Bu gün Rusiyanın NTV telekanalında bir soydaşımızı göstərirdilər. Bütün Rusiya həmyerlimizə tamaşa edirdi. Gəncin adı Bayram Cavadzadəydi. Kələ boyda, 30-32 yaşında biriydi (bəlkə də daha gənc idi, sadəcə, bazburutlu olduğundan yaşlı görünürdü), deyərdin, ağır çəkidə güləşən atletdir.
Adamı basmışdılar polis təcridxanasına, ifadəsini alırdılar. O da əynində “Adidas” markalı idman kostyumu, başında tərsinə qoyduğu kepka, özündən razı halda, gülümsəyə-gülümsəyə ifadə verirdi.
Bəs bu soydaşımızın günahı nəymiş? Heç zad. O, Sadəcə, avtomobilini piyadla məxsus yollarda, eləcə də hərəkət istiqamətinin əksinə (öz dilimizdə desək, “protiv”) sürür və bunu videoya çəkib sosial şəbəkədə yayırmış. Göründüyü kimi, böyük “şücaətdir”, bütün MDB məkanı bilməlidir ki, belədə belə bir oğlan var.
Ancaq yanlış anlaşılma olub. Həmin videokadrları görənlər düşünüblər ki, bu qürbətçi qardaş bu hərəkəti ilə aborigen xalqa demək istəyir ki, siz çurbansız, amma biz blatnoyuq, bax, maşını belə sürürük, sizi küncə sıxırıq.
Söz yox, Cavadzadənin bu hərəkətinin NTV kimi çoxmiyonlu tamaşaçı auditoriyası olan bir telekanalda geniş şəkildə (az qala film kimi) işıqlandırılması boşuna deyil. Bunu bizi istəməyənlər edir, göstərirlər ki, baxın, Cavadzadənin simasında “bunlar” (yəni biz) necə qudurğandır, harınlıq edirlər, bunların təpəsinin gülləsi kəmdir.
Bu süjeti görəndə əksər insanda belə rəylərin yaranması iki vur ikinin cavabı qədər bəsitdir: “Bu aziklərin hamısı belədir”; “Gəlib bizim ölkədə pullanıblar, harınlıq edirlər”; “Bunların hamısını ölkədən qovmaq lazımdır”; “Gəmidə oturub gəmiçi ilə dava edirlər” və sair və ilaxır.
Rus cəmiyyəti onsuz da çoxdandır, Qafqazdan, Orta Asiyadan, Ukrayna və Moldovadan Rusiyaya gələn adamları xor görürlər, hər fürsətdə onlara qarşı neofaşizm dalğası kükrədirlər. Belə süjetlər isə yanan ocağa bir kanistr benzin atmaq kimi bir şeydir.
Bəs bunun günahı kimdədir? Əlbəttə ki, ö düşünülməmiş, düşük hərəkətləri ilə Rusiyadakı ultrafaşistlərə bəhanə verən, sıravi rusların “gəlmələr”ə nifrətini artıran Bayram kimilərdə.
Çoxmu vacibdir yolda maşını tərsinə sürmək? Bundan da ötəsi, bu axmaq hərəkəti videoya çəkib internetdə yaymaq nə deməkdir? Bu hərəkəti ilə adam təkcə özünü yox, həm də mənsub olduğu millətin adını batırır. Amma o, bunun fərqində deyil. Ona lazımdır ki, sosial şəbəkələrdəki dostları onun videosunu görüb desin ki, Bayram “bomba oğlan”dır.
“Bomba oğlan” o deyil. “Bomba oğlan”ı polis təcridxanasına divara söykəyib şəklini anfas-profil çəkməzlər.
Əsl “bomba oğlan” 3-4 il öncə, gərək ki, Perm vilayətində yanan avtobusdan 15 sərnişini xilas edən iki azərbaycanlı gənc idi. Ertəsi gün bütün Rusiya bu hadisədən danışırdı, olay zamanı bir nəfərin telefonla çəkdiyi kadrları göstərir, azərbaycanlı gənclərin nə qədər qorxmaz, fədakar, humanist olduqlarını deyirdilər. Biz də burada onlarla qürur duyurduq, Rusiya mediasının ürəkaçan materialını təkrar çap edirdik. O gənclərə baxanda hamıda azərbaycanlıların igid və fədakar obrazı yaranırdısa, Cavadzadənin hərəkətlərini görəndə barəmizdə tam mənfi rəy yaranır.
Öz aramızda fikirləşək: həmin hərəkəti bir erməni etsə, nə şəbədələr qoşardıq: “…iç üzlərini göstərdilər”; “…hamısı belədir, qudurğandırlar”; “… nəhayət ki, rus cəmiyyəti ermənilərin əsl simalarını gördü və s.”.
Amma indi eyni şeyi onlar bizim barəmizdə deyəcəklər. Çünki B.Cavadzadə “avtoqol” eləyib.
Ona görə də məsləhətdir ki, “bomba oğlanlar” öz “bombalıq”larını burada, ölkəmizdə göstərsinlər, əcnəbi ölkələrdə bu cür hərəkətlərlə bütün millətin adını batırmasınlar. Burada olanda onların adı “harın məmur oğlu” olur, kənarda olanda – “harın azərbaycanlı”.