Bəşər əhli artıq Bill Qeytsin yaxasını buraxıb, indi də İlon Maskı ənsələyib. O səbəbdən ki, hazırda dünyanın ən varlı adamı cənab Qeyts deyil, son 3-4 ildə İlon Mask və Ceff Bezos kimi fəndgir gənclər onu var-dövlətdə xeyli üstələyiblər.
Bu, o demək deyil ki, cənab Qeyts kasıblayıb, müflisləşib. Xeyr. Adamın sərvəti yenə 100 milyard dollar civarındadır. O da artıra-artıra gedir. İntəhası, Qeyts əliaçıq adamdır, dünyanın kasıb ölkələrində bir xeyli yetim-yesir saxlayır, oxudur. Adının bəşər əhlinə qarşı hansısa sui-qəsd söhbətlərinə qarışdığına baxmayın, elə deyil, adam hər il səhiyyə sferasına milyardlarla pul ayırır ki, əlacsız xəstəliklərə çarə tapılsın.
Ancaq “Tesla” şirkətinin böyüyü İlon Maskın parlamasından sonra Qeyts gündəmdən düşüb. Dünyanın ən öndə gedən nəşrləri artıq daha çox Maskdan yazırlar: “Mask bunu dedi”, “Mask kosmosa uçur”, “Mask arvadına üzük aldı”, “Mask uşaqlarını belinə mindirdi”, “Mask omlet hazırladı” və s. Bir sözlə, hazırda Maskın gərnəşməsi, öskürməsi, bu zaman əlini ağzına tutub-tutmaması, qulunc olması, hamısı xəbərdir.
Son günlərdə sözügedən cənabın sərvətinin 289 milyard dollara çatması barədə xəbərlərin yayılmasının ardından hansısa mərdiməzar oturub söyləyib ki, cənab Mask sərvətinin 2 faizini ayırsa, dünyanın aclıq çəkən insanlarının hamısı səfalətdən xilas olar.
İlon Mask da deyib ki, belədirsə, “Tesla” şirkətinin səhmlərini satmağa hazırdır.
İndi dünyanın hər tərəfində əsas sual budur ki, Mask niyə bəşəriyyəti aclıqdan xilas etmir, nəyi gözləyir bu alçaq kapitalist.
Hazırda dünyanın kasıb ölkələri gözünü İlon Maska dikib, oturub fikirləşirlər ki, adam 289 milyardı 2500 il xərcləsə bitməz, o qədər varidatdan 20-30 milyard ayırıb aclara yardım etsə, nə özünün gözünə görünər, nə də dünyada ac adam qalmaz.
Bunu dünya kasıbları ilə yanaşı, həmin ölkələrin tox və şişman məmurları da gözləyir, fikirləşirlər ki, Mask onların ölkəsinə çox yox, yarımca milyard pul versəydi, o pulun 5-6 milyonu ilə aclara bir-iki öynə sıyıq, borş, şorba verərdik, yerdə qalanını da uşaqların (özlərinin) təhsilinə, komfortuna xərcləyərdik.
Hamı Şimali Koreyanın lideri Kim Çen In kimi humanist deyil ha, aclara qara qu quşunun ətindən təamlar verilməsi barədə fərman imzalasın. Dünyada belə qanacaqlı, xalqcanlı rəhbərlər azdır, o birilər eyzən fikirləşirlər ki, görəsən, BFV yardım verərmi, bəlkə Corc Soros nəsə edər, Qeyts pulunu ancaq ünvanlı verir, ola bilər, Maskı sağmaq olar və s.
Yəni Nigeriyada, Zimbabvedə, Qvineya-Bisauda, Nepalda, Banqladeşdə, Siera-Leonedə, MAR-da, Erutreyada, Somalidə, Brundidə, Liberiyada, Konqoda və dünyanın digər ən kasıb ölkələrində məmurların “aclara çörək verək”, “kasıblara əl tutaq” kimi dərdləri yoxdur, prinsip belədir: “Başlı başını saxlasın” və “yedirdə bilməyəcəksən, əkib-doğub çölə tökmə”.
Heç onların dərdi o da deyil ki, Mask (Bezos, Qeyts, Baffet və b.) bunlara balıq tutub verməsin, eləcə balıq tutmağı öyrətsin və ləvazimat versin. Hətta o məmurlar dünya milyarderlərinin kasıblar üçün balıq vətəgələri yaratmalarını, orda balıq yetişdirmələrini, sonra tutub kasıblara pulsuz paylamasını da ummurlar, umurlar ki, milyarderlər onlara balıqçılıq təsərrüfatını inkişaf etdirmək üçün çoxlu pul versin, ondan sonra bunlar özləri bilərlər ki, o pulu necə xərcləyərlər.
Sanki Maskın və Bezosun qazandığı milyardlarda kasıb və ac ölkələrin hansısa haqqı var. O ölkələrin rəhbərlərinin, məmurlarının canları çıxıb xalqı dolandırmaqdansa, gözlərini xarici yardımlara dikirlər -sırf qamarlayıb mənimsəmək üçün.
O gün Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus da deyirdi ki, 23-25 milyard dollar pul olsa, koronavirus pandemiyası ilə mübarizə effektli olar. Anlaşılan budur ki, qəbrə qoyduğumuzun dərdi də müftə pul dərdidir, varlı dövlətlər bunun təşkilatına milyardlar versinlər, bu da öz bildiyi kimi xərcləsin.
Çox pulu olan dövlətlər və adamlar isə o qədər də sadəlövh deyillər ki, pullarını dələduzlara yedirtsinlər. Aclıq, səfalət çəkən, səhiyyədə, təhsildə geri qalmış xalqlar öz idarəedicilərindən çörək, dərman, məktəb tələb eləsələr daha yaxşı olar.
Maskın pulu isə elə çox göründüyünə baxmayın, kağızdır, səhmdir, rəqəmdir, bir də eşidəcəyik ki, Maskın varidatı 200 milyard dollar azalıb…