Medianews.az
Azərbaycan müəllimləri TikTok-da: <span style=color:red>Yaxşıdır, ya pis?
198 baxış

Azərbaycan müəllimləri TikTok-da: Yaxşıdır, ya pis?

Bu həftə Azərbaycanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq TikTok sosial media platformasında #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilib. Müsabiqədə ümumi təhsil, ali təhsil, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Müsabiqə iyun ayınadək davam edəcək. Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Məsələni Medianews.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, TikTok qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platformadır: “TikTok artıq təkcə əyləncə platforması deyil, təhsilin yeni auditoriyasıdır. Elm və Təhsil Nazirliyinin müəllimlərə dərslərlə bağlı videoları TikTok-da paylaşmaq barədə çağırışı isə müasir dövrün təhsil modelinə atılmış cəsarətli addımdır”. K.Əsədovun fikrincə, bu təşəbbüs müəllimin sinif otağından çıxaraq cəmiyyətin geniş kütlələrinə çatmasına, fənlərin qısa, anlaşılan və vizual izahlarla təqdim olunmasına şərait yaradır: “Artıq bir riyaziyyat düsturu, bir tarixi hadisə və ya bir dil qaydası 60 saniyəyə milyonlara çata bilər. Bu, həm şagirdin öyrənmə motivasiyasını artırır, həm də müəllimin ictimai nüfuzunu gücləndirir. Dünya artıq bu yolu gedir: ABŞ-da, İngiltərədə və Hindistanda müəllimlər TikTok vasitəsilə yüz minlərlə insana tədris materialları çatdırır, sosial şəbəkəni maarifçilik alətinə çevirirlər”. Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü davamlı və peşəkar şəkildə icra olunarsa, təhsilimiz daha əlçatan, müəllimimiz isə daha görünən olacaq: “Təhsili şagirdin getdiyi yerə aparmaq – XXI əsrin pedaqogikasının əsas şərtidir. Rəqəmsal təhsilə doğru bir addım da atıldı. Dəstək verilməlidir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun