Deputat Gəncənin problemlərindən danışdı: "Göstərilən xidmət ürəkaçan deyil" - FOTO/VİDEO
“Vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin “Azərbaycan Respublikası 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı internet qiymətləri barədə danışan deputat Naqif Həmzə deyib.
O bildirib ki, artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunsa da keyfiyyət arzu edilən səviyyədə deyil: “Xidmət haqqının artırılması və sairin nə ilə əlaqədar olduğunu, nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsusilə də regionlarda bu fərq daha çoxdur. Provayderlərin texniki imkanlarının artırılması müqabilində bu problem aradan qaldırıla bilər. Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin”.
Deputat Gəncə şəhərində idman zallarının azlığı məsələsinə də toxunub: “Gəncləri idmanla məşğul olmağa dəvət etməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir. Aktiv üzgüçülük hovuzlarının sayı isə 1-dir. Hökumət üzvlərinin, eyni zamanda, idman federasiyalarının rəhbərləri olmalarını nəzərə alaraq xahiş edirəm ki, regionlarda, xüsusilə də Gəncə şəhərində idmanın inkişafına köməklik göstərəsiniz”.
Naqif Həmzə digər problemlərə də toxunub: “Ölkə üzrə körpələr evi - uşaq bağçalarının sayı azdır. Bütün uşaqların uşaq bağçalarında tərbiyə görmələri mümkün olmur. Gəncə şəhərində 44 körpələr evi – uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərir. Növbəti illərdə, heç olmasa, 1 ədəd məktəb və uşaq bağçasının tikilməsinə şahidlik etsək, çox sevinərik. Həmçinin təklif edirəm ki, məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də yemək verilsin. Hətta bunun pilot layihə olaraq Gəncədən başlanması əla olardı”.
Millət vəkili universitet yataqxanalarının vəziyyətinə də toxunub: “Universitetlərimizdə maddi texniki baza gücləndirilir, təhsilin səviyyəsi artır. Bu, bizi çox sevindirir. Lakin tələbə yataqxanalarının azlığı valideynlər və tələbələr üçün müəyyən çətinliklər yaradır. Gəncə şəhərinin girişində məcburi köçkünlər üçün tikilmiş böyük şəhərcik mövcuddur. Keçmiş məcburi köçkünlər öz rayonlarına köçürüldükdən sonra bu binaların tələbələrin ixtiyarına verilməsi mümkün olacağı təqdirdə, Gəncədə təhsil alan tələbələrə çox böyük dəstək vermiş olarıq. Cənab Baş nazir, xahiş edirəm, bu təklifimin araşdırılmasına dair göstəriş verəsiniz”.
Naqif Həmzə Gəncənin bəzi yaşayış məntəqələrində içməli suyun keyfiyyətinə də diqqət çəkib: “Gəncə şəhərində Balabağban, Böyükbağban və Totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür. Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm, su anbarlarının və filtirlərinin yenilənməsi, seçicilərin içməli su probleminin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinə dəstək olasınız”.
Alpər TURAN