Avropa Türkiyə vətəndaşlarına hələ 2015-ci ilin sonlarında vizasız gediş-gəliş söz vermişdi. Ancaq nə baş verdi? Buyurun, martın 28-dən Gürcüstana vizasız get-gəl hüququ verən Avropa qos-qocaman Türkiyəni hələ də qapı dalında saxlayıb. Hələ bu azmış kimi, Avropa İttifaqı Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn layihələrə “stop” deyib.
Budurmu Türkiyəyə təşəkkür? Avropa İttifaqı 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 mlrd. avro maliyyə yardımı ayırmağı planlaşdırmışdı, vədinə xilaf çıxdı. Türkiyənin təkcə Suriyadan gəlmiş 3 milyon qaçqınına xərclədiyinin həcmi 10 milyardı keçib. Avropa Birliyi bundan öncə qaçqınlara görə Ankaraya 3 milyardlıq dəstək vəd etmişdi, onda da sözündən qaçdı.
Əslində bu gün Avropa məkanı Türkiyəni bağrına basmalı, onun varlığı üçün dua etməlidir. Əks təqdirdə qaçqın axını əlində yesir günə qalar özündən deyən Avropa. Miqrantları ən müxtəlif yollarla dənizlərdə batıranlar, ölkəyə girməsinlər deyə, qarşısına tikanlı məftillər hörənlər milyonlarla insanı ağuşuna alan, tikəsini onlarla yarı bölən, üstəlik onlara təhsil verən Türkiyəyə qarşı ən müxtəlif xain planlar həyata keçirməyə çalışırlar.
Bir müddət öncə Almaniyanın sərgilədiyi anti-Türkiyə davranışlarını daha qaba formada Hollandiya davam etdirməkdədir. Görün, Avropadakı türkfobiya hansı həddə çatıb ki, nəhəng bir dövlətin xarici işlər nazirinin təyyarəsinin belə ölkə ərazisinə enməsinə izn vermirlər. Söhbət nazir Mövlud Çavuşoğlundan yox, Türkiyə dövlətindən gedir. Sən 80 milyonluq dövlətə qarşı bunu necə edə bilərsən? Yaxud başqa bir nazirin, özü də xanımın avtomobilini yolun ortasında saxlayıb onu “arzuolunmaz şəxs” elan etmək yolveriləz haldır.
Türk diasporunun Hollandiyada keçirdiyi etiraz aksiyalarına bu cür vəhşicəsinə reaksiyanın başqa adı yoxdur, bu, düşmənçilikdir! Öz etirazını sivil qaydada bildirən insanlara atlı-itli müdaxiləyə başqa nə ad vermək olar ki? Budurmu Avropa demokratiyası?!
Hollandiya hökuməti M.Çavuşoğlunun yox, Azərbaycan ərazilərini işğalda saxlayan Serj Sərkisyanın, Edvard Nalbəndyanın, Qarabağ separatçısı Bako Saakyanın təyyarəsinin enişinə icazə verməsə, bu, olardı ədalət. Ancaq biz bu ədaləti nə Hollandiya Krallığında gördük, nə də digər Avropa ölkələrində. Hətta Avropa Parlamentində Dağlıq Qarabağ separatçıları ilə “dostluq qrupu” yaradıldı, Bako Saakyan “əziz-xələf qonaq” kimi qarşılandı. Terrorçular “İnterpol”a verilmək əvəzinə, dəstək qazandı.
Türkiyə bu gün daxildə terrorla təkbaşına mübarizə aparır. Ancaq Türkiyədə hakimiyyət çevrilişi həyata keçirməyə çalısısan FETO-çu, qardaş ölkəni parçalamaq üçün fürsət gözləyən PKK-çı Avropada özünə sığınacaq tapıb. Avropanın ayrı-ayrı dövlətləri öz köksündə Türk düşmənlərini bəsləyirlər. Türkiyə hakimiyyəti bunları deyir. Deməsinmi?
Deyək ki, Almaniya, ya Hollandiya hökumətləri Türkiyədəki referenduma “əvət” demək istəyənlərin toplaşmasını istəmir, o məsələlərin burada dartışılmasına razı deyil. Olsun. Amma necə olur ki, “xeyir” deyənlərə, hətta PKK-çılara dəfələrlə meydan verilir, yürüş – mitinq imkanı yaradılır, amma əks tərəfə yox? Deməli, burada məqsəd ayrıdır.
Bir neçə il əvvəl erməni diasporu Hollandiyada qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş seminarda separatçı rejimin “deputatı” Armen Sarkisyan əsas məruzəçi olmadımı? Bu fakt həm də Azərbaycana münasibəti ortaya qoymaq üçün kifayət edərdi. Amma yeganə də deyil.
Martın 17-də Hollandiya məhkəməsi Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına hökm oxuyacaq. Bilirsiniz nəyə görə?
İlhan Aşkın 3 il əvvəl “Qarabağ ermənilərə məzar olacaq” dediyi üçün. Hollandiyanın Azərbaycana münasibəti budur. Ermənilərə gəldikdə, münasibət yerdən-göyə qədər fərqlidir. İlhan Aşkın Qarabağın işğaldan azad olunmasını istəyib, ermənilərə deyib ki, torpaqlarımızı tərk edin, əks təqdirdə o torpaq sizə məzar olacaq. Hollandiya məhkəməsi isə hesab edir ki, Azərbaycan türkü buna görə ermənilərdən üzr (?!) istəməlidir.
Durum belədir. Hollandiya hökuməti təkcə Türkiyəyə qarşı deyil, həm də Azərbaycana, onun ərazi bütövlüyünə qarşı mövqe qoyur, türk düşmənlərinin əlinə işləyən addımlar atır. Avropada antitürk ruzigarı əsir. Bu mərhələdə Türkiyənin yanında olmaq qardaşlıq borcumuzdur. Söhbət hakimiyyətdən yox, Türkiyədən gedir. Türkiyənin varlığı həm də Azərbaycanın varlığıdır!