzibati addımların atılacağı gözlənilir.
Medianews.az

