Medianews.az
Ali Rəhbər vəzifəsi uğrunda MÜBARİZƏ: <span style=color:red>Xameneinin varisi KİM OLACAQ? - FOTOLAR
603 baxış

Ali Rəhbər vəzifəsi uğrunda MÜBARİZƏ: Xameneinin varisi KİM OLACAQ? - FOTOLAR

Bir neçə gün bundan öncə mediada İranın 85 yaşlı Ali Rəhbəri Seyid Əli Xameneinin gizli toplantı keçirməsi, oğlu Müctəba Xameneini varis seçməsi barədə xəbərlər yayılıb. İddialara görə, ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsi məlum olduqdan az sonra Xamenei İranda ali rəhbəri seçən qurumun - 88 ruhanidən ibarət Dini Ekspertlər Şurasının üzvləri ilə görüşüb. Onun həmin görüşdə etdiyi çıxışın əsas hissəsi ölkənin gələcək ali rəhbərinin müəyyənləşdirilməsi mövzusuna həsr olunub. Bəzi iranlı təhlilçilər bu toplantını və çıxışını "vida xütbəsi" kimi qələmə veriblər. Ehtimallara görə, Seyid Əli Xamenei bu yolla Şura üzvlərinə açıq mesaj verib ki, ondan sonra oğlu Müctəba Xameneini İranın Ali Rəhbəri postuna seçsinlər. Bu iddialar nə dərəcədə əsaslıdır? Seyid Əli Xameneinin öz oğlunu illərdən bəri Ali Rəhbər vəzifəsinə hazırladığı doğrudurmu? Ekspertlər Şurasının onu bu posta seçməsi nə dərəcədə realdır? Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Əli Xamenei 1981-1989-cu illərdə İranın üçüncü prezidenti, 4 iyun 1989-cu il tarixdən bu yana isə İranın Ali Rəhbəridir. Onun sözlərinə görə, İranın ilk Ali Rəhbəri 1979-cu il dekabrın 3-dən 1989-cu ili iyunun 3-ə qədər Ruhullah Mustafavi Musəvi Xomeyni olub: "İran Konstitusiyasının 8-ci fəslində ali rəhbər və rəhbərlik institutuna dair müddialar təsbit olunub. Orada ali rəhbərlərin digər siyasi rəsmilərdən, xadimlərdən fərqləndirilən xüsusiyyətləri göstərilir. Həmin müddəalara görə, ali rəhbər olmaq istəyən şəx cəmiyyət tərəfinən qəbul edilən, yüksək dini bilgiyə sahib şəxs olmalıdır. Yəni, onun fətva, hökm vermək gücündə elmi olmalıdır. İranda bu kefiyyətləri özündə əks etdirən din xadimləri az deyil. Məsələn, çoxlu sayda ayətullahlar var ki, onlar indiki rejmi, Əli Xameneini tənqid edirlər. Onlar İsalm dininin bu rejim, mövcud hakimiyyət tərəfindn gözdən salındığını deməkdən çəkinmirlər. Bu ayətullahlar, din xadimləri cəmiyyət tərəfindən qəbul olunur və sevilirlər. Amma ayətullah, yəni ali rəhbər, vilayəti-fəqih din xadimliyindən, dini liderlikdən daha çox siyasi lider, dövlət başçısıdır. Ona görə də burada dini bilgilərlə yanaşı, həm də siyasi iradə, dövlət başçılığı keyfiyyətləri, hakim komandanın onu qəbul etməsi, xüsusən SEPAH-ın və təhlükəsizlik qurumlarının, ordunun buna müsbət yanaşması kimi məsələlər vacibdir". Siyasi şərhçi deyib ki, indiki halda Əli Xamenei ölkədə avtoritetdir: "Onu hakim komandadakı müxtəlif siyasi qruplar birləşdirici amil və qüvvə kimi qəbul edir. Eyni zamanda ordu və SEPAH da onu qəbul edir. O, heç bir təşkilatsız, siyasi qruplaşmasız təkbaşına bir avtoritetdir. Daha çox o, qəbul olunur. Düzdür, hakimiyyət xaricində müxtəlif dini liderlər, siyasi rəhbərlər Xameneini tənqid edirlər, bununla belə, onunla birlikdə fəaliyyət də göstərirlər. Xameneinin varis məsələsi isə yeni hadisə deyil. Bu məsələ az qala 1989-cu ildən qüvvədədir. Vaxtilə Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi də bu vəzifəyə iddialı göstərilirdi. Hətta keçmiş prezident Həsən Ruhani belə, Dini Ekspertlər Şurasına üzv olmaqla, perspektivdə İranın Ali rəhbəri vəzifəsinə gəlmək istəyirdi. Bu da onu göstərir ki, İranda bu vəzifəyə gəlmək istəyən dövlət və hökumət başçıları, siyasi və dini liderlər var. Məsələn, Ayətullah Məhəmməd Mehdi Mirbağerinin adı da bu istiqamətdə çəkilir. Lakin bu istiqamətdə ən çox adı hallanan Əli Xameneinin oğlu Müctəba Xameneidir. Bəzi iddialara görə, Xameneinin tapşırıqlarına nəzarəti də bilavasitə o nəzarət edir və həyata keçirir. Hakimiyyət daxilində müəyyən dairələr onu qəbul edirlər. Ehtimal olunur ki, perspektivdə o, Xameneinin yerinə keçəcək". S.Soltan vurğulayıb ki, İranda Dini Ekspertlər Şurası əsasən Xameneinin tərəfdarlarından ibarətdir: "Məsələn, Həsən Ruhani kimi dövlət xadimlərinin, siyasi fiqurların bu məclisə düşməsinə icazə verilmədi. Daha doğrusu, onlar, heç seçkiyə də buraxılmadılar. Bu məclis üzvləri xalq tərəfindən, ümumxalq səsverməsi yolu ilə seçilir. Nəzərə alsaq ki, Dini Ekspertlər Şurası Xameneinin tərəfdarlarından ibarətdir, o halda əgər Müctəba ayətullah səviyyəsinə qədər yüksələrsə, onun nəzəri olaraq Şura tərəfindən ali rəhbər postuna təyin olunması mümkündür. Amma onu da nəzərə almaq lazımdır ki, İranda hazırda Prezident Məsud Pezeşkiandır. Pezeşkian türkdür və onun da nüfuzundan istifadə etməklə, perspektivdə Müctəba Xameneinin ali rəhbər postuna gətirilməsi mümkündür. Ümumiyyətlə İranda Ali Rəhbərlik institutu indiki şəraitdə rejmin qalması, yaşaması üçün vacibdir". Siyasi şərhçinin qənaətincə, əgər İranda digər ali rəhbər və rəhbərlik institutu qalmazsa, o halda ölkədə dərin Konstitusiya islahatı keçirilməlidir: "Bu, ali rəhbərliyin ləğvi, onun səlahiyyətlərinin prezident, parlament və məhkəmə sistemi arasında bölüşdürülməsidir. Bu istiqamətdə fikir söyləyənlər var. Amma hazırda İranda daha çox qüvvə indiki rejimin qalması istiqamətində fəaliyyət göstərir. İran hakimiyyətinin gələcəyi həm də HƏMAS-İsrail, “Hizbullah”-İsrail, husilər-İsrail qarşıdurmalarının nəticələrindən aslıdır. Bu qarşıdurmada İran yönlü tərəflərin istəkləri reallaşacağı halda Tehran rejmi ömrünü uzada bilər. Əks halda, Tehran hakimiyyətinin daxilində çox ciddi qarşıdurmalar ola bilər. Bu, istisna deyil. İkinci bir hal isə Tehran hakimiyyətinin ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmasından asılıdır. Bu da mövcud rejimin indiki və perspektiv legitimliyi üçün təminat ola bilər”. Nailə QASIMOVA

Bizə qoşulun