“Əvvəlki illərə baxanda hazırda mənim çalışdığım idman sahəsində vəziyyət düzəlib. Bundan əvvəlki federasiya bağlandı. Bizi bodibildinq federasiyasına verdilər. Mən də orada armrestlinq üzrə vitse-prezidentəm. Əvvəl vəziyyət çox pis idi. Heç öz hesabımıza da yarışlara gedə bilmirdik. Yeni nazirdən sonra hər şey yaxşılaşdı. Bizləri qəbul etdi, dərdlərimizi, problemlərimizi dinlədi və düzgün qərarlar verildi. Həmin ildə də Azərbaycanda tarixdə birinci dəfə idi ki, sinyorlar arasında Avropada qızıl sayına görə birinci yerə çıxdıq. Mən hazırladığım komanda Avropada birinci oldu”
Bunu
Medianews.az-a açıqlamasında Milli Qəhrəman Asif Məhərrəmovun oğlu, Dünya və Avropa çempionu Azər Məhərrəmov deyib.
Atasının “Milli Qəhrəman” adından imtina etməsinin səbəbini açıqlayan oğlu həmin illəri xatırlayıb:
“Atam “Fred Asif” kimi tanınan Asif Məhərrəmov 1992-ci ildə ona verilən “Milli Qəhrəman” adından imtina etdi. 1994-cü ildə dünyasını dəyişəndən sonra ona bu adı ulu öndər Heydər Əliyev verdi. Atam addan ötrü döyüşən adam deyildi. Vətənpərvərlik onun canında, qanında idi. Özü də müsahibəsində demişdi ki, Xocalıda nə qədər şəhidlərimiz olub, qız-gəlinlərimiz əsir götürülüb, sinəmə medal taxıb gəzən vaxt deyil! Onun üçün bu çox ağır idi”.
Azər Məhərrəmov deyir ki, artıq siyahıya alınanlar sırasında o da var:
“Biz əslən Ağdamlıyıq. Atamın ata evindən əsər-əlamət yoxdur. Onların evi də İmarətə bitişik olub. İmarəti təmir ediblər, amma ətrafında bizim evimiz yoxdur. Görünür plan belə olub. Amma siyahıya alınmışıq. Ağdamın yəqin ki, başqa ərazisində bizi evlə təmin edərlər. Şükür bu günümüzə. Mənim komandam Avropada yaxşı iştirak etdiyinə görə bu il dünya çempionluğunu Azərbaycanda keçirəcəyik. Bunu səbirsizliklə gözləyirik. Yarış bitən kimi Xankəndiyə gedib, orada qalmaq istəyirəm. Ağdam tikilənə qədər gedib orada yaşamaq ən böyük arzumdur. Həm də idman üçün orada bir baza yeri götürmək istəyirəm. Xocalıya aid bir çəkiliş var idi, mən bütün günü dağlardan enirdim, qaçıb-düşürdüm amma yorulmaq bilmirdim. Qərara gəldim ki, Dünya və Avropa yarışı qabağı bütün təlim məşqlərini Qarabağa salmaq lazımdır. Hava adamı elə saxlayır ki, yorulmaq bilmirsən. Gör yığma komandamız orada olsa nə edərlər? Bütün bunların hamısı şərtdir”.
Azər Məhərrəmov bildirib ki, atasının məzarını ziyarət edib yarışlara gedəndə böyük uğurlara imza atır:
“Torpaqlarımız işğalda olarkən atamın məzarını hər zaman ziyarət edəndə başım aşağı olurdu. Mən özüm də 15 yaşımdan döyüşlərdə olmuşam. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin, dövlətimizi qorusun. Bu gün atamın məzarı üstünə gedəndə artıq başı dik dayanıram. Hər yarışa getməzdən bir gün əvvəl atamın məzarını ziyarət edirəm. Bir dəfə ziyarət edə bilmədim, yarışda qolum ağır zədə aldı. Amma həmişə oranı ziyarət edib gedəndə mənim üçün də, komandam üçün də uğurlu olur. Çox təəssüf ki, atamla bir şəkilim də yoxdur. Çünki gözümü açandan atamı döyüşlərdə görmüşəm. Müharibə başlayanda gördüm, sonra evdə çıxdı, şəkil çəkdirmək imkanım olmadı”.
Əli Əsgər
Medianews.az