Medianews.az
“Uçan saray”: ABŞ üçün təyyarə, yoxsa Tramp üçün rüşvət?
163 baxış

“Uçan saray”: ABŞ üçün təyyarə, yoxsa Tramp üçün rüşvət?

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq səfəri zamanı Qətərin kral ailəsindən lüks Boeing 747-8 tipli təyyarəni hədiyyə almağa hazırlaşması yeni mübahisələrə səbəb olub. Medianews.az “Associated Press”’ istinadla bildirir ki, bu təyyarə gələcəkdə ABŞ Prezidenti üçün rəsmi nəqliyyat vasitəsinə çevrilə bilər. Təxminən 400 milyon dollar dəyərində olan bu “uçan saray”ın Trampa təqdim olunması hüquqi və etik suallar doğurur. Tramp isə məsələyə fərqli yanaşır: “Pulsuz bir təyyarəni qəbul etməmək axmaqlıq olardı,” - deyə o, bildirib. Lakin ABŞ qanunlarına görə, Prezident və ya vəzifəli şəxslərin xarici dövlətlərdən bahalı hədiyyələr qəbul etməsi ciddi məhdudiyyətlərə tabedir və Konqresin razılığı olmadan bu cür hədiyyələr rüşvət və maraqların toqquşması kimi qiymətləndirilə bilər. Siyasi şərhçilər deyirlər ki, bu addım Trampın şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğu görüntüsü yaradır. Hətta bəzi analitiklər bu hədiyyəni açıq şəkildə rüşvət adlandırırlar. Bu məsələ ABŞ-da dövlət idarəçiliyində şəffaflıq və etik davranış prinsipləri baxımından geniş müzakirələrə yol açır. Trampın təyyarəni şəxsi və ya dövlət məqsədi ilə istifadə edib-etməyəcəyi, habelə bu hədiyyənin qanuni statusu hələ də aydın deyil. Xatırladaq ki, hazırda Ağ ev Qətərin kral ailəsinə məxsus lüks təyyarənin ABŞ Prezidentinin istifadəsinə verilməsi ilə bağlı danışıqlar aparır. Qətər tərəfi təyyarənin ABŞ-yə hədiyyə olunacağını təkzib etsə də, hazırda iki ölkə arasında onun "müvəqqəti istifadəsi"nin müzakirə olunduğunu bildirir. Məlumat ABŞ Prezidenti Donald Trampın bu həftə Qətərə səfərindən əvvəl yayılıb. Qətər hökumətinin ABŞ-dəki nümayəndəsi Əli əl-Ansari bildirib ki, məsələ Qətər Müdafiə Nazirliyi ilə ABŞ-nin hərbi komandanlığı (Pentaqon) arasında danışıqlar mərhələsindədir. “Bu məsələ müvafiq hüquq xidmətləri tərəfindən nəzərdən keçirilir və hələlik heç bir yekun qərar verilməyib”, – deyə əl-Ansari qeyd edib. “CBS News”un məlumatına əsasən, təyyarə ABŞ-yə təhvil verildikdən dərhal sonra Prezidentin istifadəsinə yararlı olmayacaq. Bunun üçün əvvəlcə hava gəmisinin yenidən qurulması və müvafiq təhlükəsizlik sistemləri ilə təchiz olunması zəruridir. Medianews.az

Bizə qoşulun