Ötən minilliyin axırıncı əsrinin son illərindən biri idi, dünyaca məşhur milyarder Corc Soros Bakıya gəlmişdi. O vaxtlar onun adı hələ pis çıxmamışdı, xeyriyyəçi kimi tanınırdı, deyirdilər, kasıb ölkələrə kömək edir.
Elə bir vaxt idi ki, dövlət olaraq əlimiz aşağı, millət olaraq dilimiz gödək idi. Hələ neft milyardları büdcəyə axmamışdı və BVF-dən, Dünya Bankından borc istəyirdik ki, özümüzə gələk. Belə bir zamanda milyarder Soros öz ayağı ilə ölkəmizə gəlmişdi.
Dövlət rəhbərliyi onunla görüşdə misterin ağzını aradı ki, görsün, cənabdan bir şey çıxırmı. Fəqət Corc müəllim özünü o yerə qoymadı, dedi, özünüzün pulunuza nə gəlib. İçimiz özümüzü, çölümüz Sorosu yandırırdı, anlaşılan.
O vaxtlar gerçəkdən də dövlətin pulu az idi, əvəzində dövlətin kasıb büdcəsini yetim buzov kimi əmənlərin pulu çox idi və yavaş-yavaş soraqları ora-bura yayılırdı.
Xüləs, Corc Soros o vaxt bizə pul vermədi. Bəs o boyda ser atıla-atıla Bakıya nəyə gəlmişdi? Gümanlar belə idi ki, o da neft iyinə, özəlləşdirmə çeki alıb, buruq sahibi olmağa gəlib. Bəlkə də msiter sırf saf niyyətlə gəlmişdi, amma nainsaf hərəkət elədi.
Sonra, 2000-ci illərdə Bakıda BMT-nin bir xüsusi nümayəndəsi vardı, adı Paolo Lemboydu (Remboya görə adı yadda yaxşı qalıb). O, ölkəmizdə xüsusi iqtisadi zonalaar yaratmaq fikrindəydi. Bir dəfə brifinq zamanı jurnalistlər ona BMT-nin Azərbaycana maddi yardım edib-etməyəcəyini soruşmuşdular, mister Lembo da qırmızı-qırmızı demişdi ki, özünüzün pulunuza nə gəlib, Bakıda “Çeroke” markalı ciplər Vaşinqtondakından çoxdur.
Bax, onda da adı pullu oliqarx kimi çıxanlarımızın üzündən BMT-dən pul ala bilmədik.
Sonrakı illərdə ölkəyə konteyner-konteyner pul gəldi, daha heç kəsdən borc istəmidk, paxıllıq soroslara, lembolara qaldı. Hətta sonralar bizim pullularımız bir az qabağa, Avropaya sarı getdilər, aparıb varlı ölkələrə maya qoymağa başladılar.
Hazrda özünə hörmət qoyan elə bir pullu məmur yoxdur ki, Avropada malı-mülkü, biznesi olmasın. Türkiyədə küçəni diricə alanlar var, adına “sitə” deyirlər. Bir dəfə onlardan çox da tanınmayan birinin Bodrumda yan-yana tikilmiş 8-10 villanı birdən alması barədə mediada xəbər çıxmışdı. Biz də yazmışdıq. Ertəsi gün villaları alan qadının oğlu redaksiyaya zəng vurub yekə-yekə danışırdı: “Hansı haqla yazmısız? Almışıq, yaxşı eləmişik, sizə nə var? Cavab verəcəksiz”- zad. Axırda onunla telefonla danışan Mahir Məmmədli nerviləndi, dedi, ay lələ, qadan alım, bir dayan e, bəyaxdan bəri elə danışırsan, elə bil, Bodrumda sitəni mənim mamam alıb.
Adamın səsi kəsildi, söhbət bitdi.
Sonra elə xəbərlər çoxaldı. Məlum oldu ki, varlı adamlar ölkənin pulunu xurcun-xurcun, keys-keys daşıyıb aparırlar “azad ölkələr”ə, orda iş qururlar, mülk alırlar.
Düzdür, həmin adamların burda da böyük varidatı var, amma burdakı sərvətə etibar yoxdur, vəzifə əldən gedəndən sonra müsadirə qorxusu, mülklərin başqaları tərfindən məngirlənməsi təhlükəsi, biznesin çökdürülməsi riski var. “Azad ölkələr”də isə qəti qorxusu yoxdur, Teymur əmi demişkən.
İndi belə aydın olur ki, əcnəbilərə də etibar qalmayıb. Onlar da, türkün sözü, nə yapıb-edib başqa ölkədən gələn milyonçunun pullarının dalına keçirlər. Bu işə baxan hakimlər əmioğlu deyil, dayoğlu deyil, öz dillərində qart-qurt edib, adamı haqsız çıxarır, deyirlər, bu, çirkli puldur, yumağa gətirmisən, bizə qalmalıdır.
Bunlar belədir, “Ögey ana” filmindəki İsmayıl kimidirlər, hamını saçını dartışdırırlar. Əsrin əvvəllərində milyonçu Musa Nağıyevin milyonları İsveçrə bankında qalmışdı, indi Allah bilir, artıb neçə milyard olub, amma elə oralardaca fırlanır, nə varisi var, ona qaytarsınlar, nə də ölkəsinə qaytarırlar.
Budur, deputat Feyziyevin də başına elə bir iş gəlib. Hərçənd cənab deputat deyir, elə deyil, pulun çox hissəsinin üstündən həbs götürülüb, az bir hissəsi, beşcə milyonu şübhəlidir.
Ağsaqqalın açıqlamasını oxuyanda görürsən ki, heç də hər şey fəci deyil, ingilislər onun pulunun hamısına əl qoymayıblar. Yenə yaxşıdır, it aparanları olsun, sağ yeməsinlər, Biq Benləri çöksün, restavrasiyasına xərcləsinlər, o Gözəgörünməzdən istəmişəm.
Amma cənab deputat bu haqq-hesabın üstünə işıq salanlar haqqında “məhkəmənin qarşısında sülənirdilər” deyərkən haqlı deyil. Adama deyərlər, bəs sən özün orada nə gəzirsən, milyonun var, apar Hacıqabulu dirçəlt dəə.