2019-cu ildən Ukrayna prezidenti olan, 2024-cü il mayında səlahiyyət müddəti başa çatsa da, müharibə dövründə seçki keçirməmək qərarı verildiyinə görə postunu saxlayan Vladimir Zelenski Vaşinqtonla açıq və sərt qarşıdurmadan sonra da hakimiyyətdə qala biləcəkmi? Son vaxtlar Zelenski istefa verəcəyi ilə bağlı bir çox şayiəni təkzib edib. Bugünlərdə o, Londonda hava limanında jurnalistlərin suallarını cavablandırarkən bir daha öz istefa ehtimalından danışıb. Zelenski deyib ki, Ukrayna NATO-ya üzv olsa, istefa verməyə hazırdır. Eyni zamanda, Ukrayna lideri ölkədə seçkilərin keçirilməsinin onun yenidən prezident olmasına mane olmayacağını qeyd edib: “Məni dəyişmək asan olmayacaq, çünki təkcə seçki keçirmək kifayət deyil. Məni iştirakdan kənarlaşdırmaq lazımdır. Bu isə bir qədər çətin olacaq”.
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, dünyanın müxtəlif KİV-lərində, əsasən də postsovet ölkələrindəki media resurslarında Volodimir Zelenskinin fevralın 2-də Ağ evdə qalmaqalla başa çatan görüş zamanı düzgün etmədiyi, hissə qapıldığı kimi şərhlər verilir: “Lakin elə deyil. Bu, sadə protokol qaydalarını bilməməkdən irəli gələn iddialardır. Protokol qaydaları isə belədir ki, həmin görüş əslində brifinq idi, jurnalistlər üçün bir görüş səhnəsi idi. O səhnədə açıq müzakirə aparılmır. Donald Tramp buna qədər 4 il prezident olub, belə şeylərdən xəbərsiz deyil. Ona görə hesab edirəm ki, Tramp və onun vitse-prezidenti Ceyms Devid Vens məqsədli şəkildə jurnalistlər qarşısında Zelenskini alçatmaq istədilər. Bu, qeyri-siyasi davaranışdır. Zelenski də haqlı olaraq təpki göstərdi. Görünən həm də bu idi ki, Zelenski Avropa İttifaqından ciddi dəstək alıb. Unutmayaq ki, Zelenskinin səfəri ərəfəsində ən azı iki Avropa lideri - Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ağ evdə olmuşdular. Hər biri öz üslubunda Trampın yanlışlarını təkzib etmişdi. Britaniya daha diplomatik təzdə, Fransa prezidenti isə açıq şəkildə Trampın yalanlarını ifşa etmişdi. Amma Tramp onlarla Zelenski ilə davrandığı kimi davranmamışdı və davrana da bilməzdi. Yəni Trampın məqsədi Zelenskini alçatmaqla onu hansısa çox əlverişsiz anlaşmalara imza atmağa məcbur etmək idi. Zelenski də bunu başa düşdü və adekvat reaksiya verdi".

Politoloq vurğulayıb ki, bu gün V.Zelenskinin hakimiyyətdən getməsi yalnız öz iradəsi ilə ola bilər: "Bu o halda baş verə bilər ki, Ukraynanı dəstəkləyən bütün ölkələr ABŞ-nin tutduğu mövqeni tutsun. Amma biz hazırda bunun tam əksini görürük. Biz bilirik ki, Zeleniski Vaşinqtondan birbaşa Londona yola düşdü. Böyük Britaniyanın baş naziri Keir Starmer təcili Ukrayna samitini çağırdı. Orada da mövqelər bir daha ifadə edildi. Ukraynaya yardım paketi hazırlandığı bildirildi və artıq müəyyən yardımlar olundu. Görünən budur ki, bu koalisiyada təkcə Avropa ölkələri deyil, Kanada, Avstraliya da var. Burada Volodimir Zelenskinin Böyük Britaniya kralı III Çarlsla planlaşdırılan görüşünü də qeyd etmək gərəkdir. Bu isə Böyük Britaniya kral konfederasiyasına bir mesajdır. Faktiki olaraq ABŞ bu halda təklənmiş vəziyyətə düşür".

Ə. Oruclu qeyd edib ki, D.Trampın xarici ölkələrə rüsumlar tətbiq etməklə bağlı iddiaları, atdığı addımlar indiyə qədər mövcud olmuş geosiyasi konstruksiyanın çökməsinə gətirib çıxaracaq: "Artıq onun yenisi ilə əvvəzlənməsi prosesi gedir. Ona görə də bu gün Zelenskinin hakimiyyətdə qalıb-qalmaması prioritet məsələ deyil. Birincisi, onun legitimliyini Ukrayna Radası təsdiqləyib. İkincisi, müharibə gedən ölkədə seçkilərin keçirilməməsi Ukraynanın qanunlarında var. Bu gün baş verənlərlə Tramp Avroatlantik ittifaqı, siyasi, iqtisadi, geosiyasi və təhlükəsizlik birliyini dağıdır. Burada Ukrayna bəhanədir. Avropa İttifaqına üzv ölkələr və Böyük Britaniya, Kanada Ukrayna məsələsi ətrafında həm də ona görə sıx birləşiblər ki, bu birlik eyni zamanda vahid platformadır.
Rusiyanın bu müharibədə qalib gəlməsinin yollarından biri Ukraynanın indiki siyasi hakimiyyətini dəyişməkdən keçir. Ukraynada, pis-yaxşı, sabit idarəçilik sistemi var. Kreml istəyir ki, bu sistem çöksün. Çünki o halda Ukraynanın məğlubiyyəti qaçılmaz olacaq. Ona görə anti-Tramp koalisiya Zelenskinin hakimiyyətdə qalması üçün əlindən gələni edəcək. Zelenskinin yaxın zamanda hakimiyyətdən gedəcəyini düşünmürəm. Bəli, özü artıq prosesdən yorulsa, resurslarının tükəndiyini, daha çalışa bilmədiyini düşünsə, gedə bilər. Lakin bu halda da Ukraynada seçkilərin keçirilməsi qeyri-mümkündür. Ölkə əhalisinin ciddi bir hissəsi qaçqındır. Kəndlər, şəhərlər dağıdılıb, bir hissəsi işğal olunub. Belə bir ölkədə seçkilərin legitimliyi də şübhə doğura bilər. Elə Rusiyanın özü onu şübhə altına ala, spekulyasiya edə bilər".
Nailə Qasımova,
Medianews.az