“Tehranla Dehlinin arası dəyib. Buna səbəb İranın ali dini lideri Əli Xameneinin Hindistanda müsəlmanların sıxışdırıldığını söyləməsi səbəb olub. Bu açıqlamaya qədər münasibətlərdə gərginlik yox idi. Əksinə, Hindistan İrandan neft idxalını artırmaqla yanaşı, bu ölkənin əsas limanlarından birinə sahiblənib. Buna baxmayaraq, ali dini liderin açıqlaması Hindistan Xarici İşlər Nazirliyinin sərt bəyanatına səbəb olub”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, münasibətlərdə bu gərginlik iki ölkənin “Şimal-Cənub” nəqliyyat dəhlizini genişləndirilməsi çalışmaları dövrünə təsadüf edib.

Politoloqun qənaətincə, Tehran Dehli ilə münasibətlərin gərginləşməsinin qarşısını almağa çalışacaq: “Qərbin ağır sanksiyaları altında olan İranın Hindistanla iqtisadi əlaqələrə və ortaq layihələrə ehtiyacı var. Bundan başqa, İran və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatında, BRİCS-də bir yerdə olacaqlar. Bu təşkilatlar çərçivəsində əməkdaşlıq Tehran üçün əhəmiyyətlidir. İran-Hindistan münasibətlərində gərginlik Rusiyanın da maraqlarına ziddir. Ona görə Kreml iki ölkə arasında gərginliyin böyüməsinə imkan verməməyə çalışacaq”.

E.Şahinoğlu hesab edir ki, Əli Xameneinin Dehlinin siyasəti ilə bağlı qəzəbinə səbəb olan əsas amil Hindistanın İsraillə yaxınlığıdır: “Əli Xamenei müsəlman və İrana tərəfdaş ölkələrdən İsraillə əlaqələri kəsməyi tələb edir. Hindistan hökuməti isə əksinə son illərdə İsraillə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirib. Hindistan İsraillə birgə hərbi texnika da istehsal edir. İranın ali dini liderini əsas narahat edən budur. Ancaq Dehli Tehranın istəyi ilə İsraillə sıx əməkdaşlıqdan imtina etməyəcək”.
Turan ORUC