Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, mərhum sənətçinin oğlu Yaşar Muradov "Xəzər axşamı"na atası ilə bağlı son xatirəsini danışıb:
"Oktyabrın 4-dən dünənə qədər xəstəxanada idi. Ürəyində problem, həmçinin onkoloji xəstəlikləri vardı. Boğazında yaranan şişlər beyinə gedən qan damarlarını sıxdığı üçün insult keçirmişdi. Həkimlər sağ olsun, çox səy göstərdilər. Amma təəssüf ki, nəticə acı oldu.
Sonuncu dəfə onun yanına oktyabrın 18-də girmişdim. Ona qədər şüuru qismən yerində idi. Əslində ilk əməliyyatından sonra səs tellərini qismən itirmişdi. Bu dəfə isə danışığı yox idi. Çünki əlavə olaraq süni nəfəs aparatına qoşmuşdular və boğazında əlavə nəfəs borusu açılmışdı. Bizi başa düşürdü, dedim ki, yanındayıq, hər şey yaxşı olacaq. Atam əlimi sıxdı və alnımdan öpdü".