Politoloq Elxan Şahinoğlu Güney Azərbaycanın Urmiya şəhərində baş qaldırmış etiraz dalğasını Medianews.az -a şərh edib.

O deyib ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində İran rejiminin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər: “Vaxt keçir, bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşur. Əslində rejim üçün təhlükə sovuşmayıb, çünki Tehran və Qum baş verənlərdən nəticə çıxarmır, əksinə - repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırır. İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var.

Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər. İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək”.
Medianews.az