Mayın 8-i idi. Günəşli bir səhər çağıydı. Qonaq gəldiyimiz bu şəhərdə əynində şalvar olan kişi bir biz idik, bir də rəsmi adamlar, dövlət işində, ofisdə çalışanlar. Qalan hamı 35 dərəcəlik qovurucu hərarətin diktəsi ilə yüngül yay geyimindəydi – qısa şort, mayka, kepka. Şəhərin ortasında qabağımıza az qala çimərlik paltarında qaçan, idman edən adamlar çıxırdı.
Söhbət ABŞ-ın Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərindən gedir. İl 2010. Biz Azərbaycandan getmiş 6 nəfər idik – 4 kişi, 2 qadın. İlk dəfə gördüyümüz ölkə bizə çox maraqlıydı, hər şeyə diqqət yetirirdik.
Həmin gün şəhərin geniş və abadan mərkəzi parkının yanında dayanmışdıq, bir azdan hansısa media qurumuna daxil olacaqdıq. Bələdçimiz bizə bir qədim binanı göstərirdi. Əlimdəki fotoaparatla şəkillər çəkirdim. Bir də gördüm ki, bir gənc, qısa şort geymiş bir gözəl qadın velosipedi ilə parka girdi, əlindəki şirə şüşəsini yerə qoydu, velosipedini də bir kənara atdı və səhər günəşinin şüalarının düşdüyü yerdə pərqu yataqdaymış kimi uzanıb gözlərini yumdu. Maraqlı mənzərə idi. Onun yanından o yana-bu yana gənc kişilər keçirdi. Onların sırasında ağ adamlar da vardı, qaradərililər də, Latın Amerikası ölkələrindən olanlar da, asiyalılar da. Ona da fikir verdim ki, həmin kişilərin heç biri o qadına gözlərinin ucu ilə da baxmır. Azad ölkədə gözəl bir qadının bu cür yüngül geyimdə parkın ortasında sərbəst şəkildə uzanması və ətrafdakıların ona məhəl qoymaması mənə çox maraqlı gəldi və o mənzərənin şəklini çəkdim. Niyyətim o idi ki, vətənə qayıdanda bu şəkli dost-tanışa göstərim və deyim ki, Amerika belə bir yerdir.
Həmin səfərimiz zamanı biz çox kollektivlərdə, iaşə obyektlərində, ticarət mərkəzlərində olduq. Minlərlə insanla qarşılaşdıq, ünsiyyət yaratdıq. Hər yerdə bir məqam diqqətimdən yayınmadı. Bu ştatda qadınlara gözlərini bərəldərək, seksual şövqlə baxan bir kişi belə yox idi. Onlar birdəfəlik qəbul ediblər ki, qadın toxunulmazdır, başqasının qadının, qızının üzünə belə baxmaq qeyri-etikdir.
Deyilə bilər ki, bir də onların gecə barına getsəydiniz… Şəhərin ən məşhur, ən qələbəlik barına da getdik. Salonda hər millətdən olan azı 300 adam vardı. Hamı öz dostlar dairəsi ilə ayaq üstə, ya da oturub yeyib-içir, deyib-gülür, əylənirdilər. Nə başqasına ilişən, sataşan vardı, nə də gendən-genə marıtlayan, göz-qaş edən. Hətta toqquşmaq, bir-birinə toxunmaq vaqiəsi olanda belə təqsirin bizdə olmasına rəğmən ilk olaraq qarşı tərəf “ekskyüzmi” deyirdi.
Bu barədə təəssüratımı dostlara danışarkən, sonradan yazı yazarkən bir dəfə belə bir ifadə işlətmişdim: “Cənubi Karolinada qadınların bədənini, üzlərini örtməsinə ehtiyac yoxdur, orda hicab kişilərin gözündədir”.
Bəzən şərq ölkələrini bürümüş cinsi tamahkarlığa, zorakılığa haqq qazandırmaq üçün deyirlər ki, şimal ölkələri ilə müqayisədə isti ölkələrdə bu məsələ başqa cürdür, guya ki, isti ölkələrin kişilərinin qanı qaynardır, erkəklik hissləri yüksəkdir. Cənubi Karolina təxminən Antalya, Dubay qədər isti bir yerdir. Amma yayda 35-40, bəzən 45 dərəcəlik isti karolinalı kişilərə mənfi təsir göstərə, onları sapığa, manyaka çevirmirsə, demək, bu, təbiət hadisəsi deyil, mədəniyyət məsələsidir.
Amerikanın yazılmış və yazılmamış qanunları, ölkənin ümumi mədəni səviyyəsi diktə edib ki, insanların tam əksəriyyəti öz cinsi hisslərinə hakim olsunlar, anlasınlar ki, küçədə, ictimai nəqliyyatda gedən gözəl qadın onlarınkı deyil, başqasınınkıdır, ona marıtlamağın, tamah salmağın xeyri yoxdur, əksinə, problem yarada bilər.
Şərq ölkələri xirtdəyə qədər o problemlərin içindədir. Hər gün minlərlə qadına, qıza sataşırlar, nə qədər oğlan qız üstündə döyülür, öldürülür, neçəsi zorlama üstündə türməyə düşür, həyatı birdəfəlik puç olur.
“Filan qadın öz geyimi ilə (gülüşüylə, hərəkətiylə) gəncləri təhrik etdi” bəhanəsi işə yaramaz. Təhrik olmayacaqsan, cızığından çıxmayacaqsan.
Ona qalsa Amerikada çəkdiyim şəkildə yarıçılpaq halda çəmənliyə uzanmış gənc və gözəl qadın ətrafdakı kişiləri təhrik edirdi, amma ona baxan yox idi. Bizdə olsa ətrafına əlli gənc yığışıb tamaşaya durmuş olardı.