Bu gün faktiki olaraq elan olunmamış Üçüncü Dünya Mübaribəsi gedir. Çox təəssüf ki, birinci müharibədə olduğu kimi, bu dəfə də Türkiyə qeyri-ixtiyari olaraq savaşa qatılmağa vadar edilib. Nəticə ortada.
İstanbulun ürəyində törədilən qanlı terrorun məhz bu ərəfədə həyata keçirilməsi müəyyən ehtimallara yol açır. Hadisədən bir neçə saat əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “biz öz yolumuzla gedəcəyik” mesajını vermişdi. O, ölkəsini hədəf seçən, Avropanın kandarına belə buraxmaq istəməyən Qərbə ünvanlamışdı mesajını.
İstanbuldakı xain hücumlar bu ilin 17 fevral və 15 mart tarixlərində Ankarada törədilən terror hadisələrinə bənzəyir. O zaman Ərdoğanın Azərbaycana səfər edəcəkdi, hər iki terror aktı səfərlərin təxirə salınmasına səbəb oldu. Bundan sonra prezident İlham Əliyev özü Ankaraya getdi və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutdu.
11 dekabrda isə Ərdoğan Qazaxıstana gedəcəkdi. Nazarbayevlə 2017-ci ildə keçiriləcək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına hazırlığı da müzakirə etmək üçün… Təsadüfdürmü?
Baxın, Türkiyə matəmə bürünüb, amma Qərb təsisatları sıradan açıqlamalarla kifayətlənir. Paris terrorundan sonra Fransada qol-qola yürümüşdülər…
Avropa Parlamenti az öncə Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul etdi. Cəmi bir il əvvəl türk insanına vizasız gediş-gəliş vəd edən Avropa indi terrorla təkbaşına döyüşən Ankaranı hədələyir. Bu, terrorçular üçün şifrəli mesajlardır.
Bəzən iddialar səslənir ki, münasibətlərin kəskinləşməsində Ərdoğan iqtidarının suçu var. Deyək ki, daxildə hansısa problemlər mövcuddur. Məgər ötən onilliklərdə də Türkiyənin başında Ərdoğanmı dayanıb? Avropa düz 53 ildir öz qapılarını Türkiyənin üzünə möhkəm qapayıb, unutmayaq! Ötən illərdə 30 min insanı qətl edən PKK-nın lideri Öcalanı xilas etmək üçün Ankaraya nə qədər təzyiqlər oldu.
Türkiyə dövləti beş ildir ki, 3 milyondan artıq Suriya qaçqınına qucaq açıb, 15 milyard dolları aşan vəsaitindən keçib. Bu vaxta kimi BMT Türkiyədəki qaçqınlara cəmi 550 milyon dollar, Avropa İttifaqı isə 700 milyon dollar vəsait ayırıb. İki beynəlxalq təşkilatın ayırdığı yarıdm Türkiyədən 15 dəfə azdır! Avropa Birliyi isə 3 milyard avro vəd elədi, sözündən qaçdı…
Bu terrorun Türkiyə prezidentinin “sərhəd qapılarını açacağıq” xəbərdarlığından sonraya təsadüf etməsi də düşündürücüdür. Bəzi Avropa ölkələri qaçqın bəlasından xilas olmaq üçün Türkiyənin başının daha çox özünə qarışmasında maraqlıdırlar.
Vaxtilə İraqa “demokratiya” vədən edən koalisiya indi də Türkiyədə “insan haqları və demokratiya” pozuntularından “narahatlığını” gündəmə gətirib. Türkiyənin daxilində problemlərin olduğunu kimsə inkar etmir. Amma hansısa problemlər dinc insanların qana boyanmasına bəhanə ola bilməz və bu qəsdlər lənətlənməli, canilər məhv edilməlidir!
İstanbuldakı terror olayını hansısa təşkilatın üzərinə götürməsi hələ hər şeyin bəlli olması anlamını vermir. Bu, antiTürkiyə koalisiyasının reallaşdırdığı xain hücumdur.
Bu qəsddən R.T.Ərdoğanın dollardan imtina xəbərdarlığına, Türkiyənin Şanxay Əməkdaşlıq Şurasına üzvlük niyyətinə cavab qoxusu da gəlir.
Bir il əvvəl rus qırıcısının vurulması olayının da Rusiya-Türkiyə savaşı üçün üçüncü ölkələr tərəfindən ssenariləşdirildiyi getdikcə daha çox bəlli olur. İndi də ABŞ bəyan edib ki, Suriyadakı kürd birləşmələrini silahlandıracaq. Dolayısı ilə PKK-nı…Bu, həm də Gülənin təhvil verilməsini istəyən Ankaraya təhdiddir.
Başqa bir fakt: Moskva Kalininqradda “İsgəndər” raket kompleksləri yerləşdirəndə NATO daxil, bütün Qərb dövlətləri ayağa qalxdı, Rusiya sərhədlərinə qoşun cəmlədilər. Amma “İsgəndər”lər Ermənistana veriləndə susdular. Azərbaycan bir yana, NATO ölkəsi olan Türkiyənin təhdid olunmasına reaksiya vermədilər. Çünki ortada Türkiyəni parçalamaq, böyük savaşa cəlb etmək projesi var…Həzm edə bilmirlər Osmanlı yadigarını…
Birinci Cahan Savaşında Osmanlını parçaladılar. İndiki elan olunmayan üçüncü savaşda isə Türkiyəni tikə-parça etmək istəyirlər. 100 il əvvəl qarşı duran tərəflər açıq şəkildə, kişi kimi döyüşürdülər, indi Türkiyənin üstünə PKK, PYD kimi, İŞİD kimi gəlirlər. İlana zəhər verən kərtənkələlərdir bunlar…