Türkiyədən əcaib repressiya xəbərləri gəlir. “Qiyamçı generalın qardaşı vəzifəsində uzaqlaşdırıldı”, “Çevriliş cəhdi təşkilatçısının qohumu işdən çıxarıldı” və sairə. Orada bu cür mağara repressiyaları adət halını almışdır. Eynilə bizdəki kimi.
Artıq karikatur şəklində istifadə edilən “bir millət, iki dövlət” şüarı çox yerinə düşür. Dünən saytlardan birində oxudum, keçmiş MTN-in keçmiş generalı Hilal Əsədovun arvadı Bakıda uşaq poliklinikasında baş həkim işləyirmiş, indi onu işdən çıxarıblar. Sitat: “Nüşabə Əsədovanın həyat yoldaşının qanunsuz əməllərinə görə ”vurulması” çoxdan gözlənilsə də nədənsə, o, bir neçə aydır ki, vəzifəsində qalırdı”. Sitatın sonu.
Əla məntiqdir, eləmi? Görün bizim media orqanları bu cür repressiv məntiqə necə rahat uyğunlaşıblar. Həyat yoldaşı qanunsuz əməl törədirsə, bunu da işdən çıxartmaq lazım imiş. Azərbaycanda işləməyin, hansısa karyera qurmağın bu cür axmaq siyasi vəziyyətlərdən asılı olmasını daha nə cür isbat eləmək lazımdır? Müxalifətçilərin qohumlarının işdən qovulması, həbsi adi haldır. İqtidarın vurulanları da bu sıraya qoşulmalıdır ki, balans yaransın. Bəs necə, yapistlər hər kəsə eyni gözlə baxırlar. Dövlət siyasətimiz belə tələb edir. İnşallah, konstitusiya ütüləndən, yolunandan sonra lap qəşəng dövlət siyasəti olacaq.
Şeytan detallarda gizlənir deyərlər, bizim kimi bölgələrdə heç gizlənməyə ehtiyac qalmır. Kor kor gör gör – necə deyərlər. ASAN xidmətin Lahıcda könüllüləri ilə birgə düşərgə yapması haqda xəbərləri qəzetimizdə böyük həyəcanla oxudum. Axı orda 78 lahıclıya şəxsiyyət vəsiqəsi verilmişdir! Hələ gənclər gecə saat 1-də həyəcan siqnalı ilə yerlərindən qalxıb sıraya düzülüblər! Əladır.
Həyəcanlı ölkədə yaşayırıq, gərək hər şeyə hazır olaq. Ümumiyyətlə, heç vaxt Azərbaycanın başına etnik dərd açmayan, əksinə, barış və anlaşma şəraitində yaşayış modeli sayılan İsmayıllı bölgəsində, Lahıcda multikulturizm tədbirləri düzəltmək, buranı ölkəmizdə daxili siyasətin uğuru kimi təqdim eləmək absurddur. Elə “multikulti” və ya uğurlu etnik-dini siyasət aparansınızsa ölkənin qərb sərhədləri tərəfə baxın. Orda bir balaca problem var. Həmin problem məhz elə öyündüyünüz mırtikulturizm müstəvisindədir, etnik-dini mahiyyət daşıyır.
Ancaq əsas məqsədim bunu yazmaq deyil. Mənə bir dəstə camaatın Lahıcda məhz çadırda yaşayıb-işləməsi təəccüblü gəldi. Bunu ekstrim yaşamaq üçün etməyiblər. Səbəb sadədir: ölkənin Lahıc kimi istirahət-turizm guşəsində çoxsaylı adam toplanan tədbiri düzənləməyə hər hansı turistik obyekt yoxdur. Olanlar da çox bahadır, heç kim onları ASAN könüllülərinə qıymır. O üzdən, ASAN xidmət çadırda vəsiqə düzəldir. 21-ci əsrdə. Elə bil Afrikanın cəngəllikləridir, ya da Roald Amundsen Cənub qütbünə səyahətə çıxıbdır. Qardaşım, normal otaq tapıb vəsiqə verə bilmirsiniz?
Elə bu cür absurd, tragikomik durum üzündən turizm sektoru əcaib nəticələr ortaya çıxarır: sən demə, Kürdəmirə gəlib gecələyən turistlərin illik sayı Qəbələdə gecələyən turistlərin sayından dördqat çox imiş (iqtisadçı ekspert Rövşən Ağayevin araşdırmasından çıxan mənzərə). Gizli iqtisadiyyatın üstünə yıxmaq olar bu statistikanı, ancaq haçana qədər? Haraya qədər? Bu yaxında elan görmüşdüm: Zəngilan rayon statistika idarəsi özünə işçi axtarırdı. Gör necə əladır! Rayonu ermənilər alıb, ancaq statistikası bizdədir! Konstitusiya yoxdur, ona referendum keçirirlər. Təhsil yoxdur, qəbul aparılır.
Bax, elə 1 və 2-ci qrupların qəbul imtahanında 61 faiz abituriyentin 0-200 bal toplaması, köhnə dillə desək “iki” alması hansı istiqamətə yönəldiyimizin, zəhləm getmiş jurnalistlər demişkən, “bariz nümunəsidir”. Adını yaza bilməyən böyük bir kütlə yetişir.
Bəlkə bu baxımdan hamımızın çadıra qayıtmağımız, söykökümuzə dönməyimiz vacibdir. Sonra da mağara qazarıq. Tək Lahıc tərəflərdə yox, elə ölkənin hər yerində. Düzü, o vaxt buna “ölkə” deyiləcəkmi, yoxsa adı nəsə başqa asan-termin olacaqdır, bu haqda təsəvvürüm yoxdur.