Son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti və digər hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxslərə qarşı apardığı əməliyyatlar fonunda “yeni nəsil” kadrlardan olan bir çox şəxsin həbs edilməsi müşahidə edilməkdədir. Hansı ki, baş verənlər “yeni kadrlar”ın Prezidentin etimadını doğruldacağı, dövlət qurumlarının fəaliyyətinə yeni nəfəs və optimallıq qazandıracağı ilə bağlı ictimai rəydə mövcud olan fikirlərin kifayət qədər əsassız olduğunu üzə çıxmağa başlayıb. “Yeni nəsil” kadrların rüşvət və korrupsiya səbəbi ilə həbsi bir daha onu göstərir ki, əslində etimadının doğruldulması məsələsi insanın şəxsi keyfiyyətləri ilə bağlı olan bir məsələdir və bu məsələdə hansısa kadrın “köhnə” və ya “yeni nəslin” nümayəndəsi deyə kateqoriyaya ayrılması mahiyyət etibarı ilə heç nəyi dəyişmir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Qulu Məhərrəmli, cəmiyyətdə və dövlət qurumlarında sağlam mənəvi mühitin yaradılmasının vacibliyinə diqqət çəkib:
“Gömrük Komitəsində baş verənlərlə bağlı uzun illərdi cəmiyyətdə formalaşmış fikir var. Yəni heç xüsusi yoxlama aparılmadan da bu qurumda baş verənlər barədə mətbuatda, sosial şəbəkələrdə faktlara söykənən kifayət qədər materiallara rast gəlinir. Çünki nə qədər qapalı qurum hesab edilsə belə minlərlə iş adamı, sahibkar idxal-ixrac əməliyyatları zamanı qurumun bu və ya digər rəsmisi ilə təmasda olur və baş verən müsbət və mənfi olaylar anında ictimailəşir. Ona görə də təkcə gömrükdə deyil, digər dövlət qurumlarında da, hətta ən qapalı qurum hesab edilən Müdafiə Nazirliyində belə baş verən bir çox olayları ictimaiyyətdən gizlədə bilmirlər.
Gömrük Komitəsində baş verənlər bir daha deyilənlərə nümunədir. Bu gün bəzi insanlar müxtəlif dövlət qurmlarında ona görə vəzifəyə can atır ki, orada pul əldə etmək, qanunsuz varlanmaq imkanı mövcuddur. Proseslər onu göstərir ki, dövlət qurumlarının idarəetmə fəlsəfəsinə ciddi əl gəzdirilməlidir.
Təbii ki, etimadın doğruldub-doğruldulmaması “yeni-köhnə” kadrlarla bağlı məsələ deyil. Bu, hər bir vəzifə adamının vicdan və peşəkarlıq məsələsidir. Bu, hər kəsin öz işinə necə yanaşdığını göstərən barometrdir. Hesab edirəm ki, dövlət qurumlarında təmiz mənəvi mühitin yaradılmasına ciddi ehtiyac var. Çünki bu qurumlar dövlətimizi təmsil edir. Dünya bizi daha çox bu qurumların vasitəsi ilə tanıyır.
Bu gün ölkədə belə bir tendensiya mövcddur, hər hansı bir vəzifə adamı vəzifədən azad ediləndə insanlar bunu toy-bayram kimi qarşılayır. Hər bir vəzifə adamı bilməlidir ki, artıq dövr dəyişib, rüşvət və korrupsiya ilə işləmək dönəmi başa çatıb. Vəzifədə olan şəxs yüksək maaş ala bilər. Lakin rüşvət almamalıdır. Dövlətin ona göstərdiyi etimadı əməli ilə doğrultmalıdır.
Hesab edirəm ki, dövlət qurumlarında yeni mexanimzlər yaradılmalı, vətəndaş məmnunluğuna xidmət edən təmiz mənəvi mühit, yeni münasibətlər sistemi formalaşmalıdır. Belə olarsa, biz o zaman ənənəvi mənzərənin dəyişdiyinə şahid olacağıq”.