İndiki cavanlar bilməz, ötən əsrin 50-80-ci illərində Fransada Dalida (1933-87) adlı bir estrada ulduzu olub. Xanımın əsl ad-soyadı beləymiş: İolanda Kristina Cilyotti.
Əslində onu heç o vaxtkı cavanların da çoxu tanımırdı. Biz Zeynəbi, Floranı, Nəzakəti, İlhaməni, Nisəni tanıyırdıq. Mən Dalidanın yalnız “Parole, parole” mahnısını eşitmişdim, vəssalam.
Dalida isə elə-belə ulduz olmayıb, 16 yaşı olanda “Misir gözəli” seçilən, sonra özü italyan əsilli olsa da, Qahirədən Romaya, Milana yox, Parisə köçən, orada ulduzu parlayan, Alen Delonla, Co Dassenlə, Toto Kutunyo ilə oturub-duran, Fransanın “nömrə 1” ulduzuna çevrilən müğənni olub.
Dalida xanım o qədər məşhurlaşıb, nüfuz qazanıb ki, 1981-ci ildə Fransa prezidentliyinə namizəd olan Fransua Moris Adrian Mari Mitteran (bir adamdır) Dalidadan onu dəstəkləməyi təvəqqe edib. Dalida öz köhnə dostunun xahişini yerinə yetirib, media qarşısında təxminən belə deyib ki, “ümid qalıb tək ona, səs verək Mitterana”.
Mitteran prezident seçilib. Dalidanın ona neçə faiz səs qazandırdığı barədə tarxi məxəz yoxdur, əvəzində Mitteranın uğurunun Dalidaya hansı ləqəb qazandırdığı bəllidir: “Çəhrayı pantera”.
Bu qələbə o vaxta qədər ölkəsinin ən sevimli müğənnisi, ən nüfuzlu 3 qadınından bir olan Dalidanın reputasiyasını zədələyib. Mətbuat xanımı təqib etməyə başlayıb. O vaxtlar Dalida rəsmi olaraq 4 dəfə ərə gedibmiş və tərslikdən, onun keçmiş ərlərinin üçü intihar edibmiş. Media Dalidanı yeri gəldi, gəlmədi, pisləyib, şəkillərini manşetdən verib, onu “Qara dul” (öz təbirimizcə desək, “ər başı yeyən”-filan) adlandırıb.
Şəxsi həyatındakı uğursuzluqlara və daimi təqib-təzyiqə dözməyən Dalida 1987-ci ilin mayında bir ovuc yuxu dərmanını viski ilə içərək intihar edib. Ertəsi gün onun otağından yazılı kağız parçası tapılıb: “Həyat mənim üçün dözülməz olub. Məni bağışlayın”. Vəssalam. Fransa ağlar qalıb.
Artıq yazının döngə yerinə çatdıq. Bəri başdan deyim ki, aşağıda adları çəkilənlərin heç birini Dalidayla müqayisə etmirəm, sadəcə, ortada yeni bullinq məsələsi var. (Çoxları elə bilir ki, yalnız şagirdləri və tələbələri bullinq eləmək olar. Xeyr, cəmiyyət sözü bir yerə qoyanda yaşlı-başlı adamları da o günə qoya bilər).
Bir neçə gün öncə ölkəmizdə üç sənətçi xanım izləyicilərin onları təqib-tənqid-təhqir etməsindən gileyləndi. Biri müğənni Təranə Qumral idi, açıqlama vermişdi ki, övladıyla video paylaşıb və sosial şəbəkədə onun ünvanına çoxlu söyüş-qarğış yazılıb.
Dalidanın durumuna salınan ikinci müğənni xanım Şəbnəm Tovuzluydu, deyirdi, iki müharibə qazisinə 11 min manat xərc qoyaraq xeyriyyəçilik etsə də, onu sosial şəbəkələrdə təhqir edirlər.
Üçüncü zərərçəkən aktrisa Pərvin Abıyeva isə “heç bir qız kasıb oğlana ərə getmək istəməz” fikirlərinə görə çoxlu təhqirlərə məruz qaldığını bildirirdi. Hansısa əsgər video çəkib, xanıma göndərib, deyib, biz kasıblar sənin nəslini qoruyuruq.
Axtarsan (hətta axtarmasan da), görərsən ki, A.-dan (Aygündən) ta Z.-yə (Zülfiyyəyə) qədər ölkədə nə qədər müğənni varsa, kişili-qadınlı hamısı müxtəlif media qurumlarında, sosial şəbəkədə söyülür, təqib olunur. Düzdür, onları sevənlər, ictimai yerdə, toyda-şənlikdə görəndə yanaşıb şəkil çəkdirənlər də çoxdur, amma üstlərinə pis damğa yapışdırıb söyən, qarğayanlar da az deyil. Bəlkə də onlara qarşı rəğbət-nifrət 50:50-yə nisbətdədir.
Vay amandır, o müğənnilərdən biri nəsə xoşagəlməz söz desin, hərəkət etsin, bitdi, “qudurmuş”dan başlayır, “ləçər”lə (kişilər isə bir qayda olaraq, “ibnə” deyirlər) davam edir, alatuman-alaşalvar edirlər.
Bu şəxslərlə nə alıb-vermədiyimiz var? Xoşumuz gəlmir, toyumuz çağırmayaq, şəkil çəkdirməyək, konsertlərinə getməyək, zəhləmiz gedir, mahnılarını dinləməyək. “Hacı”ları, “sponsor”ları, “oğlan dostları” varsa, sizə nə, bizə nə? Buraxaq, həyatlarını yaşasınlar, başlarını dolandırsınlar. Allahdan, 8-9 aydır qazancları da kəsilib.
Müğənnilərə isə bircə tövsiyə vermək olar: varidatınızı, avtomobilinizi, geyimlərinizi gözə soxmayın, bu, yalnız adınızı dilə-dişə salır. Nəticədə dövlətin, xalqın sərvətini talayıb milyonçu olanlar qalır qıraqda, sizin adınız “haramxor”, “müftəxor”, “harınlayıb qudurmuş” kimi çəkilir.
Vallah, Dalida sizin yerinizdə olsa, ikinci, üçüncü dəfə intihar edərdi, div (indi bəziləri tələb edəcək ki, “arsız” və ya “sırtıq” yazmalıydın) adamsınız, dözürsünüz.