ATƏT yenə də öz prinsiplərinə zidd davrandı. Qurumun fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin İrəvanda, Qarabağdakı terrorçu rejimin qalıqlarından biri ilə görüşməsi bu qənaətə gəlməyə əsas yaradır.
Avropalı diplomat Bakı səfərində Azərbaycan Prezidenti, XİN rəhbəri ilə görüşdən sonra İrəvana gedib, Ermənistan rəhbərliyi ilə də bir araya gəldi. Sözümüz yoxdur, Azərbaycan özü təmaslardan yayınmadığı üçün hansısa beynəlxalq təşkilatın təmsilçilərinin səfərlərinə də açıqdır, yetər ki, ədalətli olsunlar. Elə xanım diplomat Azərbaycan Prezidentinə dəvət üçün təşəkkür edərək demişdi ki, “Bakıya belə uzun müddətdən sonra qayıtmaq sevindirici haldır”. Bakıya gəlişinə, yüksək səviyyədə qəbul olunmasına görə məmnun olan ATƏT sədrinin Ermənistanda, özünü “dqr” adlı amorf bir qurumun “xarici işlər naziri” adlandıran David Babayanla görüşməkdə məqsəd-məramı nə olub, hələlik bəlli deyil. Bakı görüşündə xanım Linden demişdi: “ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır. Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik”.
Ermənistanla da bu məsələlərin müzakirəsində qeyri-adi heç nə yoxdur. Bəs, Babayanın bu müzakirələrdə nə ölümü var idi? Bəllidir ki, belə görüşlər ekspromt alınmır, deməli, isveçli diplomat qabaqcadan planlaşdırıbmış Qarabağ terrorçusu ilə görüşü. “Münaqişənin həllinə töhfə vermək” beləmi olur?!
ATƏT Qarabağ məsələsilə 90-cı illərdən guya məşğul olurdu, hələ ATƏM dövründən. Əslində Azərbaycanda heç kimin bu təşkilata, onun “turist missiyası”na etimadı olmayıb. Əksər insanlarımız Tahir Kərimlinin “bu AT bu ƏT-i yeməyəcək” yanaşmasını yüzdə-yüz bölüşüb və zaman göstərdi ki, inamsızlıqda haqlı olmuşuq. İndi Azərbaycan torpaqlarının böyük bir qismini işğaldan hərb yolu ilə azad edib, düşməni iti qovan kimi qovub, hansı ki, ATƏT daxil, beynəlxalq təşkilatlar hər zaman bu həll yoluna qarşı çıxıb. Və budur, dövlətimiz azad etdiyi torpaqlarda bərpa prosesinə başlayıb. Prezident İlham Əliyev ATƏT sədri ilə görüşdə xatırlatdı ki, 10 min kvadratkilometr ərazini ermənilər darmadağın ediblər. Azərbaycan ərazisinin səkkizdə birini! Ermənistanı bu vandalizminə görə ittiham etməli olan beynəlxalq təşkilatın rəhbərliyi nəinki bunu etmir, üstəlik, Xankəndidə özünü hələ də “dövlət” sayan uşaq qatilləri ilə masa arxasında oturur. Bunun adını nə qoyaq? Azərbaycan Prezidenti Bakıda ATƏT sədrinə xatırlatmışdı ki, “indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq”. Bundan sonra niyə diplomat hər şeyi “0”-dan başlamağa cəhd göstərir? Qarabağdakı bir ovuc erməniyə ürəyi yanırsa, buyursun, İsveçin bir parçasında onlara müstəqil dövlət qurmaq üçün təşəbbüs göstərsin. Xatırlatmaq yerinə düşər: İsveç parlamenti 2010-cu ilin martında 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb, olmayanı olan kimi qəbul edib.
Amma dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımını tanımayıb bu günədək.
Azərbaycan rəhbərliyi düşmənin bu qədər əclaflığına, vandallığına rəğmən, bu səhifəni qapatmaqda qərarlı olduğunu deyir. Təsəvvür edin, erməni hərbi əsirlər son nəfərinədək geri qaytarılıb, kommunikasiyalarla bağlı razılaşmaya sadiqlik nümayiş etdirilir, ermənilərə normal həyat vəd edilir…Elə bu gün məlum oldu ki, Rusiya qazı qarşıdakı həftələrdə Ermənistana Azərbaycan vasitəsilə ötürüləcək.
Bundan böyük humanizm ola bilərmi? Avropalı diplomat insan hüquqları, humanizm prinsipləri, daha nələrdən dərs keçməyə cəhd göstərir, amma Azərbaycan dövləti ona qarşı düşmənçilik etmiş və edənlərin ölkəsinin donmaması üçün ərazisindən qaz nəqlinə razılıq verir! Bu, həm də bir testdir, ermənilərin, xüsusilə də revanşistlərin islah olunması üçün yoxlanışdır. ATƏT rəhbərləri Azərbaycan dövlətinin bu addımlarını, qərarlarını alqışlayıb, erməniləri nəhayət, “adam olmağa” çağırmaz əvəzinə, Qarabağdakı terrorçuları stimullaşdıran davranışlar sərgiləyir.
Normalda ATƏT sədri Ağdama səfər etməliydi, o şəhərə ki, hətta bizim bu “ruhlar şəhəri”nə səfər edən tanınmışlarımız “Ağdama getməyə qorxuram” deyirlər. Ermənilər qəbirlərimizi də dağıdıblar, insan sümüklərini belə, təhqir ediblər. Bu alçaqlığı edənlərdən biridir David Babayan, onu qəbul etmək elə erməni terrorizmini dirçəltmək cəhdidir. Belə çıxır Avropada təhlükəsizlik və əməkdaşlığa maraqlı olan təşkilat əslində hər iki prinsipin pozulmasında maraqlıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyi kimi, ATƏT-in adında əksini tapan prinsiplərin də icrasında maraqlıdır, 10 noyabr və 11 yanvar anlaşmalarına sadiqdir.
Ermənistan dünyanın gözü qarşısında Qarabağı darmadağın edib, nə tarixə dəyər verib, nə mədəniyyətə, nə təbiətə. Amansızcasına dağıdıb, yandırıb. Qarabağda basdırılan minalar isə can almaqda davam edir. Ann Linden isə Babayanın hədyanlarına qulaq asır.
Ermənistan rəhbərliyinə demir ki, Azərbaycanın bu qədər jestlərinin qarşılığında niyə minalanmış sahələrin xəritəsini təqdim etmirsiniz? Heç olmasa bunu desəydi…Demir, terrorçuları dinləyir, yanında da ATƏT-in Qarabağdakı “canişin”i Anjey Kasprşik…Ermənilər çox həvəsləniblər, manşetlərdən yayırlar görüş xəbərini, ATƏT isə susur…Yəqin ki, rəsmi Bakı sözünü deyəcək…