İngiltərə Səhiyyə naziri Mat Hankok Covid-19 pandemiyasının müzakirə edildiyi iclasda yeni bir virusla mübarizədə olduqlarını söyləyib.
Medianews.az xəbər verir ki, iki nəfərdə Monkeypox (meymun çiçəyi) olduğu deyilən iclasda sözügedən xəstəliyin ölümcül olduğu vurğulanıb.
Nazir bu virusun ‘standart‘ olduğunu və bu cür epidemiyalara və yoluxmalara həmişə rast gəlindiyini vurğulayıb. Ancaq nə qədər xəstəyə yoluxduğuna və ya virusun Covid-19 ilə birlikdə İngiltərədə yayıldığına dair heç bir məlumat verməyib.
Mərkəzi şəhər xəstəxanası nazirin açıqlamasını təsdiqləyib. Qeyd olunur ki, hər iki xəstə Şimali Uelsdəki eyni evdən gəlib, lakin yaşları və cinsləri barədə məlumat verilməyib. Onlardan yalnız birinin xəstəxanada müalicə olunduğu bildirilib. Səhiyyə işçiləri, cütlüyün hansı ölkədə virusa yoluxduğunu açıqlamayıblar, ancaq meymun çiçəyi əsasən Orta və Qərbi Afrikada rast gəlinən bir xəstəlikdir.
Dəridə su çiçəyi kimi qabarcıqlara səbəb olan nadir tropik xəstəlik meymunların, siçovulların, dələlərin və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır. İnsanlar arasında dəri ilə təmasda olmaq, öskürmək və asqırmaq, həmçinin çirklənmiş paltar və ya yataq dəstlərinə toxunmaqla yayıla bilər.
Bununla birlikdə elm adamları bu virusun insandan insana keçməsinin çox nadir olduğunu vurğulayıb və bunun koronavirus qədər asanlıqla yayılmadığını qeyd edib.
Turan Oruc
Medianews.az