Bir müddət əvvəl Qusarda yarımkriminal, yarımsosial bir hadisə baş verib. Hadisədə hər şey yarım-yarım olsa da, rüsvayçılıq tamdır.
Mucuq adlı kəndin orta məktəbinin Zaur adlı direktoru Kənan adlı oğlunun universiteti bitirməsi münasibətilə 40-45 nəfərlik məclis təşkil edib. Ata ürəyi. Zaur müəllim fikirləşib ki, oğlunun tam müstəqil həyata qədəm qoymasına, şəxsi karyerasına başlamasına dost-tanışlar, qohum-əqrəba da şahidlik etsinlər, xeyir-dua versinlər (ola bilər ki, qonaqlar xeyiri və duanı ayrı-ayrılıqda veriblər).
Düzdür, qlobal pandemiyanın bu vədəsində, toyda-şənlikdə iştirak edərək karantin rejimini pozan hörmətli akademiklərin, sabiq deputatların, müğənnilərin divara söykədildiyi bir dönəmdə Zaur müəllimin hərəkəti heç də düz olmayıb, amma bunu keçək Qusarın ucqar rayon olmasına.
40-45 nəfərin bir qarın ləzzətli yemək-içməkdən sonra başlarına gələn pəstəhanın yanında divara söykədilib şəkli çəkilmək nədir ki? Heç zad. Bir var, adamı inzibati xətalar məcəlləsinin maddələri ilə mühakimə edib cərimələyələr, bir da var, o qədər adamı Cinayət Məcəlləsinin oğurluq əməlini tövsif edən maddələri ilə ittihama məruz qoyalar. Çox fərqli şeylərdir.
Məsələ ondadır ki, “diplomyudu” məclisindən sonra direktorun evindən 15 min manata yaxın pul itib. Pulu itənin imanı neçə yerə gedər, bilirsiniz. Zaur müəllimin imanı 45 fərqli ünvana səpələnib. Direktor kababını yemiş, arağını içmiş hər kəsdən şübhələnib. Bunların içində onun müəllim yoldaşları, qohum-qardaşları da olub. Pul itkisi ata ürəyini, qardaş qəlbini, həmkar təəssübkeşliyini heç-puç edə biləcək şeydir.
Qusar polisi fəaliyyətə başlayıb, “diplomyudu” məclisinin iştirakçılarını istintaqa cəlb edib. Onların məclisdə yeyib-içdikləri burunlarından gələndən sonra, nəhayət, oğru tapılıb. Kim olsa yaxşıdır? Yuyulan diplomun sahibi, Zaur müəllimin, türkün sözü, özbəöz oğlu Kənan.
Heç demə, məzun bəyə pul lazım olub, o da atasının saxlancından bir miqdarcıq götürüb xərcləyib. Əlbəttə, sonra düzəldib yerinə qoyacaqmış.
Düzdür, bu, klassik mənada oğurluq sayılmaz, çünki adam evdəki pulu götürüb öz ehtiyaclarına sərf edib, amma yenə də həm adı pisdir, ortada şikayıt var, həm də o pulu qazanan bir başqasıdır (o qazancın qaynağı da bir başqa söhbətdir).
Bəs Kənan bəy (bəlkə də müəllim) o boyda pulu nəyə xərcləyib? Məlum olur ki, gənc məzun o qədər pulun hamısını xərcləməyib, 5 minini diricə gətirib yerinə qoyub. Yerdə qalan 10 min manatın 5 mini isə onun qonşu Həzrə kəndindən olan sevdiyi qızın universitetdəki problemlərinin həllinə, akademik borclarının tədavül vasitəsilə nağd şəkildə ödənilməsinə sərf olunub (bu da araşdırılması lazım olan məsələdir – yəni kəsir qiymətləri o qədər bahalaşıb?)
Yerdə qalan 5 min manat isə hələ də tapılmayıb. Cavan oğlandır, güman ki, onu da dostları ilə yeyib-içməyə, əyin-başına, təzə telefona-filana xərcləyib.
Əlbəttə, Zaur müəllim gərək tələsməyəydi. Qayğıkeş ata əvvəlcədən bilsəydi ki, 15 min manat oğlunun zavalına gəlib, bunu açıb-ağartmaz, camaatı da dilə-dişə salmazdı.
İndi ona daha bir 15 min lazımdır ki, bu hadisədən narazı qalan, onun bağlanmasında maraqlı olan tərəflərin ağzını yumsun. Bəs necə? Ən azı 40 adamın adı “oğru”ya çıxıb, hüquq-mühafizə orqanları o qədər iş görüb, istintaq aparıb, əziyyət çəkib. Bunun bir bədəli olmalıdır, ya yox? Tərs kimi, istintaqa cəlb olunmuş müəllimlər, qohumlar da farağat durmur, hamısı ondan izahat tələb edir. Adamlar mənəvi zərbə alıblar, elə olmalıdır. İki şiş kabab yeyiblər, başlarına gəlməyən oyun qalmayıb.
Bu hadisədən ibrət götürülməli dərslər var və indiyədək minlərlə şagirdə dərs vermiş Zaur müəllim də gərək öz dərslərini götürsün:
Adam oğlunun qazandığı hər sənəd üçün zırıltı qonaqlıq təşkil etməz.
Adam məclisinin başına çağırdığı qonaqları ucdantutma polisə verib şərləməz.
Adam öncə yetişdirdiyi övladın belə işlərə qol qoya biləcək potensialda olub-olmamasına diqqət edər.
Amma Kənana halaldır. O ki sevdiyi qız üçün karyerasının lap başlanğıcında reputasiyasını puç edib, yuyulmuş diplomunun ortasına buğlanan təzək qoyub, ondan cəmiyyətə faydalı bir mütəxəssis olmasa da, yaxşı ailə başçısı çıxacaq. Hərçənd 20 ildən sonra öz oğlu da ona qarşı bənzər bir hərəkət törədə bilər – həyatın belə işləri var.