Ermənistan Qarabağ məsələsində maksimum vaxt qazanmağa çalışır. Hər fürsətdən yararlanır, hər cür əclaflığa gedir, təki beynəlxalq aləm işğal faktını unutsun, Azərbaycan “reallıqla” barışsın, torpaqların ilhaqının qanuniləşdirilməsinə razılıq versin.
Ötən ilin dekabrında şəhid olmuş əsgərimiz Çingiz Qurbanovun nəşini nəhayət, 39 gündən sonra geri qaytardılar. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi meyit alverçisi kimi tanınmasına görə dünyanın tənəsini qazandığına görə bu addımı atmadı. Sadəcə, əclafcasına növbəti şousunu nümayiş etdirmək şansı qazandığı üçün gecikmiş “humanizm” nümayiş etdirdi.
İşğalçı ölkə fevralın 1-dən yeni tamaşaya başlayıb. İndi də dumanda azıb Talış kəndi istiqamətində ermənilərin əlinə keçən Elnur Hüseynzadənin “məhkəməsini” qurublar. Yenə də eyni ssenari… Elnur da 2014-cü ilin iyulunda doğma yurdlarını ziyarət üçün gedən Dilqəm, Şahbaz və Həsən kimi, 29 dekabrda həlak olan Çingiz kimi “diversant” deyə, təqdim olunur, “sərhədi qanunsuz keçməkdə” ittiham edilir.
Beynəlxalq aləm Azərbaycan torpağında “sərhəd” xətti çəkən Ermənistana dözümlü yanaşdığı üçün düşmən at oynadır. Ermənistan hakimiyyətinin dişində şirə qalıb. Azərbaycan torpağını 25 ilə yaxındır işğalda saxlayır, BMT qətnamələri icra olunmamış qalıb, ancaq nə təzyiq var, nə sanksiya. Azərbaycan ərazisində Azərbaycan vətəndaşları “əsir”, “girov” götürülür, mühakimə olunur, ömürlük həbs edilir, yenə də İrəvana təpki göstərən yoxdur. Ona görə də azğınlığını davam etdirir Serj Sərkisyan hakimiyyəti.
Bu şouları davam etdirməkdə işğalçının başqa məqsədləri də var: 1.Sərkisyan hakimiyyəti daxili ictimaiyyətin başını qatır, diqqəti xarici düşmənə yönəldib içəridəki problemləri “unutdurur”; 2. “Həbs etdiyi” azərbaycanlıları Xankəndidə “mühakimə” etməklə beynəlxalq ictimai rəyə Qarabağın “müstəqil” olduğunu yeritməyə çalışır; 3. Bu yolla Azərbaycana “Qarabağın sərhədləri”nin “toxunulmaz” olduğu mesajını davamlı şəkildə vermək istəyir.
Ermənistanda da çox yaxşı anlayırlar ki, Azərbaycan işğal faktı ilə barışmayacaq, gec-tez qisasını alacaq. Aprel müharibəsi düşmənin yaddışını təzələdi, anladı ki, Azərbaycan 90-cı illərdəki kimi ov tüfəngi ilə avtomat qarşısına çıxan könüllülərdən ibarət deyil, hərb sənətinə yiyələnən, müasir silah-sursatla təchiz olunan ölkədir.
Üstəlik, ermənilərdən fərqli olaraq, Azərbaycan vətəndaşlarının döyüş ruhu tam yerindədir, istənilən an savaşa hazırdırlar. Bunu “Gallup International” tərəfindən aparılan sorğu da təsdiqlədi. Nəticələrə görə, Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır. Siyahının 15-cisi olan ermənilər isə aprel savaşından sonra ölkələrini tərk etmələrinə görə liderdirlər. Aprel döyüşlərində Ermənistan təkcə işğalda saxladığı yüksəklikləri, onlarla döyüş tankını, yüzlərlə əsgərini yox, həm də 6300 nəfər vətəndaşını itirib. İşğalçı ölkə necə sarsılıbsa, qısa müddətdə bu qədər gənc erməni aradan çıxıb. Erməni mətbuatı təsdiqləyir ki, son üç ildə əhalinin 5 faizi – 150 min nəfər Ermənistanı tərk edib. İkinci Qarabağ savaşının Ermənistan üçün fəlakət olacağını dəqiq bilirlər.
Bu yaxınlarda Ermənistanın Azərbaycanla həmsərhəd kəndlərindən birindən hazırlanmış reportaja baxdım. Kənd sakini deyirdi ki, vaxtilə 850 nəfərin yaşadığı kənddə indi heç 50 nəfər də qalmayıb.
Azərbaycan prezidenti işğaldan azad olunmuş Cəbrayılın Cocuq Mərcanlı kəndinin abadlaşdırılması qərarını verib. Xalqın reaksiyası göz önündədir. Ermənistan hakimiyyəti apreldən sonra nə qədər güzəşt vəd edirsə, erməniləri Talış kəndinə qaytara bilmir. Azərbaycanlılar isə Cocuq Mərcanlıya qayıtmaq üçün növbəyə durub. Qərara əsasən 50 ev tikiləcək, amma 200 nəfər kəndinə qayıtmaq istəyir. Budur fərq!
Azərbaycanlılar işğaldan azad olunmuş yurduna qayıdır, ermənilər isə Ermənistandan… Azərbaycana qaçır… Düşməninə sığınır ermənilər. Qarabağ ermənilərə səadət bəxş etmədi. Onlar “Qarabağlı Ermənistan”da çürüməkdənsə, hazırda Qarabağsız olan Azərbaycanı seçirlər. İki ölkə arasındakı fərq budur!!!
Ermənilər Xocalı görə üzr istəyir, işğal faktını qınayır, Sərkisyanı lənətləyir. Bunun qarşılığında Sərkisyan azərbaycanlılara məhkəmə qurur. Erməni xalqının bir gün onu mühakimə edəcəyini anladığı üçün azərbaycanlıların məhkəmə şousu ilə zaman qazanır. Amma nə vaxta qədər? Bir gün onun da zamanı bitəcək…