“İstiqamət Şuşa şəhəri”. Prezidentin sosial şəbəkədəki bu statusunu oxumaq o qədər xoş oldu ki… Çox qürurverici, həm də kövrək mənzərəydi. Şuşa zəfərinin özü qədər möhtəşəm idi gün ərzində izlədiyimiz reportajlar…

Özü də Prezident və Birinci vitse-prezident Şuşaya əliboş getməmişdilər: Şuşa işğal olunarkən ermənilərin güllələdiyi, sonra isə əritmək üçün oğurladıqları tarixi abidələrimizi – Natəvanın, Üzeyir bəyin və Bülbülün tunc heykəllərini də aparmışdılar. O heykəllərin açılış mərasimi bir başqa yazı materialıdır. Dövlət başçısı bildirdi ki, vaxtilə Azərbaycan dövlətinin pulla (!) ermənilərdən aldığı bu heykəllərin Bakıda hansısa ünvanda qoyulması təklif edilsə də, razılaşmayıb: “Dedim ki, yox, onları ancaq Şuşanı azad edəndən sonra öz yerlərində qoyacağıq”.

Uzaqgörənlik, prinsipiallıq, dəmir iradə budur! Evinə dönən heykəllər də sevinirdi, şübhəsiz! “Yaralı” olsalar da…

“Düz 39 il bundan əvvəl, yanvarın 14-də bax, bu yerdə mən də durmuşdum…”, dedi dövlət başçısı. Xatırlatdı ki, o zaman Azərbaycana rəhbərlik edən atası ilə, mərhum Heydər Əliyevlə bərabər Şuşaya, Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasiminə qatılmışdı. Bu günsə müzəffər ordunun Ali Baş Komandanı olaraq Vaqifin məqbərəsi qarşısındaydı! Düzdür, erməni vandallar bu müqəddəs ünvanı darmadağın edib, amma Vaqifin məzarı, məqbərəsi yenidən qurulacaq, üstəlik, Vaqif Poeziya günləri bu ildən başlanaraq keçiriləcək, düşmənin acığına!

Şübhə yox ki, Azərbaycanı sevən hər kəs bu sözləri eşitdikcə duyğulandı, qürrələndi, azərbaycanlı olduğuna görə fəxarət duydu və qalib ordumuza, Qarabağ fatehi İlham Əliyevə minnətdarlıq etdi.

Bəli, hamımız Prezidentin Şuşaya səfərini gözləyirdik, necə ki, digər işğaldan azad edilmiş səfər reportajlarını izləmişdik, çıxışlarını dinləmişdik. Amma Şuşa səfərinin bu qədər tezliklə reallaşması, açığı, xoş sürpriz oldu. Dövlətimizin başçısının Şuşaya səfəri o deməkdir ki, artıq Şuşa, Xankəndi, ya Hadrut müzakirələrinə nöqtə qoyulub, kimsə bu mövzuya qayıtmağa cəhd göstərməsin! “Heç kim dəmir yumruğu unutmasın!”

Təsadüfi deyildi ki, dövlət başçısı yenidən “ordu qurub, torpaqları geri qaytarmaq istəyən” silahlı tör-töküntülərə də ciddi xəbərdarlıq etdi. Əlini elə Xankəndi istiqamətə uzadıb “hünəriniz var, gəlin, alın, iti qovan kimi qovmuşuq sizi” deyə, xəbərdarlıq etdi.

Bu, təkcə Qarabağdakı bir ovuc erməni separatçısına, terrorçusuna ünvanlanan xəbərdarlıq deyildi. Ölkə başçısı həm də onların havadarlarını xəbərdar etmiş oldu. Necə ki, elə Putinin təşəbbüsü ilə keçirilən Moskva görüşündən sonra Paşinyana bir daha xəbərdarlıq etdi ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, status məsələsinə də nöqtə qoyulub.

Qarabağ fatehinin Şuşa səfəri

Şuşa səfəri də başdan-ayağa informasiya, xəbərdarlıq, prinsipial mövqe idi. Daha sözü necə deyərlər ki, qarşındakı anlasın?
Buyurun: “Parlament də gorbagor oldu, status da cəhənnəmə getdi! Qarabağ Azərbaycandır!”; “Əgər kimsə Ermənistanda revanş haqqında düşünsə, o, bizim dəmir yumruğumuzu bir də görəcək!”; “Cavabımız çox sərt olacaq. Çox peşman olacaqlar!”; “Heç kim bizim qabağımızda dura bilməz, bundan sonra həmişə belə olacaq!”; “Düşmən bir də belə cəhd edərsə, axırı lap pis olacaq!” Daha nə lazımdır?

“Şuşanı Cıdır düzüsüz, Azərbaycanı Şuşasız təsəvvür etmək mümkün deyil” deməklə prezident qəti və prinsipial mövqeyini bir daha xatırlatdı. Cıdır düzündə Yallı gedənlərin izinin-tozunun da qalmadığını, bu torpağın sahiblərinin əlində silah və bayraq, ürəyində Vətən sevgisi qayıtdıqlarını, bu yerlərdə bundan sonra muğam sədalarının eşidiləcəyi, daim toy-bayram olacağını bildirdi. Həm də 1992-ci ilin 8 noyabrında “Dağlarda toy” əməliyyatı keçirənlərə 8 noyabrda tutulan əsl toydan danışdı. Komandan demək olar ki, hər şeyi dedi. Bundan sonra erməni yenə də ağılsızlıq etsə, bu, onun sonunu gətirəcək, dövlət və millət olaraq.

Dövlətimizin rəhbəri “Bundan sonra biz Şuşanı göz bəbəyimiz kimi qoruyacağıq!” dedi. Və əsgərə də komandan olaraq tapşırığını verdi, ayıq-sayıq olmalı, söylədi. Şuşanı GÖZ BƏBƏYİ kimi qorumağı tövsiyə elədi.

Qarabağ fatehinin Şuşa səfəri

Prezident daha bir tarixə imza atdı: 30 yaşlı dövlətimizin Şuşaya səfər edən ilk prezidenti kimi! Bu şərəfli tarixi yazmağı kim arzulamazdı ki? Dövlət başçısının olduqca səmimi fikirləri adamı heyran edirdi. Hətta məlum oldu ki, bir gecə də ailə üzvləri ilə bərabər Şuşada qalıblar! Bu da bir ilk! Görün Şuşanı, Qarabağı qoruyan Əsgər necə qürrələnib! Komandan da onunla bir yerdə Qalada! Pənahəli xanın da ruhu şad olub yəqin. Şuşa uğrunda qurban gedən bütün qəhrəmanlarımızın da.

Yanvarın 15-də Bakıya dönərkən bir daha Cıdır düzünə qalxdı Qarabağ fatehi, ürək sözlərini söylədi! “Sözün düzü, Şuşadan getmək istəmirəm” söylədi. Etiraf etdi ki, gecə cəmi 5 saat yatıb, səhər 5-də yuxudan qalxıb, ötən günün həyacanındanmı, ya Şuşanın təmiz havasındanmı? Nə qədər səmimi, xoş sözlər!

Daha gözəl mənzərə: Cidir düzündə armudi stəkanda çay, paxlava ilə…Prezident ”Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!” söylədi. Amin, deyək.

Qarabağ fatehinin Şuşa səfəri

Dövlət başçısının Şuşada gecələməsi faktı Qarabağa qayıdışa köklənmək üçün yetərlidir bəlkə də…

Dövlət başçısı bəyan etdi ki, Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İnşallah belə də olacaq. Vətən Müharibəsinin gərgin günlərində ”Şuşasız işlərimiz yarımçıq qalar” deyərək sözünü tutan komandan bu dəfə dediklərinin də icrasına nail olacaq.

Diqqət etdim, prezidentin Şuşaya səfər etdiyi zaman günəşli bir gün idi. Mənə elə gəldi ki, Şuşanı efirdə heç vaxt belə, gülərüz, günəşli görməmişəm. Axı daim belə eşitmişik: “Şuşanın dağları başı dumanlı…” Bu dəfə isə Şuşanın başında duman yox idi. Dumanlı keçmiş geridə qaldı, Müzəffər Komandanın, qalib ordumuzun sayəsində!..