Son 15-20 il ərzində Rusiyada çəkilmiş detektiv serialların demək olar ki, hamısında belə bir ifadə keçir: “Podstava”. Bu sözü adətən aşağıdakı cür işlədirlər: “Menya podstavili”, “eto podstava” və sair və ilaxır.
Rusların özündə isə bu söz keçmiş vaxtlarda yorulmuş atların dəyişdirilməsi üçün cərgəyə qoyulma formasını ifadə edib.
Bizdə “podstava” sözü hüquq-mühafizə orqanlarının və kriminal aləm ünüsürlərinin qarşılıqlı münasibətləri zəminində ortaya çıxan situasiyanı ifadə edir. Yeri gəlmişkən, qardaş türklər “podstava” kəlməsini “kumpas kurmak” kimi işlədirlər.
Əslində isə biz “tələyə salma”, “dolaşdırma”, “ilişdirmə” kimi gözəl fellərdən istifadə edə bilərik, amma daha çox “torbatikmə” deyirik. Allah tərəfi, bu da yaxşı səslənir. Həm də biz bu sözü təkcə kriminal müstəvidə yox, ictimai-siyasi sferada da tez-rez işlədirik. Hər gün belə cümlələr eşitmək olar: “Həə, Həsənovun da torbasını belə tikirlər”; “Başçının torbasını çoxdan tikirmişlər, dünən də artıq ağzını büzüb, qoyublar içəri”. “O nazir çox adamın torbasını tikmişdi, indi özününkünü tikməyə başlayıblar”; “Bu necə ölkədir, hamı bir-birinə torba tikir”; “Bu işin detalları var, deyəsən, yazığın torbasını tikiblər” və s.
Sanasan, ölkədə yekə bir torbatikmə fabriki var. Urumçinin zirzəmilərində 1001 cür paltar tikən dərzilərin sayı var, bizim “torba” tikən “dərzi”lərin sayı yoxdur.
Ona görə də kiminsə tutulması, ifşa edilməsi barədə xəbər çıxanda adam bilmir ki, tutulan gerçəkdən bəd əməl törətmiş biridir, yoxsa “podstava”ya məruz qalmış, “torbası tikilmiş” biridir.
Məsələn, özünü 12-ci imam adlandırdığı və insanların etibarından sui-istifadə edərək çoxlu pul aldığı deyilən şəxsin torbasının öz şərikləri tərəfindən tikildiyi barədə peşəkar və sosial mediada informasiyalar bir-birinin belinə minib. Ölkənin yarısı bu işin gerçəkliyinə inanır, o biri yarısı inanmır. Bəziləri deyir ki, adam 21 il ərzində “Mehdilik” eləyibsə, ortada müvafiq ayinlər keçirdiyini göstərən bir video olsun. Haqlı iraddır. Varsa, qoy yaysınlar, baxaq. Onda inanmayanlar da inanacaq.
Bir başqası deyir ki, adamın saçı, saqqalı, geyimi, vizual görünüşü dini səciyyə daşımır, əksinə, tamadaya, toyda sintezator çalanlara oxşayır (bu versiya təsdiqləndi, şübhəli şəxs qismində saxlanmış adamın doğma bacısı açıqlama verib bildirdi ki, qardaşı toyda sintezator və qarmon çalırmış).
Xüləs, dolaşıq məsələdir. Ümid edək, yaxın aylarda ortaya elə sübutlar qoyulacaq ki, adamın gerçəkdən də cinayət əməli törətdiyinə heç kriminal xəbərlər yazan jurnalistlərin də şübhəsi qalmayacaq (onlar da bir bəladır, hamı inansa da, mütləq mız qoyurlar və eyzən “tikilmiş torbalar”dan danışırlar).
Bu xüsusda bir məsələ də var – şübhəli şəxs qismində saxlanılan şəxsin ad-soyadının və şəklinin (hətta videosunun) geniş ictimaiyyətə göstərilməsi. Hüquqi dövlətlərdə bu, yolverilməzdir. Adamın haqqında məhkəmə hökmü olmayınca onu cəmiyyətə cinayətkar kimi təqdim etmək olmaz. Çünki bəlkə adama “torba tikiblər”, o deyilən cinayəti o törətməyib və ya başqa xüsusat var? ABŞ-da məhkəməsi gedən adamların şəklini fotoaparatla çəkməyə icazə vermirlər, rəssam çəkir, təxminən oxşadır. Mediada da bu şəkil paylaşılır.
Bu yaxınlarda Şirvanda belə hadisə olub. 4-5 nəfər çayxanada oturub çay içə-içə televizora baxırmışlar. Kriminal xronikaya aid xəbərlər gedirmiş. Birdən Şirvanda tutulan narkotacirlərə aid xəbər verilib. Hamı ekrana diqqət kəsilib. Şəhərdə tanınan birinin qandallandığını göstərən süjet göstərilib. Çox adam tanıyıb ki, alə, bu filankəsdir dəə, buna bax, yazığı basdılar, getdi. Heç bir dəqiqə keçməyib, qapı açılıb, “içəri basılmış yazıq” girib içəri. Hamı soruşub ki, bəs indicə səni gəstərirdilər axı, narkotiklə tutmuşdular, qoluna qandal vurmuşdular. Adam deyib ki, o, 3-4 gün əvvəlin çəkilişidir, “torba tikmişdilər”, yırtıb çıxdım.
İndi bu da işdirmi? Adam azadlıqda gəzir, amma telekanallarda qandallandığı barədə süjet gedir. Bunu tutursunuzsa, niyə buraxırsınız? Yaxşı, günahı yoxdur, buraxırsınız, o zaman niyə videoya çəkirsiniz, ölkəyə göstərirsiniz?
Düzgün deyil, reklam kimi çıxır. İndi nəşəxorlar biləcək ki, marixuananı kimdən almaq lazımdır.