Əslində Avropa Birliyinin aparıcı dövlətlərindən birinin – Almaniyanın mediasının Azərbaycan üzərinə hücuma keçməsi o qədər də gözlənilməz deyildi. Ancaq əli klaviaturada deyil, “tətikdə” olan alman jurnalistləri bu prosesdə sadəcə icraçılardır, heç şübhəsiz…

Burada Avropa İttifaqının Azərbaycana qarşı təzyiq rıçaqları da yox deyil. Xatırladaq ki, Azərbaycan Prezidenti dəfələrlə bu qurumun Qarabağ siyasətini tənqid etmişdi. Dövlət başçımız bəyan etmişdi ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret mövqe nümayiş etdirmir.

2017-ci ilin oktyabrında Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirləri qəbul edərkən kifayət qədər açıq danışmışdı. Sitat: “Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Ali iradə hər zaman beynəlxalq təşkilatlar, aparıcı paytaxtlarla əməkdaşlığın ilkin şərti kimi torpaqlarımızın ilhaqına son verilməsi məsələsini ortaya qoyurdu. Və budur, Azərbaycan ərazi bütövlüyünü təmin edib, bütün beynəlxalq maneələrə rəğmən…

Azərbaycan cəmi 44 günə öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıya və havadarlarına yerini göstərdi. Ola bilməzdi ki, hətta müharibənin getdiyi günlərdə Ermənistana səfər edən və Qarabağdakı separatçıların görüşünə gedən Almaniya bundestaqının üzvləri, Fransa senatının təmsilçiləri Azərbaycanın qalibiyyətindən razı qalsınlar. Yalnız onlarmı? Təbii ki, yox. Həmin günlərdə imkanı çatan erməni işğalına silah-sursatı, maliyyəsi ilə kömək etdi, bir çoxları da informasiya savaşında Azərbaycana qarşı səf tutdu.

Azərbaycan Prezidenti ilə müsahibəyə gələn Qərb ölkələrinin jurnalistləri yadınızdadırmı? Onlar sanki döyüşməyə gəlmişdilər, qərəzli, birtərəfli suallar, işğalı, işğalçını müdafiə mövqeyi… Hətta Almaniyanın ARD telekanalının müxbiri Prezident İlham Əliyevə “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir, orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualını ünvanlamaqla iç üzünü göstərmişdi.

Bu, sadəcə, bir jurnalistin özfəaliyyəti deyildi, heç şübhəsiz. Az qala 30 ilə yaxın idi Qərbdəki erməni lobbisi, elə aparıcı ölkələrin paytaxtları buna bənzər mövqe nümayiş etdirirdilər, Azərbaycanı reallıqla barışmağa sövq etmək istəyirdilər. Dövlətimizin başçısı bir neçə dəfə açıq şəkildə bildirmişdi ki, Azərbaycanın təslimçi sülhə imza atması üçün təzyiqlər edilir. Alman jurnalistin sualı aysberqin görünən üzüydü sadəcə. Həmçinin Almaniya mətbuatının bu günlərdə Azərbaycana qarşı açdığı savaş haqda eyni fikir söyləmək olar.

İstisna deyil ki, yalnız Avropadakı anti-Azərbaycan mərkəzlər dayanmır bu qərəzli kampaniyanın arxasında. Almaniyanın Azərbaycana qarşı informasiya müharibəsi, daha uzaq mərkəzlərdən idarə olunduğu haqda iddialar səslənir. Şübhələr var ki, okeanın o tayından açılır “səssiz atəş”. Bir çox müşahidəçilər və ekspertlər hesab edirdilər ki, Azərbaycanın Qarabağı xilas əməliyyatını məhz ABŞ-ın başının seçki prosesinə qarışdığı dövrdə, ildırım sürətilə başa çatdırması kifayət qədər uğurlu addım oldu və zaman baxımından unikal seçim idi. Nəhayət, Bayden administrasiyası Trampla haqq-hesab çəkdikdən sonra “ətrafa” boylanmağa fürsət tapdı. Məntiqlə ABŞ administrasiyası özünün düşməni elan etdiyi Rusiya, həmçinin soyuq münasibətlərdə olduğu Türkiyə ilə müttəfiqlik münasibətlərində olan Azərbaycanın seçimini sinirə bilməzdi və artıq konturlar görünür. O mərkəzlər lap çoxdan qıcıqlıdırlar, hələ İrana qarşı Azərbaycan ərazisindən istifadə etməklə bağlı planları “daş”a dəyəndən…

Beləliklə, söhbət 3-5 alman jurnalistin anti-Azərbaycan yazılarından, yaxud ölkəmiz əleyhinə apardığı qara piardan getmir. Prosesin arxasında mərkəzlər, mərkəzlərin əlinin altında planlar var. Ötən il Azərbaycan Prezidenti ilə üzbəüz müsahibədə master-klasla üzləşən, rəzil vəziyyətə düşən media təmsilçiləri və onların bənzərləri indi uzaqdan, öz ölkələrindən “artilleriya atəşi” açırlar, öz aləmlərində Azərbaycanın “imicini zədələyirlər”. Ancaq onlara zəhər verən kərtənkələlər var, şübhəsiz. Məram-məqsədlərindən xəbərsiz olduğumuzu düşünməsinlər. Azərbaycanı öz planlarına alət etmək, bizimlə istədikləri kimi davranmaq niyyətləri alınmayacaq. Qarabağla bağlı planları iflasa uğradığı kimi…