Ortalıq yenə qarışıb, bir-birinə hücum edənlər çoxalıb. Üstünə hücum edilənlər isə hesab edirlər ki, bunlar sifarişli hücumlardır. Fakt da göstərirlər: “Şeyxin üzərinə hücumlar sifarişlidir”; “Kərim Vəliyevi sifarişlə vururlar”; “Deputat o məsələni sifariş əsasında qaldırıb” (“O məsələ”nin adını bilə-bilə yazmıram ki, zəhlətökənlik olmasın); “Dövlət başçısına ünvanlanan müraciət sifariş əsasında imzalanıb” və sair və ilaxır.
Bir sözlə, elə çıxır ki, ölkədə nə qədər söz-söhbət, hücum-müdafiə, süpürləşmə aktları var, hamısı kiminsə, kimlərinsə sifarişi əsasında baş tutur. Bu xüsusda o qədər irəli getmişik ki, Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər-Basarkeçər nahiyəsində baş verən atışmanın da sifariş əsasında baş tutduğunu iddia edirik, hətta sifarişçiləri də tapmışıq: “Bu atışmanı Rusiya sifariş edib”; Ermənilər Fransa və Makronun sifarişini icra edir”.
Bu yazının qonorarının bərəkətinə and içə bilərəm ki, bu oxuduğunuz köşə sifariş əsasında yazılmr. Düzdür, mən özüm də vaxtaşırı sifarişli yazılar yazıram, amma mənim sifarişim həmişə, pafoslu çıxmasın, xalqdan, zəhmətkeşlərdən gəlir. Uzun illərdir, belədir, oxucularım ərk edərək, mənə yazı sifarişi edir, mövzu verir, fakt sızdırırlar, vaxt eləyib, yazıram.
Yadımdan çıxmamış deyim ki, axırıncı dəfə kilinkada baş həkim işləyən bir dostum Ermənistanda şahmat mövzusunda yazı sifariş edib, girəvələyib onu yazmalıyam. Doktor deyir ki, belə getsə, onlar bizi şahmatda üstələyəcəklər, çünki şahmatı orta məktəbdə dərs kimi keçirlər, ona görə də bu günlərdə Martirosyan soyadlı bir dığa bir turnirdə o boyda Şəhriyar Məmmədyarovumuza qalib gəlib.
Tək bu deyil, bu cür sifarişlər vaxtaşırı olur.
5-6 il qabaq bir köhnə tanışımız, salam-əleykimiz olan adam redaksiyamıza gəldi və özü haqqında yazı yazılmasını sifariş etdi. Bu işlər belədir ki, sifarişlə Həcc qəbul olunmadığı kimi, faktsız, dəlilsiz də yazı yazıla bilməz. Ona görə də qardaşla bir az dəqiqləşdirmə apardıq: şikayəti nədir, nədən narazıdır, yazının ona bir faydası olacaqmı-filan.
Adam danışdı ki, işlədiyi dövlət şirkətində onu yola vermirlər, siyasi mənsubiyyətinə görə incidirlər, təqib edirlər. “Aha, bu ciddi söhbətə oxşayır, konkret nə edirlər, bəy, necə incidirlər?” “O gün paltomu asılqandan götürüb başqa yerə qoymuşdular”… Hmm, bu, ciddi təqibdir, bəs sonra nə edirlər, töhmət veriblər, işdən çıxarmaq istəyirlər, mükafatını kəsirlər? “Yox, eləcə, sataşırlar, hansı partiyanın üzvü olduğumu başıma vururlar, amma hələ işdən çıxarmaq söhbət yoxdur, belə getsə o da olacaq”.
Söhbətin bu yerində dedim ki, bəy, vallah, asılqanda paltonun yerinin dəyişdirlməsini təqib hadisəsi kimi yazsaq, camaat bizə güləcək, sənə qarş qərəzli olanların da əlinə dəstəvuz vermiş olacağıq. Yaxşısı budur ki, hövsələli ol, daha ciddi təqib-təzyiq aktı olanda de, yazaq ki, ortaya sanballı bir material çıxsın.
Adam göz-görəti hirsləndi, ayağa qalxdı və tam ciddiyyəti ilə belə bir bəyanat verdi: “Siz satılmısınız, ona görə də xalqın şikayətini yazmırsınız”. Dedim, bəy, heç olmasa bunu palto sezonunda gəlib desəydin, bir şeylər yazardıq, indi yazdır, apreldir axı, oxucu deyəcək, palto vaxtı deyil.
Xüləseyi-kəlam, qardaş incidi, reneqatlıq, yola dönüklük barədə daha 2-3 sanballı cümlə irad elədi və qapıdan çıxdı. O gedən gedib, salam-kalamı da kəsib. Ona görə də xəbərim olmadı ki, sonrakı qış mövsümündə şirkətin asılqanında onun paltosunun yeri yenə də dəyişdirildi, yoxsa bu amansız təqibə son qoyuldu.
Çoxdanın qaydasıdır, nə vaxt adi şikayətçinin istəyi (lap deyək ki, sifarişi) ilə bir qurum haqqında tənqidi yazı yazarıq, dərhal deyərlər ki, bu, sifarişli yazıdır. Mahiyyətcə, düz deyirlər, sadəcə, sifarişin qaynağını bilmirlər.
Belə durumlarda adətən adı çəkilən qurumlardan redaksiyaya ya birbaşa, ya da tanışlar vasitəsilə zəng edib deyirlər, yazmısınız, yaxşı eləmisiniz, təkzib istəmirik, bircə bizə sifarişçinin adını deyin. Adam da qalır necə desin ki, bu yazının yazılmasını Binəqədidə yaşayan çilingər Əliyev Məmmədalı istəmişdi. Tərs kimi, deyəndə də inanmırlar. Hamı hesab edir ki, ona qarşı yazılmış yazının sifarişçisi ya köhnə düşmənidir, ya da yerinə göz dikən başqa biridir. Heç kəs özündən, öz işindən şübhələnmir, ağlına gəlmir ki, yarıtmaq işlədiyi üçün ondan şikayət edirlər.
İndi bir-birinə hücum edənlər də elə bilirlər ki, onları lap yekə yerdən “zakaz” ediblər.