1-2 il əvvəl peşəkar media zəhmətkeşləri öz aralarında dərdləşərkən deyirdilər ki, belə getsə, sosial şəbəkələr, xüsusilə də Feysbuk qəzetləri, saytları tamamən sıxışdırıb sıradan çıxaracaq.
Təhlükə böyük idi. Xəbər yayanların sayı birdən-birə bir neçə yüz min nəfər artmışdı. Ölkənin o qəsəbəsi, kəndi, küçəsi, məhəlləsi qalmırdı ki, oradan xəbər, şəkil, video paylaşılmasın. Baş verən hadisələrlə bağlı analiz verənləri sayı ölkənin bərkgedən klinikalarında analiz verənlərin sayından qat-qat çox idi.
Peşəkar media zəhmətkeşləri bu durumdan yararlanmağı üstün tutdular, Feysbukda paylaşılan şəkil-video-statuslardan xəbərlər düzəltdilər, yaydılar. Bu, bir xeyli dərəcədə effektiv oldu – maraqlı və alternativ xəbərlərin sayı artdı. Amma çox tezliklə bu yolun ağzı cığıra, hətta dalana dirəndi.
Bu necə oldu? Bildiyiniz kimi, şou-biznes zəhmətkeşləri reklam sevəndirlər, hər şeydən öz şöhrətləri üçün istifadə etmək istəyirlər. Ona görə də onlar sosial şəbəkələrə daraşdılar və oxumuş adamlar demişkən, öz pablik rileyşnlərini (PR) bu platformalarda aparmağa başladılar. Bu sahədən yazan müxbirlər də onları sosial şəbəkə hesablarına istinad edəndə ortaya bu kimi xəbərlər çıxdı: “Xatirənin maşınını yenə cızıblar”; “Rəqsanənin tuflisinin dabanı qopub”, “Nadir Qafarzadə avtomobilinin yağını dəyişdirib”; “Elşad Xose bərbərə gedib, saçını düzəltdirib” və sair və ilaxır. Hələ evlənib-boşanan “məşhur”lara aid onlarla ciddi ictimai-siyasi əhəmiyyət kəsb edən xəbərlər…
Doğrusu, sosial şəbəkə xəbərləri digər sahələrdə də üstünyülü ələ almışdı. Allah tərəfi, bu, bəzən çox faydalı olurdu. Məsələn, bir “blatnoy nazirlik”də nəsə bir xoşagəlməz hadisə baş verirdi, nazirliyin rəhbərliyi bütün inzibati resurslarını, ictimai-siyasi rıçaqlarını, dost-tanış, kirvə, qonum-qonşu, eloğlu əlaqələrini işə salıb həmin hadisə barədə xəbərlərin peşəkar mediada getməməsinə, gedibsə, yığışdırılmasına çalışırdı. Amma bu cür xəbərlər Feysbukda yüzlərlə istifadəçi tərəfindən yayılırdı, nəticədə ayrıca götürülmüş bir nazirliyin informasiya məkanında senzura tətbiq etməsinin qarşısı alınırdı. Burası çox yaxşıydı.
Aylarla bir qəzetin, saytın sorğusuna cavab verməyən dövlət strukturları Feysbuku başına götürmüş xəbərlərə dərhal reaksiya verir, ya təkzib yayır, ya da sözügedən məsələyə dair tədbir gördüklərini bəyan edirdilər – bu da çox yaxşıydı.
Ancaq bir də onda ayıldıq ki, dünən Feysbukda yayılan şəkilin, videonun montaj, qurama olduğu ortaya çıxır və bilmədən, axına qoşularaq onu yayanlar pis durumda qalırlar. Ən pisi də o idi ki, dünən-srağagün qurama, düzməcə, yalan, böhtan olduğu daşdan keçən dəlillərlə sübut olunmuş hansısa bir materialı bu gün başqaları sensasiya kimi yenidən yayır. Belə olanda təkcə həmin şəxsin özü yox, eyni zamanda bu platforma da gözdən düşür, etibarını itirirdi.
Bir var, o qələti hansısa qəzet, sayt edə, kimsə zəng edib deyə, onlar da “hə, bu tərəfimizdən səhv olub, tədbir görəcəyik ki, bir də olmasın” deyib, təkzib verələr. Bir də var, əsl həqiqətin nədən ibarət olduğunu yüz dəfə bağır, amma yalan material tirajlanmaqda davam eləsin, sən də bunun qabağını ala bilməyəsən. Bu halda adamda belə bir təəssürat yaranır ki, bura sahibsiz bir yerdir, adamların yalançılığı, dürüstlüyü yalnız öz vicdanlarına qalıb.
Hazırda 1-2 il əvvələ görə bu sahədə vəziyyət xeyli dəyişib. Hər gün nə qədər xəbərin yalan, şəkillərin montaj məhsulu olduğu ortaya çıxır. Nə təkzib verən var, nə üzr istəyən. Platformada “dünənki yalan öz işini gördü, bu gün təzə yalan uyduraq” prinsipi hökm sürür.
Artıq ayı çoxdan 10 mini ötmüş “analitik”lərin yazdıqlarına da qoz qoyan yoxdur, çünki çox bəsit, diletant şərhlər verirlər, güc yenə köhnə, məktəb keçmiş, bəhs etdikləri məsələləri bilən politoloqlara düşüb. Üstəlik, Feysbukda “hər yerindən duran politoloq olub” kimi qanadlı bir şərh dolaşır. “Analtik”lərin çoxunun bu şərhdən xoşu gəlmir, amma onlar da anlayır ki, yüzlərlə adı bəlli siyasətşünas və tarixçilərin kitablarını oxumayıblarsa, beynəlxalq siyasəti hər gün, ardıcıl izləmirlərsə, ən azı böyük dövlətlərin içinə bələd deyillərsə, gərək o məsələlərə dair şərh verməsinlər. “Bunların hamısı masonların oyunudur”, “ABŞ da yaramazdır, Rusiya da”, “Fransa həmişə belə olub”, “Dünyanın ingilislər idarə edir” kimi güclü şərhlərlı uzağa getmək olmur.
Son aylarda artıq Feysbuk statuslarından xəbər düzəltmək tendensiyası da qəddini düzəldir, o tərəfə çox əyilmir. Əksinə, hansısa bir xəbər Feysbukda yayılırsa, istifadəçilər dərhal peşəkar mediaya aid bağlantı tələb edirlər, “harda çıxıb”, “hansı qəzet yazıb” deyə mənbə soruşurlar. Heç “kitayski saytlar” adlanan xəbər mənbələrinə də etibar qalmayıb, adamlar sanballı, 1 saat əvvəl yazdığını silməyən mənbə axtarırlar.
Belə getsə, yaxşı olacaq, amma belə getməyəcək, yenə nəsə bir zibil qaynadacaqlar.