Qolu arxadan qandallanmış sabiq naziri 8 əməkdaşın işlədiyi otağa salanda iki çavuşdan ibarət konvoyun rəisi olan kapitan hansı prosedurun keçiriləcəyini bir daha elan etdi. Əslində artıq dünəndən hamının xəbəri vardı ki, sabah sabiq naziri otaq-otaq gəzdirəcək və üzünə tüpürtdürəcəklər. Bu, onun uzun illər sürən zalımlığının cəzası kimi düşünülmüşdü.
(Bir qədər bəzənmiş sənədli anektod)
Sabiq nazir əzik, yazıq gündəydi. Kapitan “başlayın” əmri verəndə əməkdaşlar yerlərindən qalxdılar, sıraya durdular. “Qazanaçdı”nı otağın hamıdan yaşlısı edəcəkdi. O, “topa ilk zərbəni” vurmaq üçün sabiq nazirə yaxınlaşdı və edəcəyi hərəkətin prelüdü, bir az da psixoloji əsaslandırması olaraq qısa çıxış etdi:
– Bizə nə zülmlər etdiyin yadındadırmı, a dəyyus? Var-yox qoymurdun… dərimizi soyurdun… Anama söydüyün yadındadır? Hələ dedim, söymə, anam xəstədir, yenə söydün. Tfu, sənin o murdar sifətinə!
O, bunu deyib, hayxırtı ilə sabiq nazirin üzünə tüpürdü və gec də olsa xəstə anasının qisasını aldı.
Kapitan yerdə qalanlara xəbərdarlıq etdi:
Xahiş edirəm, ta heç kəs burda tost deməsin. Sizdən sonra 35 adam var. İki kəlmə ilə mövqe bildirin, işinizi görün.
Sıradakı əməkdaşlar sözə qulaq asdılar, metro turniketindən keçirmiş kimi bir-bir yaxınlaşdılar, sabiq nazirin üzünə tüpürdülər və keçib yerlərində oturdular. Bəziləri bunu lap ürəkdən etdi.
Birdən qapı açıldı, içəriyə tösmərək bir mayor girdi, kapitana dedi ki, vacib iş dalınca gedir, ona növbədənkənar şərait yaratsınlar və bu şəxsiyyətsizin üzünə tüpürüb getsin.
Kapitan anlayış göstərdi, adamın vacib işi var, insanlıq halıdır, nə demək olar.
Sabiq nazir isə tösmərək mayora qəzəblə baxdı:
– Sənə o qədər yaxşılıq eləmişəm, sənin mənə tüpürmək haqqın yoxdur, Rədd olub gedəydin də, gərək bura girəydin?
Növbədənkənar və eksklüziv tüpürmək hüququ qazanmış mayor sabiq şefinə yaxınlaşdı və tüpürcəyini düz onun gözünə tuşladı. Ancaq sabiq nazir cəld tərpəndi və başını qaçırdı deyə, tüpürcək kütləsi yan keçdi. Mayor bu durumla razılaşmadı. Penalti vurduğu zaman qapıçının yerindən tərpəndiyini iddia edib zərbəni təkrarlamaq istəyən furbolçular kimi dirəşdi, kapitandan aktı təkrarlamaq icazəsi aldı və bu dəfə hədəfdən yayınmadı. Sabiq nazir də ona sərrast tüpürdü. Tüpürüşmə dueli heç-heçə başa çatdı.
Kapitan sabiq nazirə xəbərdarlıq etdi ki, bir də belə hərəkət etsə, ağzına skotç vuracaqlar.
– Halal eləmirəm, – sabiq nazir qapıdan çıxmaqda olan mayorun dalınca qışqırdı.
– Cəhənnəmə elə, qurumsax! – dəsmalı ilə üzünü silən mayor dedi və qapının dalında görünməz oldu.
Onun hərəkəti də, axırıncı sözü də sabiq nazirin qəlbinə toxundu.
Növbəti otaqda prosedur rəvan getdi, heç bir ekstess olmadı. Adamlar yaxınlaşdılar, bacardıqları qədər nazirin üzünü bəzədilər. Bir neçə nəfər iki dəfədən çox tüpürmək hüququ tələb etdi. Kapitan onlara şərait yaradaraq dedi:
– Tüpürməkdə məhdudiyyət yoxdur. Sadəcə, vaxt çatışmazlığı var. Hamı tüpürməlidir.
Növbəti otaqda da belə oldu. Yalnız bir gənc əməkdaş kapitandan icazə istədi ki, tüpürməsin, tüpürcək görəndə ürəyi bulanır. Kapitan ona izah etdi ki, mümkün deyil, bu prosedur rəhbərliyin nəzarətindədir, aksiyadan kənarda qalanların adı qara siyahıya düşə bilər.
– Heç bilirsən, buna görə sənə və mənə nə edərlər? – Kapitan öz sualına özü cavab verdi: – Sənin də üzünə tüpürərlər, mənim də.
Gənc əməkdaşın əlacı kəsildi. Hər halda, öz üzünə tüpürülməkdənsə, başqasının üzünə tüpürmək daha az ürəkbulandırıcıdır. O da sabiq nazirə yaxınlaşdı, gözünü yumdu, dodağını tüpürürmüş kimi büzdü, “tfu” dedi, gəlib yerində oturdu. Sabiq nazir onun hərəkətindən məmnun qaldı, ürəyində “insanlıq ölməyib” deyə düşündü.
Qadınlar işləyən otaqda prosedur zamanı yüngülvari insident oldu. Sabiq nazirlə arasının yaxşı olduğu deyilən xanım əməkdaş öz “borc”unu yerinə yetirmək üçün qətiyyətli addımlarla ona yaxınlaşanda sabiq nazir dostu Brut tərəfindən bıçaqlanan Sezar roluna girdi və astadan:
– Sən də, aaz?, – deyə dilləndi və əlavə etdi: – Get, o sənə aldığım maşını sürən oğraş ərinin üzünə tüpür e.
Xanım bərk hiddətləndi, görünür, ərinə toz qondurmayanlardan, söz dedirtməyənlərdən idi. O, təkcə tüpürməklə qalmadı, eyni zamanda sağ əli ilə sabiq nazirin sol sifətinə şillə çəkmək istədi, ancaq əlinin tüpürcəyə batacağını nəzərə alaraq vaz keçdi, dodağının altıda üç dəfə “oğraş, oğraş, oğraş” deyə sabiq nazirin talağını verdi, bütün münasibətlərə birdəfəlik son qoydu.
Nəhayət, prosedur müvəffəqiyyətlə başa çatdı. Kampaniyanı sabotaj edən, kənarda qalan olmadı. Hətta qripli xəstələrə də şərait yaratdılar. Sabiq nazir çox pərişan oldu. Hiss olundu ki, o, bir müddət əvvələ qədər rəhbərlik etdiyi kollektivdən belə hərəkəti gözləmirmiş. Üzüpürücəkli sabiq naziri əl-üz yuyulan otağa da aparmadılar, təkadamlıq kameraya yerləşdirdilər.
İşini vicdanla yerinə yetirmiş kapitan yeni birinci müavinə raport verdi:
– Tərəfimdən bütün şəxsi heyətin sabiq nazirin üzünə tüpürməsi aksiyası uğurla başa çatdırılmışdır!
Daha sonra o, ertəsi gün sabiq nazirin dalına təpik vurulması aksiyasının keçirilməsini məqsədəuyğun saydı, ancaq birinci müavin razılaşmadı:
– Özbaşınalıq olmaz. Görək, nə məsləhət edirlər.