“Ağa, bu bacılar sәndәn tәvәqqe elәyirlәr, zәhmәt çәkib şeyxә deyәsәn ki, allah rizası üçün adını qoysun bu biçarәlәrin üstünә ki, yazıqlar allahın savabından binәsib olmasınlar”.
(Mirzə Cəlil, “Ölülər”)
Deyir hansısa xarici qüvvələr qəsdən bizim ailə dəyərlərimizi, klassik ailə modelimizi dağıtmaq istəyirlər. Artıq neçənci dəfədir bu cür gülünc cızmaqaralar oxuyuram. Görəsən bizim o klassik ailə modeli özündə hansı fövqəlbəşəri dəyərləri, mənəvi keyfiyyətləri birləşdirirmiş ki, bizim xəbərimiz olmayıbdır? Başqasının arvadını bulağın üstündən atın belinə qoyub aparmağı və ikinci, üçüncü, dördüncü… arvad eləməyi? Qadına çuval kimi baxmağı? Yoxsa tərbiyəsiz, əxlaqsız, axmaq birinə ancaq saqqalı ağardığı üçün hörmət etməyi?
Sözgəlişi, dəyərli ictimai xadimlərimizdən Yalçın İslamzadə bu şərq-müsəlman ağsaqqal institutunun labüd məhvi səbəblərini olduqca mükəmməl izah edibdir. Deyir qədimdə bir insanın müəyyən biliklər əldə etməsi üçün yaşı keçməliydi, bilgi isə adətən şifahi ötürülürdü, ancaq indiki kitab-dəftər, texnoloji inqilab dövründə 15-20 yaşlı cavan 60-70 yaşlı qocadan daha çox bilik əldə imkanına malikdir. O cümlədən, dünya görüşü baxımından. (Burada “dünya görüşü” həm də fiziki anlamdadır, cavan uşaqlar var, bizdən yüz dəfə artıq dünyanı gəzib dolaşıblar).
Elə həmin ailə modelimizi qorumağa çağıran cəfəngiyatın böyründə Daşkəsəndən xəbər qoyulmuşdu. 19 yaşlı hamilə gəlini qayınata və qayınanası vəhşicəsinə döyüb ağır durumda xəstəxanalıq ediblər. Səbəb isə gəlinin toy qabağı vəd edilən qoyunu gətirməməsi olubdur. Xəbər lentində belə ailə daxili zorakılıqdan yüzlərlə, minlərlə siqnal oxumaq olar. Elədirsə, hansı ailə modelimizdən dəm vururuq? Gəlin etiraf edək ki, bizim ailə modelimiz daha çox ört-basdır, “harda qırıldı-qırıldı”, “qonşu nə deyər”, “ayıbımızı yer örtsün” kimi mağara prinsipləri üzərində qurulub, çağdaş dünyaya heç bir dəxli olmayan biabırçılıqdan başqa bir şey deyildir. Özü də bunu kimsə internetin-zadın üstünə yıxmasın. Guya internet ailələri dağıdırmış… Yoldaşlar, axı yuxarıda yazdım: qoyunun üstündə gəlini miniblər. Vəssalam. Burda votsap-instaqram yoxdur ey. Qoyun var. Daşkəsəndə isə bəlkə heç internet ümumən yoxdur.
O cümlədən, bunun hardasa yeni faciələrimiz olması da mənasız, yalandır. 19-cu əsr, 20-ci əsrin əvvəlindəki klassiklərimizi diqqətlə oxuyun. Təkrar oxuyun. Görün orda hansı müqəddəs ailə dəyərləri tapırsınız. Cavan qızını pula görə qoca kişiyə verən atalar, anasını kəndin kəndxudasına satan oğullar, bir gecəlik siğə qurbanı balaca uşaqlar, qoca tacirlərin əlləşdirdiyi oğlan uşaqları, arvad-uşağını məşuqəsinə görə ac qoyan “ağsaqqallar” və sairə və ilaxır iyrənc tiplərin, murdar mənzərələrin şahidi olarsınız. Bəlkə Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Sabir, Haqverdiyev və başqaları bunları özlərindən uydurublar, bu personajları xarici qüvvələrin təsiri ilə qoltuqlarının altından çıxarıblar? Yox. Deməli, o vaxt da ailə institutumuz ciddi problemlər içindəymiş.
Ən gülünc, hətta qırmızı yalan iddialardan biri isə guya bizim ailələri dağıtmaq istəyən qərblilərin, Avropa xalqlarının ailə məsələsində daha çox konservator olması söhbətidir. İrlandiya kimi katolik dövlətində baş nazir geydir. Almaniyanın baş naziri, Berlinin meri gey idi. Britaniyada kişiyə ərə gedən Elton Cona kraliça ser titulu verir. Fransada prezident özündən yaşca çox böyük müəllimi ilə evlənir. Qadınlar Skandinaviya ölkələrini faktiki idarə edirlər. Ümumiyyətlə, sivil dünyada heç kim başqasının şəxsi dünyasına, şəxsi həyatına qarışmır. Əlbəttə, ailənin cəmiyyətin əsas və təbii özəyi olması beynəlxalq insan haqları bəyannaməsinə də düşmüş ifadədir, ancaq orada bu proses belə əks edilib: “Ailə cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir” (maddə 16). Yəni, ailənin müdafiə hüququ var. Bizdə isə ailəli adamlar subaylara hücuma keçir. Deyirlər sən ailə qurmamısan, nə üçün hansısa dəyərlərdən danışırsan?
Yeri gəlmişkən, uşaqlarına zorakılıq edənlər bəzən küçəyə çıxıb başqalarının uşaqlarına dövlətdən uşaq pulu tələb edirlər. Əladır, elə deyilmi? Hələ əndrəbadi müdafiəçilər də tapılır. Biri yazır ki, qardaşımızı onsuz çox tutublar, bir də uşaq döyməyə görə tutmasınlar. Əlbəttə. Bizdə bir dəfə tutulmaq adama ömürlük təqsirsizlik prezumpsiyası verir. Bu, bizim qanunvericiliyin dünyada analoqu olmayan unikallığı, ya da sizin terminlə yazsaq, milli modelimizdir. Başqası deyir bu prokurorluqda ədalət olsa ilk növbədə filankəsi tutardı, oğrular azadlıqda gəzirlər, banditlər kef çəkir və sairə. Yəni, cinayət işi növbəyə qoyulmalıdır. Əvvəlcə ağır cinayətkarları tutaq, sonra yüngülləri. Üçüncüsü isə deyir axı ailədən şikayət ərizəsi yoxdur, nə üçün prokuror özündən hoqqa çıxardır. Təbii. Ərizə mütləqdir. KİV-də, sosial şəbəkədə verilən açıqlamalar əsasında prokurorluq araşdırma başlaya bilməz. Hətta yaxşı olar kimsə qətlə yetiriləndə onun şikayət ərizəsini alıb qatilə cinayət işi açasan. Əks halda, nə biləsən… Bəlkə ailə dəyərləri üstündə öldürülüb? Özü də atalarımız demişkən, günah adətən öləndə olur.