Deyəsən, camaat apreli gözləyirmiş. Hamı ümid bəsləyirmiş ki, apreldə toy-nişana icazə verəcəklər. Novruz bayramı ərəfəsində özüm də şahid olmuşdum, qohum-əqrəbaları xeyir iş eləmək istəyənlərə məsləhət görürdülər ki, 5-10 gün hövsələ eləsinlər, deyirlər, apreldə toy eləmək mümkün olacaq.
Kim deyir, harada deyirlər, deyənlər nə dərəcədə mötəbərdir – bu sualların cavabı yox idi, eləcə, hamı deyirdi ki, belə deyirlər. Bir ara “deputatlar deyir ki” söhbəti çıxdı, onda da məlum oldu ki, “lar” şəkilçisi artıqdır, bunu deyən yalnız bir deputat (Fazil Mustafa) idi. Sonra iki oldular (Aqil Abbas da dedi).
Ancaq NİA (Niquş İnformasiya Agentliyi) tərəfindən tirajlanan xəbərlər doğrulmadı, toy-nişana, eləcə də hüzr məclislərinin keçirilməsinə icazə vermədilər.
Xalqın bir yarısı dedi ki, düz eləyirlər. Bunlar əsasən oğul evləndirib, qız köçürmüş adamlar idi.
O biri yarısı da dedi ki, nəyi düz eləyirlər, camaat övladının xeyir işini nə vaxtacan ləngitməlidir. Bunlar da elçiliyi olmuş, nişanı qoyulmuş gənclərin valideynləri idi.
Bu kimi ictimai polemikaların xeyri olmadı, hökumət dedi, olmaz, qurtardı, getdi. Belə olanda Stalinin vaxtında belə qanunlara, qadağalara məhəl qoymayaraq başını dolandıran camaatımız toy-nişan partizanlığına başladı. Ötən aylarda günə bir-iki toy-nişan xəbəri (daha dəqiqi, şənlik təşkil edənlərin cərimələnməsi barədə informasiya) gəlirdisə, dünən cəmi bir saata – 9.30-10.30 radələrinə olan xəbərlər belədir:
*Yevlaxda toy məclisi aşkarlandı, 6 nəfər cərimələndi;
*Hadı Rəcəblinin restoranında toy olub, saxlanılanlar var;
*Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı – VİDEO;
*Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib;
*Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb;
*Göyçayın 3 kəndində toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb;
*Sabirabadda toy məclisi təşkil edilib, 9 nəfər saxlanıldı.
Göründüyü kimi, “cinayət coğrafiyası” genişdir, ölkəmizin, Naxçıvan xaric, hər yanını əhatə edir. (Naxçıvanda koronavirus pandemiyası olmadığı üçün orada toylara icazə var).
Bu işlərin içində olan bəzi adamlar ağır seyidlərin cəddinə and içirlər ki, qarşısı alınan toy-nişanların sayının iki-üç qatı qədər də qarşısı alınmayan, hətta böyüklərin özlərinin qol qaldırıb süzdüyü, eləcə də ofisiantların şüşə götürüb mey süzdüyü toylar keçirilir, özü də necə lazımdır.
“Necə lazımdır” hissəsi gopdur, buna söz yox. Çünki toy başlanan saatlarda yolda oluruq və heç birimiz ötüşən, siqnallayan, cürbəcür meymunluqlar edən bahalı maşınlardan ibarət toy karvanı, ard-arda düzülmüş qırmızı bantlı “Gelandevagen” korteji görmürük. Pandemiyadan qabaq belə ayinlər “necə lazımdır”a daxil idi. Ölkənin ən kasıb adamı da özünə borc bilirdi ki, gəlinini şadlıq sarayına limuzində gətirsin – Trampın qızıymış kimi.
Hər halda, bu sahədə müəyyən təvazökarlıq ənənəsi yaranıb. Toy edirsən, mübarəkdir, bir az sadə ol, göyə fişəng atma, şəhərdə Rio karnavalı təşkil etmə, Şuşanı təzədən almamısan ki…
Burası yaxşıdır, amma bəs niyə ayrı-seçkilik olur axı? Orta ranqdan yuxarı adamlar toy-nişan təşkil edə bilirlər, ondan aşağılar isə cərimələnir, hələ toya qanqaraçılıq da düşür.
Ayrı-seçkilik demişkən, toy-nişana icazə verən şadlıq saraylarının, restoranların içində yalnız birinin sahibinin (keçmiş deputat Hadı Rəcəblinin) adının çəkilməsi də ayrı-seçkilikdir. Xeyir ola, guya o biri restoranların sahibləri Hadı müəllimdən balaca adamlardır? Tam əksinə, onların pulu də Rəcəblininkindən çoxdur, vəzifələri də böyükdür (yəqin elə buna görə adları çəkilmir, onlar da sabiq olsalar, adları manşetə çıxar).
Belə bir ürəksıxan duruma görədir ki, ölkəmizin çalıb-oxuyanları toy tutmaq üçün varıb gedirlər Rusiyaya. Baha gedənlər də var, ucuz oxuyanlar da. Hətta bu xüsusda müğənnilərin arasında mübahisə də düşüb.
Doğrusu, adam bilmir ki, şənliklərə icazə verilməsi xalqın xeyrinə olar, yoxsa ziyanına. Birmənalı mövqe, qəti qənaət yoxdur. Şəxsən özümdən bu barədə soruşanlara deyirəm ki, toyunuzu saxlamayın, amma camaatı bir məkana çağırıb cərimələtməyin, gənclərin də qanını qaraltmayın, necə deyərlər, palaza bürünün, el ilə sürünün.
Belə deyəndə də mütləq biri deyir ki, hamı palaza bürünmür axı, xalçaya minib uçanlar da var.
Nəysə… Baxaq görək, axşama qədər “toy-nişan partizanlığı”nın, “qarşısı alınmış toylar”ın statistikası nə qədər şişəcək.