İngiltərənin Kent bölgəsində yerləşən Kenterberi şəhərində gecə klubunda meningit yayılıb. Meningit baş və onurğa beynini əhatə edən qişaların infeksiya və ya digər səbəblərdən qaynaqlanan təhlükəli iltihabıdır.
Medianews.az xəbər verir ki, ilkin məlumata görə, 15 nəfər yoluxub, 2 nəfər ölüb.
Səlahiyyətlilər yoluxmanın tələbələrin tez-tez getdiyi “Club Chemistry” gecə klubu ilə bağlı olduğunu bildirir.
21 yaşlı hüquq tələbəsi Annabel Makkey ad günündən sonra xəstələnərək xəstəxanaya yerləşdirilib. Ona meningit B diaqnozu qoyulub. Gənc qadın xəstəlik nəticəsində görmə qabiliyyətini itirib və hərəkət etməkdə çətinlik çəkir.
Yoluxanlar arasında 9 aylıq körpənin də olduğu, onun reanimasiyada müalicə aldığı açıqlanıb. Bundan əlavə, bir neçə məktəbdə də yoluxma halları qeydə alınıb.
Yayılmadan sonra universitetlərdə fövqəladə tədbirlər görülüb: imtahanlar onlayn keçirilib, minlərlə tələbənin peyvənd olunması planlaşdırılır.
Mütəxəssislər yayılmanın sürətini qeyri-adi adlandırır. Rəsmilər tələbələrə yaxın təmasdan çəkinməyi, içki və elektron siqaret paylaşmamağı tövsiyə edib.
Bildirilir ki, bayram günlərində tələbələrin şəhərlərarası hərəkəti xəstəliyin ölkə üzrə yayılması riskini artırır. Hazırda mənbə araşdırılır, təmasda olanlara profilaktik müalicə tətbiq olunur.
Medianews.az


