Prezident İlham Əliyevin tapşırığına əsasən, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Pambığın qiymətlərində artımın iqtisadiyyatımıza təsiri ilə Medianews.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, pambığın alış qiymətinin artırılması gözlənilən idi:
“İqlim şəraiti dünya bazarında pambıq istehsal həcmlərinin azalmasına səbəb olub. Bunun nəticəsində də pambıq qiymətləri kifayət qədər artıb. Bəzən 30 faizə qədər bahalaşmanın olduğunun şahidi oluruq. Belə məqamda Azərbaycanda da məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması qərarı tam normal haldır. Bu, bazarın yaratdığı tendensiyadır, elə 50 manat qaldırılmalı idi. Dünya bazarında pambığın qiyməti daha çox artıb”.
Ekspert qeyd edib ki, pambıq sahəsinin azaldılması normal haldır:
“Azərbaycanda istehsal olunan pambığın həcmində müxtəlif zamanlarda dalğalanmalar olub. Məsələn 2020-ci ildə 336 min ton pambıq istehsal olunub. O zamanlar xətt artmağa davam edirdi. Lakin bu rəqəm 2021-ci ildə azalmağa başlayıb. Həmin il 286,7 min ton pambıq istehsal olunub. Məhsuldarlıq heç 29 sentinerə çatmayıb. Bu, dünya göstəriciləri ilə müqayisədə əskik göstəricidir. Əkin sahələrinin həcmi də əvvəlki illərlə müqayisədə azalıb. Məsələn, 2018-ci ildə 132 min hektardan artıq pambıq əkilmişdisə, 2021-ci ildə 100 min hektardan bir qədər çox pambıq əkilib. Bu da tam normaldır. Çünki pambıq ərzaq təhlükəsizliyində rol oynayan məhsul deyil. Dünyada qıtlıq müşahidə olunduğu üçün ərzaq təhlükəsizliyində birbaşa rol oynayan məhsulların sahələrinin genişləndirilməsi daha zəruridir”.
Xanlar Əlibəy
Medianews.az