Rusiya ilə Ukrayna arasında müharibə aylardır davam edərkən, dünən Almaniyada görüşən G7 ölkələrinin liderləri diqqətəlayiq bir mesaj verib.
Medianews.az xəbər verir ki, üç günlük G7 Sammitinin ilk günündə Bavariyada bir araya gələn və mətbuat mənsubları ilə üz-üzə gələn liderlər Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini ələ salıblar.
Fotosessiya zamanı Böyük Britaniyanın baş naziri Boris Conson onlara pencəklərini çıxarmaq və hətta soyunmaq lazım olub-olmadığını soruşduqda, Kanadanın baş naziri Castin Trüdo “ayaqyalın minməliyikmi?” deyə bildirib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə “bəli, at sürmək ən yaxşısıdır” deyə cavab verib.
Liderlər bu çıxışları ilə Rusiya prezidenti Vladimir Putinin keçmişdə Rusiya dövlət agentliyi tərəfindən təqdim edilən fotolarını ələ salıblar.
Liderlərin bəziləri pencəklərini, bəziləri isə qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açıblar.
Onu da əlavə edək ki, fotosessiya zamanı Consonun “biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsindən sonra liderlər gülüb.
Leyla, Medianews.az