Nəqliyyat naziri Ziya Məmmədovun Xəzər kənarındakı villasını 50 milyon dollara Moskvadakı oliqarxlardan birinə satıb-satmadığı, yaxud niyə satmaq istədiyi ilə işim yox. Mən bu gün hörmətli nazirə üz tutub soruşmaq istəyirəm: axı bu məmləkətin camaatı yazıqdır, ailələr qırılıb-gedir, qəzaların qurbanı olur, bu hadisələrə görə zərrə qədər də olsa, narahatlıq keçirirmi?
Kimsə deyə bilər ki, yol qəzalarının nəqliyyat nazirinə nə aidiyyəti var? Ancaq var, özü də ciddi şəkildə. Bu ölkədə yol infrastrukturunun qurulmasına cavabdeh həm də bu qurum, onun başında dayanan nazir deyilmi? Yollardakı ağır qəzaların ən birinci səbəbi elə yolların bərbad vəziyyətdə olması, darısqallığıdır.
İnanmayan “Şamaxinka”dan üzü Şəkiyə, Şıx tərəfdən də Masallıya tərəf getsinlər və mənzərəni görsünlər. Şəki tərəfə gedəndə şahid oldum: eni təqribən 10 metr olan yolun hər tərəfindən 2 metr kəsib ortanı asfaltlayıblar. Belə yerdə əlbət ki, qəza, ölüm-itim olar…
Axı bu illər ərzində yol tikintisi üçün milyonlar ayrılıb dövlətin kisəsindən, hanı bəhrəsi? Düzdür, xaricilərə göstərmək üçün abad yollar da tikilib. Ancaq Bakı-Quba yolu kimi böyük paralar xərclənən yollar da var ki, 30 illik tikildiyi halda, heç 3 il duruş gətirə bilmədi. Yolların bərbadlığı həm avtoqəzaların sayını artırdı, həm qurbanların.
İyulun 10-unda yollardan iki qara xəbərlər gəldi. Birincisi daha dəhşətli idi. Tovuz rayonunun Qovlar qəsəbəsində “Mercedes” avtomobili və “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Bir ailənin 4 üzvü (!) ölüb. 1982-ci il təvəllüdlü Nadir Məmmədov, həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsma. Təsəvvür edirisinizmi, bir gənc ailə artıq həyatda yoxdur. Hələ 10 nəfər də yaralanıb.
Bəli, dünyada belə qəzalar olur. Ancaq bizdə ölüm halları yolların bərbad, sürücülərin naşı olmasından baş verir ki, buna görə də cavabdehlərdən hesab sorulmur. Elə dəhşətli hadisənin baş verdiyi Qovlar kəndində yol çox darısqaldır, orada geniş zolaqlı yol çəkilsəydi, kimlərsə asfaltın pulunu basıb yeməsəydi, o günahsız ailə də məhv olmazdı! Bunu Allah da bağışlamayacaq…
Günün digər hadisəsi metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlğında olub. 15 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu idarəetməni itirərək 7 maşını əzib, sonra dayanacağa çırpılıb. İlkin məlumata görə, qəza zamanı 12 nəfər yaralanıb. Hətta 2 nəfərin öldüyü iddiası var. Bu qəzanı törədənsə avtobus sürücüsüdür. Avtobus sürücüləri arasında narkomandan tutmuş dəlixanada yatıb-çıxana qədər bir çoxlarının olması barədə iddiaları da boşuna vermək olmaz. Məgər cavabdeh şəxslər bu faktlardan xəbərsizdir? Görün nə vəziyyətdir ki, hətta seçib ortaya çıxartdıqları, müasir avtobusu etibar etdikləri sürücü də Avropa Oyunlarında xarici idmançıları təkərin altına saldı.
Əslində bu, bir “SOS” siqnalı olmalıydı, hər kəs vəziyyətin ciddiliyini nəzərə alıb avtobus sürücüləri ilə bağlı ciddi hərəkətə keçməliydi. Ancaq kimdir? Avropa Oyunları ərəfəsində yenə nəzarət vardı, dayanacaqda saxlayırdılar, nizam-intizamlı olmağa çalışırdılar. Ancaq indi…
Siqaret yenə damaqda, siqnal səsindən qulaq tutulur, söyüş, qırğın, “avtoşluq”, istənilən yerdə saxlamaq, sərnişinlərlə çənə-boğaz, “istəmirsən, düş taksi ilə get”, daha nələr…
Başqa bir məqama diqqət çəkək. Avropa Oyunları iki həftədir bitib. Deyilmişdi ki, Fransadan Bakıya gətirilmiş yeni avtobuslar Avropa Oyunlarından sonra xəttə buraxılacaq. “BakuBus”un direktor müavini Vüsal Kərimli bildirmişdi ki, 302 ədəd avtobus ilk olaraq Bakının mərkəzində istifadəyə veriləcək, gələcəkdə sayın artırılması da planlaşdırılır, Fransanın “Sistra” şirkəti ilə birgə iş gedir.
Pilləkənsiz olacaq, dayanacaqlar səsli anonslarla elan ediləcək, salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb, iqlim-nəzarət və havalandırma sistemi mövcud olan, vahid ödəmə kartları ilə işləyəcək avtobuslar yəni… Görən olubmu? Hətta Avropa Oyunları vaxtı ləğv edilən köhnə marşrutları da bərpa etməyiblər. Camaat istidən boğulur, bir-birinin belində gedib-gəlir az qala. Sürücü-sərnişin müharibəsi də davam edir. Bəs hanı o avtobuslar? Camaata göstərib gerimi qaytardılar? Onda heç olmasa, köhnə avtobusların pəncərələrinin şüşələri sökülsün, camaat nəfəs alsın. İndi söz cənab nazirindir. Bu dəfə də susacaqsa…