03.07.2025, 20:12
214 baxış
Azad
Rusiyada təzyiqə məruz qalan deputatın Azərbaycana pənah gətirdiyi deyilir
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsi Dumasının iclasında deputatlar azərbaycan əsilli həmkarları Xalid Tağızadənin Sosial İnkişaf Komitəsinin sədr müavini vəzifəsindən uzaqlaşdırılması və ona əməkhaqqı ödənilməsinin dayandırılması barədə qərar qəbul ediblər. Bu qərarı 32 deputat dəstəkləyib, beşi isə bitərəf qalıb.
Komitə sədri Vasili Filipenkonun sözlərinə görə, buna səbəb deputat etikasının pozulması olub – iyun ayının əvvəlində Tağızadə məzuniyyətini yarımçıq dayandırmaqdan imtina edib və Etika Komissiyasının iclasına gəlməyib.
Rusiya Kommunist Partiyasının üzvü və əsas iş yeri Duma olan deputat Xalid Tağızadə bu qərardan narazılığını bildirib və “ailəsinin və uşaqlarının olduğunu” deyərək qərarın ədalətsizliyinə işarə edib. O, həmçinin prokurorluğa müraciət edərək maaşdan məhrum edilməsinin qanuniliyinin yoxlanmasını istəyib. Mənbələrin məlumatına görə, Tağızadənin sədr müavini kimi aylıq gəliri təxminən 200 min rubl təşkil edib ki, bu da Yuqra bölgəsindəki orta əməkhaqqını xeyli üstələyir.
Bundan əvvəl Tağızadə “özbəklərin tarixi vətənlərinə qayıtması” barədə dediyi sözlərə görə qalmaqalın mərkəzinə düşmüşdü.
Belə ki, muxtar dairənin yerli qanunvericilik orqanında müzakirələr zamanı bir sıra deputatlar yerli əhali arasında doğum səviyyəsinin aşağı düşməsi, əksinə, miqrantların və onların uşaqlarının sayının artması ilə bağlı narahatlıqlarını bildirmişdilər. Xalid Tağızadə buna cavab olaraq demişdi ki, miqrantlar əslində Sibirə - öz tarixi vətənlərinə qayıdırlar, çünki orta əsrlərdə bu ərazi Şeybanilərin hakimiyyəti altında olan Özbək xanlığının tərkibində olub.
O vurğulamışdı ki, Yuqra özbək xanları ilə bağlı tarixi ərazi sayılır və Özbəkistandan olan miqrant axını “təbii bir qayıdışdır”. Bu fikirlər Dumanın spikeri Boris Xoxryakov tərəfindən kəskin tənqid olunmuş, o, deputatı qanunverici orqanın nüfuzunu zədələməkdə və etik normaları pozmaqda ittiham etmişdi.
Bəzi mənbələr Xalid Tağızadənin təzyiqlərin artması fonunda Rusiyanı tərk etdiyini xəbər verir. Rusiya mətbuatı onun Azərbaycana uçduğunu yazır.
Medianews.az
Paylaş: