Türk Hava Yollarına məxsus Dalamandan İstanbula uçan təyyarədə baş verən insident sərnişinlər arasında gərgin anlar yaşadıb.
Medianews.az xəbər verir ki, uçuşdan əvvəl su istəyinin yerinə yetirilməməsinə əsəbiləşən 70 yaşlı qadın sərnişin kabin heyəti ilə mübahisə edib, nəticədə polis müdaxilə etmək məcburiyyətində qalıb.
Hadisə mayın 25-də baş verib. Məlumata görə, qadın sərnişin təyyarə havaya qalxmamışdan əvvəl kabin heyətindən su istəyib. Təhlükəsizlik qaydalarına əsasən həmin anda xidmət göstərilə bilməyəcəyi bildirildikdə isə sərnişin buna sərt reaksiya verib.
Qadının ekipaja qarşı yüksək səslə danışdığı və “Mən bu ölkəyə dollar gətirdim. Siz mənə xidmət etməlisiniz. Bu işçilərin hamısı işdən çıxarılacaq. Mən 50 ildir əczaçıyam” dediyi bildirilir.
Mübahisə səbəbindən təyyarənin uçuşu bir müddət gecikib. Gərginliyin artmasından sonra hava limanına polis çağırılıb. Təyyarəyə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişini sakitləşdirməyə çalışıb və hadisəyə müdaxilə edib.
Yayılan görüntülərdə polisin sərnişinə qarşı təmkinli və nəzarətli davrandığı görünür.
Hadisədən sonra həmin sərnişinin Türk Hava Yollarının “qara siyahı”sına salındığı açıqlanıb.
Medianews.az