BMT baş katibi Antonio Quterreş İordaniyadkı forum çərçivəsində Ermənistan prezidenti Armen Sərkisyanla görüşüb, orda da Vyana görüşünü alqışlayıb. Deyəsən, müəllim unudub ki, 1992-ci ilin martında Azərbaycan BMT-nin üzvlüyünə Dağlıq Qarabağ və ətraf 7 rayonla birgə qəbul olunub və ərazilərimizin işğalını Sərkisyanın ölkəsi həyata keçirib.
Üstəlik, MBT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsi üçün 4 qətnamə qəbul edib. Di gəl, baş katibi 26 ildir bu qurumun üzünə tüpürən, qətnamələrini zibilliyə tullayan ölkənin rəhbərliyi ilə görüşdə torpaqların azad olunmasını tələb etmək əvəzinə, danışıqları mədh edir. Özü də o, A.Sərkisyanla BMT Təhlükəsilzik Şurasının Kəlbəcərin işğaldan azad olunmasını tələb edən 822 saylı qətnamə qəbul etməsinin 26-cı ildönümü günündə (!) görüşüb. 6 aprel 1993-cü ildə BMT TŞ erməni işğalçı birləşmələrinin Kəlbəcər və digər rayonlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi…
Quterreş həmin qətnaməyə niyə əməl edilmədiyinin səbəbini soruşmalıydı. Təkcə bunu da yox. Ermənistan prezidenti Kəlbəcərin işğalının ildönümünü Dağlıq Qarabağda keçirdi, iki gün ərzində Azərbaycan ərazilərində veylləndi, Talış kəndinədək gəlib “bura qədim erməni torpağıdır” dedi. Lakin sülh carçısı olan BMT baş katibi bu faktı onun üzünə vurmadı.
Azərbaycan prezidentinin “müharibə hələ bitməyib” bəyanatı bir çox dairələrə, elə BMT başda olmaqla, beynəlxalq təşkilatlara da ciddi mesajdır. Əslində bu xəbərdarlıq daha çox düşmənə, onun havadarlarına və ölkə xaricindəki dairələrə yönəlib, çünki Azərbaycan vətəndaşı onsuz da ikinci Qarabağ savaşının – Vətən müharibəsinin labüd olduğuna heç vaxt şübhə etməyib. Çünki Şuşasız Azərbaycanın daim yarımcan olacağını hər birimiz bilirik.
Sözsüz ki, savaşın labüdlüyü barədə qənaətimizi Vyana görüşündən sonra Ermənistan rəhbərliyinin təxribatçı bəyanatları bir daha möhkəmləndirdi. İstisna deyil ki, ölkə rəhbərliyi də məhz bu amili nəzərə alaraq sərt xəbərdarlıq etdi. Adətən rəsmi Bakı Ermənistanın keçmiş prezidentlərinin fəaliyyətini kəskin tənqid edərək, yeni hakimiyyəti dərs çıxartmağa çağırırdı. Qarşı tərəf danışıqlarla bağlı da qaydalara əməl etmək niyyətində olmadığını hər dəfə nümayiş etdirir.
Serj Sərkisyan vaxtilə BMT Baş Assambleyası çərçivəsində təşkil olunan ikitərəfli görüşdən çıxandan az sonra erməni icması ilə görüşdə ərazilərin geri qaytarılmasını mümkünsüz saymışdı. N.Paşinyan da həm Paris, həm də Vyana görüşündən sonra analoji mövqedən çıxış etdi. Deməli, danışıqlar bunlara sadəcə, zaman qazanmaq üçün lazımdır.
Müdafiə naziri Zakir Həsənov bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət etdiyini bildirib. Nazir ordu hissələrinin istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib. Deməli, bircə “Vur, komandir!” əmri qalır.
Xarici işlər naziri Elmar Məmmədyarov da son açıqlamaları və ermənilərə verdiyi dərs, həmçinin işğalçı ölkəyə xəbərdarlığı ilə diqqət mərkəzinə gəldi. Xüsusilə də nazirin təyyarədə erməni jurnalistə “Ermənistan əsgərinin Qarabağda, Azərbaycan ərazisində nə işi var” deyə sual etməsi, həmçinin “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” xəbərdarlığını etməsi gözəl cavab idi. Xüsusilə də bunun Ermənistan XİN rəhbəri ilə gözlənilən Moskva görüşü ərəfəsində deyilməsinin mühüm əhəmiyyəti var. XİN rəhbəri bir sıra hallarda adekvat olmayan reaksiyalarına görə tənqid olunurdu. Bu dəfə isə tam fərqli davrandı cənab Məmmədyarov.
Şübhəsiz ki, müdafiə və xarici işlər nazirlərinin son fəaliyyəti təqdir olunmalıdır. Bu, düşmənin üzərinə yönəlik psixoloji, həm də diplomatik hücumdur. Erməni saytları məhz bunu nəzərə alıb “Azərbaycan hücuma hazırlaşır” xəbərdarlığını yayır. İnanaq ki, psixoloji və diplomatik hücum bir gün Qarabağın azadlığı uğrunda genişmiqyaslı əməliyyatlarla əvəz olunacaq!
Ermənilər Laçında, Qubadlıda ağac əkirlər. Bizim Cocuq Mərcanlıda əkdiyimiz ağacların “acığına”. “Donuzu darıdan çıxartmağ”ın zamanı gəldi. BMT heç zaman öz qətnamələrinin icrasını tələb etməyəcək. O qətnamələrin icrası Azərbaycan əsgərinin üzərinə düşür. Həm də Quterreşin təşkilatının üzünü ağardacaq o əməliyyatlar…