Azərbaycanın Baş Prokurorluğu Kəlbəcərdə jurnalistlərin və digər vətəndaşlarımızın minaya düşərək həlak olduğu hadisə ilə bağlı yaydığı məlumat Ermənistanın və erməni terrorizminin növbəti dəfə ifşasıdır. Rəsmi məlumata görə, müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.
Baxın, erməni faşizminin mahiyyəti, siması budur! Ermənistan 10 noyabr kapitulyasiya aktına imza atdıqdan sonra Azərbaycan Rusiyanın xahişini yerə salmadı, humanizm prinsiplərini əsas götürüb, torpaqlarımızda qanunsuz olaraq məskunlaşan ermənilərin Qarabağdan cəhənnəm olub getməsi üçün əlavə vaxt verdi. Razılaşmaya əsasən, 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçın boşaldılmalı idi. Ancaq Ermənistanın xahiş-minnətindən sonra Azərbaycan dövləti ermənilərin Kəlbəcərdən çıxması üçün daha 10 gün əlavə vaxt verdi.
Ermənilər Kəlbəcərdən çıxanda salamat qalan evlərimizi də yandırdılar, meşələri doğradılar, apara bilmədikləri ev heyvanlarını güllələdilər, hətta arı pətəklərinə od vurdular. Amma beynəlxalq aləm bu vandalizmə heç bir reaksiya vermədi, əvəzində Azərbaycanı ittiham edən bayquş dəstələri üzə çıxdı. Təsəvvür edin, Azərbaycanı ittiham etdilər ki, ermənilərin Xudavəng monastrına – qədim alban kilsəsinə – ziyarəti üçün normal şərait yaradılmır. Həyasızlığa baxın! Elə xaricdəki havadarlardan və rejisorlardan təlimat aldıqları üçündür ermənilərin vaxtaşırı “ziyarət damarı” tutur. Bunlar Allaha inansaydılar, gerçəkdən dindar olsaydılar, bu qədər qanlar tökməzdilər, Allahın evlərini yerlə bir etməz, orda donuz saxlamazdılar. Sadəcə missiya yerinə yetirirlər, həmişə olduğu kimi…
Beynəlxalq aləm nə o zaman, nə də ondan sonra Azərbaycanın humanizmini qiymətləndirmədi, torpaqlarımızı işğal edən, cinayətlər törədənlərə qarşı insani davranışımıza dəyər vermədi. Budur, ermənilərin basdırdığı minalar partlamaqdadır. Müharibədən sonrakı 7 ayda 120-dən çox azərbaycanlı həlak olub, yaxud ağır xəsarət alıb ermənilərin basdırdığı minalardan. Elə jurnalistlərimizin də olduğu maşın ermənilərin Kəlbəcəri tərk edərkən bizə saxladığı “hədiyyə”dir. Amma ermənilərin 30 ildə törətdiyi cinayətlərə susan, Kəlbəcəri tərk edərkən törətdiyi vandalizmə biganə qalan beynəlxalq aləm yenə də susur. Yanan da bizik, yaman da…
Jurnalist həmkarlarımızın minaya düşməsindən bir həftə əvvəl – 27 mayda Azərbaycanın dövlət sərhədini keçmiş 6 erməni təxribatçı əsgərlərimiz tərəfindən əsir götürülmüşdü. Beynəlxalq aləm Ermənistanın bu təxribatçı, terrorçu əməlini pisləmək, sənin kəşfiyyat qrupunun gecə saat 03:00 radələrində Kəlbəcər ərazisində nə işin var, sualına cavab istəmək əvəzinə, Bakıya çağırış etdilər, “bütün hərbi əsirlər buraxılsın” deyərək. Üstəlik, ATƏT-in Minsk Qrupu qəfildən “xortladı” erməniləri qaytarmağa (!) çağırdılar. Yəni qaytarın, gəlib ayağınızın altına mina düzsünlər! Adam söz tapa bilmir, sadəcə həyasızlıqdır!
Erməni terrorçuları məhz xaricdən gələn dəstəyə görə quduzlaşırlar getdikcə. 44 gündə “siçan deşiyi”ndə gizlənənlər də üzə çıxır…
Erməni polkovnik Koryun Qumaşyan “Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq”, deyir, təhdid edir Azərbaycanı, dünya isə belə qansızları müdafiə edir…
Mediada ermənilərin Ağdamda, iki bacının qəbri arasında qazdığı səngərin fotoları yayılıb. Bu goreşən toplumun hər cür şərəfsizliyə getməsi adamı dəhşətə gətirir. Amma beynəlxalq aləmin “tükü tərpənmir”. Bacı demişkən, görəsən, Ermənistanı Fransanın “bacısı” sayan Makron nə fikirləşir bu haqda? Görən o da səngər qazardımı iki bacının məzarları arasında?!
Deyək ki, Qərb dünyası “Soros uşağı” olan Paşinyanın və onun tör-töküntülərinin xətrinə dəymək istəmirlər. Bəs, Rusiya? Axı, rus sülhməramlıları təminat verirlər təhlükəsizliyə? Hadisədən neçə gün keçib, sülhməramlılardan reaksiya yoxdur. Necə olur, erməninin atı sərhədi bu tərəfə adlayan kimi, hay-küyə Rusiyanın İrəvandakı səfiri gəlir Zəngəzura, amma bu boyda terakt törədilib, Rusiya XİN susur? Deməli, Qərblə Rusiyanın maraqları üst-üstə düşür.
Diqqət edək, mina nə vaxt partladı: Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasının getdiyi saatlarda. “Bir millət, iki dövlət”in düşmənləri çoxdur, lap çox. Ayıq olaq, ruhdan düşməyək! Bir əsr öncə Zəngəzuru erməniyə verib Türkiyə ilə Azərbaycanın əlaqəsini kəsənlər bu gün istəmirlər bu dəhliz açılsın. Belələri istəməz mina xəritələri üzə çıxsın, yollar təmizlənsin. İşimiz təkcə erməni ilə olsaydı, nə vardı ki?..