Elə yazını başlamaq istəyirdim ki, xəbər saytlarının birində daha bir boğulma xəbərini gördüm. Bu dəfə Qazaxda 19 yaşlı tələbə çayda çimərkən boğulub. Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi ola Goranboy sakini tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb. Xəbərdə deyilir ki, boğulmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.
Adam deməyə söz tapmır. Ay qardaş, nə xəbərdir? Niyə özünüzə qəsd edirsiniz? Niyə cavan ömrünüzə qıyırsınız? Bəlkə də kimlərsə bu sualları normal qəbul etməyəcək, yanlış sayacaq. Amma gəlin, əyri oturaq, düz danışaq.
Bəzən Xəzərdəki boğulma halları ilə dənizi hasarlayanlar arasında əlaqə axtarırıq. Bu da istisna deyil, əgər dənizin suyunu, Allahın bəxş elədiyi qumu dədə malı kimi qamarlayanlar imkan versə, adamlar “çimmək üçün qadağandır” lövhəsini adlayıb canına qəsd etməz. Amma əslində bu da bilərəkdən həyatına qıyanlara haqq vermir. Nə məcburdur, çimmə də! Yaxud Ağstafaçay sahili ki, Xəzər kimi hasarlanmayıb. Deməli, səbəb başqadır.
Biz cəmiyyət olaraq öz taleyimizə laqeydik, gəlin etiraf edək. Təkcə suda boğulma məsələsi deyil.
Hər gün redaksiyamıza gəlib-gedəndə metronun “Neftçilər” stansiyası yaxınlığındakı magistral yolda polislərlə piyadalar arasındakı gərginliyi müşahidə edirəm. Polis nə deyir ki? Deyir, anam-bacım, atam-qardaşım, vətəndaşım, cəmi 15 metr qabaqda yeraltı keçid var, niyə ordan keçmirsən, özünü də, sürücüləri də təhlükəyə atırsan? Kimi deyir tələsirəm, kimi də bəhanə edir ki, şəhəri yaxşı tanımıram. “Tələsən” adamlarımız ölümə doğru da beləcə tələsirlər…
Dəm qazından boğulanlarımızın faciəsi də başqa bir mövzudur. Elə burada da laqeydlik öz sözünü deyir. Hər mövsümdə əlaqədar təşkilatlar xəbərdarlıq edirlər ki, “tüstü-bacaları təmizlətdirin”. Kimdir təmizlədən? Bir dəfə maraqlandım, sakinlər dedilər ki, tüstü-bacaların təmizlənməsi üçün mənzilbaşına 8 AZN istəyirlər. Özü də gərək blokdakı sakinlər hamısı razı olsun, bu işlə məşğul olanlar gəlib boruların hisini, pasını, qurumunu təmizləsinlər. Ancaq yox, biz həyatımızı qorumaqdansa, gedib 8 manata çay, pivə içərik. Ya da Allaha təvəkkül, nə olar, olar.
Suda boğulanlarımıza gəldikdə… Statistika sübut edir ki, boğulanların 99 faizi kişilərdir. Belə çıxır kişilər özlərinə daha çox güvənirlər, bir az suda əl-qol atmağı bacaran elə bilir ki, “dəryaları yaradıb”. Nəticədə bir insan ömrü yarıda qırılır, bir nəsil yasa qərq olur, arzular yarımçıq qalır…
Ötən həftənin küləkli günlərindən birində 6 nəfər (!) dənizdə batdı. 21-ci əsrin insanı nədən anlamaq istəmir ki, küləkli havada dənizə girməzlər, girib də dərinə getməzlər?! Həmin küləkli günlərdə yaxınlıqdakı stadionda anasının nəzarəti ilə basketbol oynayan bir rus uşağı gördüm. 15 il əvvəl Bakıdan Sankt-Peterburqda köçüb bu ailə. Arabir burdakı doğmalarına baş çəkməyə gəlirlər. Ana deyir ki, günün qrafikini sinoptiklərin proqnozuna əsasən qururlar, külək oldusa, birmənalı şəkildə dənizə getmək olmaz! Uşaq da eyni dünyagörüşə malikdir. Biz isə uşağın əlindən tutub ölümə aparırıq, küləkdə…Valideyn məsuliyyətsizliyi var, etiraf edək.
Təbiblər deyir ki, yemək yeyəndən sonra hətta duş qəbul eləmək də zərərlidir. Amma biz dənizə yeyib-içəndən, həm də spirtli içki qəbul edəndən sonra giririk, “varmı mənə yan baxan” deyərək. Olmaz belə!
Fövqəladə Hallar Nazirliyinin çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib: “Nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək… qadağandır”. Amma bütün bunları edən bizik!
Nə qədər ki, həyatımıza laqeydik, xəbərdarlıqlara yenə də məhəl qoymayacağıq. Özüm şahidəm, Mərdəkan çimərliyində FHN-in işçiləri səddi ötüb keçən, dərinliklərdə üzən gəncləri geri qaytarmaq üçün daha nələr etmədilər? Az qalırdılar yalvarsınlar ki, “qurbanınız olum, qayıdın geri, boğulacaqsınız!” Nə xeyri? Adamlar özlərinə güvənir. Sonra da meyitini axtarmaq qalır. Suyun ortasında 5 növcavanın əlində siqaret çəkməsi səhnəsini təsəvvür edirsinizmi? İç araqdan, çək siqaretdən, sonra da dərinliyə baş vur. Daha FHN neyləsin?!
Kim bilir, bəlkə də dənizin çimmək üçün ayrılan yerlərini dəmir torla -“setka” ilə çəpərləmək lazım gələcək. Adamlar dərinə getməsinlər deyə…