Belə anlaşılır ki, biz bu mövzuda hələ çox yazacağıq. Elə həftə olmur ki, kiminsə videosu, intim görüntüsü çıxmasın. Maraqlı və tirajlı mövzudur. Qədirbilən camaatımız bu mövzuda yazılan materialları gözünə təpir. Olur ki, xeyirdə-şərdə söhbət düşür, görürsən, millətin, dövlətin gələcəyi ilə bağlı son dərəcə mühüm yenilikdən çox adamın xəbəri yoxdur, amma telefonlarında şalvarsız görüntülənən istənilən kişinin və ya qadının videosu var.
Bu, təzə məsələ deyil. Bizdən qabaq başqa ölkələrdə də elə şeylər çox olub. İntim şəkillərlə, videolarla çox adamın karyerası baltalanıb, şantajla dili gödəldilib, ailəsi dağıdılıb. Necə deyərlər, bu siyasətin fitrətində var. Adi çilingərin və ya montyorun yüz dəfə şalvarsız videosu çıxsın, ajiotaj doğurmaz, uzağı cavan uşaqlar bir-birinə göndərər, “buna bax, ala, prikoldu” deyə “hi-hi-hi, ha-ha-ha” fırtınası qopararlar. Amma əsl fırtına bir vəzifə, siyasət adamının məhrəmanə ortamda görüntülənməsi zamanı qopur.
Elə çıxır ki, santexnikin, sürücünün şəxsi həyatı ola bilər, amma siyasət adamının ola bilməz. Adam siyasətçisdirsə, demək, həmişə farağat durmalıdır. Necə deyərlər, adam daima əlinə, belinə, dilinə sahib çıxmalıdır.
21 il əvvəl Rusiyanın Skuratov adlı baş prokurorunu saunada fatayla və iki çüvənəzənlə videoya çəkmişdilər, adam özünü “Pravda” qəzeti kimi cırırdı ki, mən deyiləm, mənə oxşayan adamdır. Filmi çəkənlər və çəkdirənlər də hirslənmişdilər, deyə bilmirdilər ki, ay alçaq, biz bilmirikmi kimi və niyə çəkirik, nə həyasız adamsan sən.
Söhbət çox uzandı. Məcbur oldular ki, intim süjetləri telekanallarda təkrar-təkrar nümayiş etdirsinlər. Lentin üzərində təhlillər aparılırdı: “Diqqət edin, profildən baxanda Yuri İliçə oxşamır”; “Seyrəlmiş saçı və fizionomiyası eynən Skurotovunkudur”; “Burada stop edin: məgər bu, baş prokuror deyilmi?; ”Bu adamı nəinki üzündən, hətta peysərindən də tanımaq olar” və s.
Axırda parlamentin dəstəyi ilə prezidentə dirəşən Skuratovu istefaya göndərdilər və məsələ bitdi: videolar yığışdırıldı, şəkillər arxivə getdi, söz-söhbət qurtardı… Zalım oğlu, bu istefa mərəti dərhal ver, canın qurtarsın də, gərək çılpaq cəmdəyini Kalininqraddan Şikotana (Kuril) qədər bütün rus xalqı (eləcə də postsovet məkanı) görəydi?
Bu xüsusda 5-6 il il əvvəl bir yumoristik hekayə yazmışdım. Bir şairin saunada qədim və həmişəyaşar peşə sahibələri ilə çimişə-çimişə şeir dediyi yerdə görüntüsü yayılır. Mediada mərəkə qopur. Adamın dostları, düşmənləri bir-birinə qarışır. Onu qınayanlar, məzəmmət edənlər, “biabırçılıq” adlandıranlar dil boğaza qoymurlar. Şair əvvəlcə özü də pisikir, nə edəcəyini bilmir. Dostlarından biri ona təsəlli verir, deyir, şair, dərd eləmə, bu elə məsələdir, bunu sən bilərsən, həyat yoldaşın bilər, qalan heç kəs qarışa bilməz. Bu yerdə şairin qafası “danq” eləyir, bay, axı Allahdan, subay adamdır və çıxıb açıqlama verir ki, belə gözəllərlə çimişmişəm, əcəb eləmişəm, kimə nə.
Bax, əsas məsələ də budur, belə deyə bilməkdir. Elə adam var ki, hətta həyat yoldaşı olsa da, o cür deyə bilər. Buna xüsusi inkişaf etdirilmiş həyasızlıq lazımdır, ifallı, mərifətli adam elə deyə bilməz. Amma üzü hər tərəfindən daha qırmızı olan şəxs deyər, hətta videoçəkənləri, onu yayanları, bu olaya şərh verənləri məhkəməyə verib, prosesi udar da.
Keçmiş vaxtlarda Avropada bu sayaq qurşaqdan aşağı zərbələrlə siyasi mübarizə aparmaq işi dəb olub, ona görə də “siyasət çirkli işdir” kimi aforizm meydana gəlib. Hazırda oralarda çox da şey eləmirlər. İndi heç homoseksuallıq da ayıb iş sayılmır. Ona görə də Avropanın şəhərləri, nazirlər kabinetləri “mavi” merlərlə, nazirlərlə dolub-daşır, təkrar-təkrar seçilirlər.
Buralarda isə hələ də adamların qurşaq nahiyəsinə videokamera tuşlayırlar.
İntim görüntülər məsələsində əsas yenilik odur ki, keçmişdə müxalifətçilərin məhrəm görüntüləri yayılırdı, amma indi iqtidar düşərgəsinə mənsub insanların videosu yayılır. Nə işdirsə…
Hər nə işdirsə, pis işdir. Göyüşov gərək bu işə düşməyəydi. Axı niyə belə olmalıdır? Niyə belə edirsiniz?
İstefanızı istəyən varsa, vaxtında verin, el içində rüsvay olmayın.