Və ya Taarif Şurası toy müğənnilərini durduracaqmı?
Son dövrlərdə toylardan çox danışırıq. Məsələn, ardıcıl bir neçə dəvətnamə gələndə “bu toylar da məni yıxdı” deyib deyinənlərimiz, restoranların dikdiringi musiqisinin sədalarından, tullanıb-düşənlərin əttökən davranışlarından canını qurtarmaq üçün elə qapıdan nəmər yazdırıb geri dönənlərimiz, menyudakı israfçılıqdan bəhs edənlərimiz xeyli çoxdur.
Bir şeyə əminəm, biz özümüz vəziyyətdən çıxış tapası, bu sahədə qayda-qanun yaradası deyilik. Hətta adam tanıyıram ki, daim israfçılığa qarşı olub, ancaq övladının xeyir işində “el-oba mənə nə deyər” prizmasından yanaşıb məclisini ən zəngin menyu ilə yola verib. Ona görə də bu məsələdə qayda-qanun yaradılmasına, lap inzibati yolla da olsa, sərt tədbirlərin görülməsinə ehtiyac var. Əks təqdirdə ata israfçılığa qarşı olacaq, ana əksini deyəcək, yaxud hər ikisi razılaşacaq, ərə gedən qız, ya evlənən oğlan “mənim toyum bir dəfə olur” deyib iki ayağını bir başmağa dirəyəcək, “quş südü” tələb edəcək.
Yadınızda olar, iki il əvvəl Azərbaycanda bir nəfər toyuna gəlməyən 80 nəfəri məhkəməyə vermişdi. Demişdi özü həmin adamların toyuna gedib, ancaq onlar heç olmasa nəmər də göndərməyiblər. Bu işin sonrasından xəbərimiz olmadıE Dünyada böhran küləkləri əsdikcə biz də gərək “yorğanımıza görə ayağımızı uzadaq”. Dəyərli iqtisadçı alim Qubad İbadoğlu bu günlərdə vəziyyətə uyğun olaraq ailə büdcəsinin formalaşdırılması ilə bağlı gözəl təhlil yazıb. Məncə, burada toy xərcləri də yer almalıdır.
Keçən ay rayonların birində qaynananı “girov” götürmüşdülər, yəqin eşitmisiniz. Toy sahibi 1000 manat borcu ödəyəndən sonar “girov” azad edilmişdi. Şəxsən şahidiyəm, yaxın qohumumun oğlunun toyunda restorana 17.500 manat saydıq, axırda su istədik, “anbar bağlanıb” dedilərE
Əgər hər 7-8 nəfərdən biri boşanırsa, bu, ciddi rəqəmdir. Boşanmalarda toy stresi də öz sözünü deyir.
Təbii, toylardan qaz vurub qazan dolduranlar da var. Söhbət toy müğənnilərindən gedir, özü də rayonlarda 100-150 manata toya gedənləri demirəm. Artıq bu müğənnilər oliqarxa çevriliblər. Təqribən 5 il əvvəl qəzetimiz bir müğənni haqda yazmışdı ki, toyun yarım saatını 3 minə oxuyir. Zəng edib and-aman elədi ki, o, belə bahacıl deyil. Ancaq qısa vaxtda o qədər şişdi ki, indi maşın kolleksiyası ilə meydan oxuyur.
Ancaq artıq müğənnilər adamlara qiymətlə “toy” tutmalarından çəkinmirlər, əksinə, bununla öyünürlər. Buyurun, müğənnilərin öz dillərindən oxuyun:
Nuri Sərinləndirici: “Bakıda bütöv toy 15 min, bölgələrdə isə 20 min manat”. Afaq Aslan: “Bütöv toya getmirəm. Yarım saat 1000-1500 manat arasındadır”. Günay İbrahimli: “Yarım saat 3 min, bütöv 8 min”. Pərvin Lətifov: “Yarım saatı 1500, bütöv toyu 4 min manata oxuyuram”. Aysel Əlizadə: “Bütöv toya getmirəm. Yarım saatı 1500 manat”. Ayan Babakişiyeva: “Bütöv toya getmirəm, yarım saat 2500 manat”.
Hələ mən o qədər də tanınmayanlardan yazdım. Demirəm ki, Röya yarım saat üçün 8 min, Aygün 6 min, Mətanət 3500, Elton 4 min, Nazənin 2 min istəyir. Bilal Əliyevsə toya 1 milyon manata (!) gedirmiş. Deyib “mənim toy qiymətim budur”. Yəqin bir azdan manatla yox, dollarla oxuyacaqlar…
Dövlətə vergi vermək məsələsi gələndə isə biri bank kreditlərindən danışıb ağlaşma qurur, başqası da…Nə isə vəziyyət belədir. Təbii ki, heç kim camaatı məcbur etmir ki, hansısa bahalı müğənnini toyuna çağırsın, boğazından kəsib ona versin. Ancaq əgər bu adamlar xalqın artirstidirsə, onda heç olmasa xalqın durumuna uyğun qiymətlər qoymalıdır. Bu ölkədə bəlli kəsimi çıxsaq, kim yarım saata 3-5 min qazanır?
Həkim, ya müəliim müğənninin yarım saata qazandığını heç repititorluqla bir ilə çıxara bilmir. Bu il ölkədə 1000 tələbə oxumaqdan imtina etdi, təhsil haqqında görə. Müğənnilərsə o pulu yarım saata qazanır. Bu fakt insanlara çox pis təsir edir, həm də gəncliyi təhsil ardınca yox, mikrafon tutmağa həvəsləndirir. Görün efir kimin əlindədir, həmin bu toy müğənnilərinin. Yarım saat toyda oxu, 5 min qazan, apar ver teleaparıcıya, bütün verilişi sənə həsr eləsin…Vəziyyət belədir. Xalqa toy tutan müğənniləri durdurmaq lazımdır.
Onlar gerçək sənətkarları da küncə sıxışdırıblar, fərqindəsinizmi? Bəlkə də Taarif Şurasının qərarı olmalıdır. Dərman qiymətlərində maksimum qiymət qoyula bilir, müğənnilərə yox?