Məişət zorakılığına, fiziki-mənəvi işgəncəyə, təzyiq və təhdidə məruz qalan qadınlar, eyni zamanda uşaqlarla bağlı mövzular mediada mütəmadi gündəmə gətirilir. Əksər hallarda elə təəssürat yaranır ki, zərərçəkən tərəf yalnız qadınlar və uşaqlardır. Halbuki, bu, belə deyil.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) açıqladığı məlumata görə, 2024-cü ilin ilk səkkiz ayı ərzində komitəyə məişət zorakılığı ilə bağlı 383 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanlardan 30-u kişi, 346-sı qadın, 280-i uşaq olub.

Düzdür, statistika məişət zorakılığına məruz qalanlar arasında qadınların və uşaqların daha çox olduğunu nümayiş etdirir. Amma fakt budur ki, məişət zorakılığına məruz qalan kişilər var. Bu da heç kimə sirr deyil ki, məişət zorakılığına məruz qalan, hətta arvadı, arvadının qohumları tərəfindən döyülən kişilərin sayı heç də bu statistikada olduğu kimi az deyil. Lakin bir çox hallarda onlar səslərini çıxarmırlar. Maraqlıdır, niyə?
Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Şirin Məmmədli mövzu ilə bağlı Medianews.az-a bildirib ki, cəmiyyətimizdə ümumən şiddətin olmaması deyil, bu şiddətin kimə yönəldiyi daha çox müzakirə edilir.

O təəssüflə qeyd edib ki, bəzi kişilər üçün məruz qaldıqları şiddəti ictimailəşdirmək utancverici hadisə hesab olunur: “Şiddət hər zaman ən önəmli mövzulardan biridir. Kişilərin bu mövzunu aktuallaşdırmamasının birinci səbəbi cəmiyyətdə qəbul edilmiş bir kişi obrazı ilə bağlıdır. Sözügedən obraz daha çox özünütəsdiq və güc üzərində qurulduğu üçün şiddəti işıqlandırmaq onun üçün yad və utancverici bir vəziyyətdir. O səbəbdən kişilər şiddəti gizli tutmağa çalışırlar. Qadınlar arasında dava olarkən onun polisə gedib çıxma ehtimalı çoxdur, amma kişilər bunu öz aralarında danışıb həll etməyə daha çox meyillidirlər. Əslində eqosuna görə, heç kəsə deməməyi də anlaşılandır. Bu, onun cəmiyyətdə qəbul edilmiş rolundan irəli gəlir. Statistik göstəricilər aşağı olsa da, əslində cəmiyyət olaraq şiddət problemini həll etmək istəyiriksə, fərq qoymamalıyıq. Şiddət görənlər etiraz etməlidirlər”.
AQUPDK-nin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova mövzu ilə bağlı Medianews.az-a söyləyib ki, Komitəyə müraciət edən hər bir şəxsin müraciətinə ayrı-seçkilik olmadan həssas yanaşılır.

O, ölkəmizdə zorakılıq halları ilə əlaqədar Komitəyə edilən şikayətlərin necə araşdırılmasına, həll edilməsinə də aydınlıq gətirib: “Komitəyə daxil olan hər bir müraciət dərhal nəzarətə götürülür, zərərçəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə işi həyata keçirilir. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərərçəkmiş şəxsin yaşadığı yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda, həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Məişət zorakılığı ilə bağlı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir, dərhal zərərçəkmişə 60 günədək qısamüddətli mühafizə orderi verilir”.

AQUPDK rəsmisinin sözlərinə görə, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli orderin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir: “Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir. Həmçinin zərərçəkmiş şəxslər dövlət vəsaiti hesabına hüquqi, tibbi yardımla, sığınacaqla təmin edilirlər. Habelə digər sosialyönlü tədbirlər də həyata keçirilir. Hazırda məişət zorakılığından zərərçəkmişlər üçün bir dövlət, səkkiz qeyri-dövlət olmaqla, doqquz yardım mərkəzi fəaliyyət göstərir”.
Ayşən RƏHİM
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.