Medianews.az
Artım yoxdur, bahalaşma var: real gəlirlər niyə azalır? -
147 baxış

Artım yoxdur, bahalaşma var: real gəlirlər niyə azalır? - Ekspert səbəbləri açıqladı

Ölkədə minimum əmək haqqı əvvəlki illərdə artsa da, bu il artım müşahidə olunmadı, eyni zamanda qiymətlər sürətlə yüksəlməkdə davam edir. Ərzaq bahalaşması, nəqliyyat xərclərinin artması və gözlənilən kommunal tarif dəyişiklikləri əhalinin gündəlik xərclərini daha da artırır. Bu fonda maaş və pensiyaların sabit qalması alıcılıq qabiliyyətinə ciddi təsir göstərir. 2026-cı ildə gəlirlərlə xərclər arasındakı bu fərq necə dəyişəcək və maaşlarda artım gözlənilirmi?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ötən il yüksək inflyasiya şəraitində minimum əmək haqqının artırılmaması sosial baxımdan ciddi tənqid doğurur.

Çünki qiymətlər sürətlə yüksəldiyi halda gəlirlərin yerində qalması faktiki olaraq insanların real qazancının azalması deməkdir:  "Bu, xüsusilə aşağı gəlirli ailələr üçün daha ağır hiss olunur və onların gündəlik xərclərini qarşılamaq imkanlarını zəiflədir. 2026-cı ilin ilk aylarında inflyasiyanın 5,7% səviyyəsində olması da göstərir ki, qiymət artımı davam edir və real gəlirlər azalmaqdadır. Maaşlar və pensiyalar nominal olaraq dəyişməsə belə, onların alıcılıq qabiliyyəti aşağı düşür. Ərzaq məhsullarının bahalaşması, nəqliyyat xərclərinin artması və kommunal tariflərdə gözlənilən dəyişikliklər bu təzyiqi daha da gücləndirir".

Ekspertin sözlərinə görə, belə şəraitdə gəlirlərlə xərclər arasındakı fərqin 2026-cı ildə daha da dərinləşməsi ehtimalı yüksəkdir:

"Əgər dövlət tərəfindən əmək haqları və sosial ödənişlər üzrə indeksasiya və ya artım qərarları verilməzsə, əhalinin böyük hissəsi üçün maliyyə vəziyyəti daha da çətinləşə bilər. Xüsusilə sabit gəlirli və sosial həssas qruplar bu vəziyyətdən daha çox təsirlənəcək.

Maaşlarda artım məsələsinə gəldikdə isə, bu, əsasən ilin ortalarına doğru büdcə imkanlarından və iqtisadi göstəricilərdən asılı olacaq. Əgər inflyasiya yüksək səviyyədə qalarsa, hökumət müəyyən artımlar etməyə məcbur qala bilər. Lakin hazırkı tendensiyalar göstərir ki, artım olsa belə, bu artımın inflyasiyanı tam kompensasiya etməsi çətin görünür. Bu isə real gəlirlərin bərpasının qısa müddətdə mümkün olmayacağını göstərir".

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun