Siyasət aləmi nə qədər dəyişkən və qeyri-stabildir, izləyirsinizsə, özünüz görürsünüz. Çox asanlıqla dostlar düşmən, düşmənlər dost olur (və ya elə görünürlər), ittifaqlar dağılır, yeni birliklər yaranır, dünən birini dəstəkləyənlər bu gün onu yerdən-yerə vururlar, bu gün eşşəkdən düşmüşə döndərilənlərin sabah “xilaskar” elan olunması gecəylə həll olunur və s. və i.a.
Bunlara dair yüzlərlə misal gətirə bilərəm. Amma hər şey gözünüzün qarşısındadır, namxuda, hər şeyi bilirsiniz.
Hazırda “inker Hayastan”da bənzər proses gedir. Bu ifadə 35 il öncəyə aiddir, “inker” (bəzi tələffüzlərdə – “hinger”) “dost”, “yoldaş” deməkdir. O vaxt indiki qardaş Türkiyə SSRİ-də “terror və çevrilişlər yuvası” kimi təqdim olunurdu, amma Ermənistan və Azərbaycan “süd qardaşları”ydı. Biz ittifaq büdcəsinə şirəli yem verirdik, SSRİ-nin büdcəsi, yelini böyüyürdü, Ermənistan isə ağzını dayayıb süd sortuqlayırdı, arada dəcəl buzovlar kimi südverənin əmcəyini burnu ilə dürtmələyirdi ki, “ümumittifaq inək” yaxşı eydirsin. Sonra vəziyyət dəyişdi, düşmənin kim, qardaşın kim olduğu ortaya çıxdı.
İndi işə baxın, rus-erməni qardaşlığının da zibili çıxıb. Hətta kimin böyük qardaş, kimin kiçik qardaş olduğu mübahisəlidir. O gün Ermənistanda mitinqdə deyirmişlər ki, ruslar bizim kiçik qardaşımızdır. Bu sözün özü elə dava predmetdir.
Bizim Ermənistanın içindəki siyasi qüvvələrə münasibətimiz də dərin təbəddülatlar içindədir, tez-tez dəyişir. Məsələn, 2 il öncə istəyirdik, Paşinyan Sarkisyanı aşırsın, hakimiyyətə gəlsin. Açığı, bu gəncdə işıqlı bir şeylər görürdük. İstədiyimiz oldu, adam hakimiyyətə gəldi. Allah tərəfi, təzə gələndə yaxşıydı, sülhdən-filandan danışırdı, düşünürdük ki, bununla dil tapmaq olar, işğal olunmuş torpaqlarımızı qansız-qadasız ala bilərik.
Amma sonra inker qəfildən dəyişdi, daha pis düşmən oldu, yaramaz-yaramaz hərəkətlər elədi, əsəbimizlə oynadı. Elə olanda bizim də üzümüz çöndü, bu dəfə istədik ki, o, devrilib qəhr olsun. Müharibə vaxtı hər dəfə bir rayonumuzu işğaldan azad edəndə gözləyirdik ki, sabah ermənilər meydana axışacaq, məğlub Paşinyanı aşıracaq. Elə olmadı, erməni xalqı onun ətrafında sıx birləşdi. Dedik, yəqin, partvats (məğlub) Paşinyanın devrilməsi müharibədən sonra baş tutacaq. Düzdür, bir ara ona “davaçan-davaçan” (“satqın”) dedilər, amma gücləri çatmadı.
Onun yerinə can atanların danışığına, niyyətinə baxıb düşündük ki, onlardansa Paşinyan vəzifəsində qalsa yaxşıdır. Nə də olmasa, artıq qaynayıb-qarışmışıq, arada səmimi düşmənçilik var, vahid sənədə imza atmışıq, bir-birimizi anlayırıq. Yoxsa, kim bilir, Manukyan gəlsə, nə olacaq, nə olmayacaq. İndi də gəl bunu başa sal, havaya dron, Ağdərənin təpələrinə kommandos qaldır, nə bilim, nə et ki, Manukyan (və ya Vanesyan) müharibənin pis şey olduğunu anlasın.
Ona görə də 2-3 ay öncə Paşinyanı itdən alıb itə verən ictimaiyyətimizin böyük hissəsi hazırda Paşinyandan yanadır, istəyir ki, o, devrilməsin.
Əhalimizin çox şeyi bilən hissəsi isə isstəyir ki, Paşinyan devrilsin, vəzifəyə ermənilərin ənkə böyüyü gəlsin. Bu prosesi ehtiva edən əsas fikir belədir: “Gəlsin görək, nə keks-poks yeyəcəklər”.
Gerçəkdən də burası daha maraqlı olardı. Görünür, “davalı kino” həvəskarları hələ “Harop-Hakop” şousuna baxmaqdan doymayıblar. İntəhası, adam öldürən andır silahlardan onlarda da var. Yəni ermənilərin və bizim Qarabağ söhbətini danışıqlar masasında davam etdirməyimiz üçün daha 5-6 min gənc ölməməlidir. Yaramazlar anlamalıdır ki, bu davanın axırında yenə yeni davaçı baş naziri davaçan çıxaracaqlar.
Hələ bu, son deyil. Sabah Paşinyan özünü yaxşı aparmasa, “dalay-dalay” eləsə, əğyar ilə aşina olub əhdini pozsa, o zaman bizim ona münasibətimiz yenə dəyişəcək, istəyəcəyik o devrilsin.
Düzdür, Ermənistanda və ya başqa bir ölkədə iqtidar komandasının devrilməsi, yerinə başqasının gəlməsi bizim istəyimizlə olmur, amma son prosesdə görürük ki, bu, heç bəzi superdövlətlərin iradəsi ilə də baş tutmur.
Hər nə olur, olsun, axırı xeyrə calansın, onsuz da Ermənistanda kim hakimiyyətə gəlsə ermənipərəst olacaq, heç olmasa, ağıllısı gəlsin.