2025-ci ildə ABŞ-də son 100 ilin ən qeyri-adi miqrasiya mənzərəsi qeydə alınıb – ölkəni tərk edənlərin sayı gələnləri üstələyib.
Medianews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məlumata əsasən, ölkəyə giriş kəskin azalıb: 2023-cü ildə təxminən 6 milyon nəfər ABŞ-yə köçdüyü halda, 2025-ci ildə bu rəqəm 2,6–2,7 milyona düşüb. Eyni zamanda yüz minlərlə insan deportasiya olunub və ya ölkəni könüllü tərk edib.
Miqrasiya axınında diqqətçəkən məqam odur ki, ölkəni tərk edənlər arasında təkcə miqrantlar deyil, ABŞ vətəndaşları da var. Hazırda 4–9 milyon amerikalının xaricdə yaşadığı bildirilir. Ən çox üstünlük verilən ölkələr sırasında Meksika, Kanada, Böyük Britaniya və Avropa İttifaqı dövlətləri yer alır. Xüsusilə Portuqaliya, İspaniya, Almaniya və İrlandiyaya köçən amerikalıların sayı son illərdə rekord həddə çatıb.
Mütəxəssislər bu tendensiyanı bir neçə amillə izah edirlər: uzaqdan işləmək imkanlarının artması, ABŞ-də yaşayış xərclərinin yüksəlməsi, sosial və təhlükəsizlik narahatlıqları, həmçinin daha sabit və sosial təminatlı Avropa modelinə marağın artması.
Sorğular göstərir ki, xüsusilə gənc və orta yaşlı amerikalılar arasında xaricə köçmək istəyi yüksəkdir. Köç xidmətləri göstərən şirkətlər isə bildirirlər ki, əvvəlki illərdən fərqli olaraq, indi ölkəni tərk edənlərin əksəriyyəti yüksək ixtisaslı elita deyil, orta təbəqə nümayəndələridir.
Beləliklə, analitiklərin fikrincə, ABŞ-də müşahidə olunan yeni miqrasiya dalğası həm iqtisadi, həm də sosial səbəblərlə bağlı uzunmüddətli prosesə çevrilə bilər.
Medianews.az