Bu günlərdə əməkdaşımız Suriyada İŞİD terrorçularına qarşı döyüşən Türkiyə vətəndaşlarının, milliyyətcə türk olanların döyüş yaşantılardan bəhs edən bir material hazırlamışdı.
Həmin materialda belə bir epizod vardı, döyüşçülərdən biri danışırdı: "Top gülləsi yerə düşməyə az qalmış qanadını çırpan quş səsi verir. İŞİD bizi ard-arda neçə gün top atəşinə tutdu. Qanad çırpan quş səsi eşidən kimi yerə uzanırdıq. Bir dəfə də eyni səs gəldi, yerə uzandıq, lakin yerə top mərmisi düşmədi. Başımızı qaldıranda gördük ki, bir neçə göyərçin havada uçur".
Bu, müharibənin yüzlərlə dəhşət, acı, əzab, iztirab dolu epizodlarından yalnız biridir. Daha dəşətli məqamlar olur.
Müharibə insanların psixikasını pozur, insan hər an ölüm qorxusu hiss edir – göydə quş qanad çırpanda bunu indicə yerə çırpılacaq top mərmisi sayır, ayağının altında çör-çöp qalıb şıqqıltı ilə sınanda yerə basdırılmış mina hesab edir, qaranlıqda işıldaya-işıldaya uçan may böcəyini işıqsaçan gülləyə oxşadır, hər qaraltıdan, hər səsdən üşənir.
Müharibə insanların içindəki canavarı oyadır və bir an belə mürgüləməyə qoymur. Adi vaxtı toyuq başı kəsə bilməyən ürəyiyumşaq birisi müharibə isterikasına qapılandan sonra uf demədən, gözünü qırpmadan yeddi adamı bir dəfə tətiyi çəkməklə, güllə darağındakı güllələrin hamısını boşaltmaqla öldürə bilir.
Müharibə amansızlıq tələb edir. Bir anlıq tərəddüd, mərhəmət döyüşçünün öz ölümü ilə nəticələnə bilər, ona görə də döyüşçülər heç vaxt tətiyi sıxmaqda tərəddüd etmirlər. O kinofilmlərdə olur, biri o birini öldürərkən silahı tuşlayır və bir saat monoloq söyləyir, axırda da onu arxadan vururlar. Müharibədə belə epizodlar olmur, silahını vaxtında atıb əlini qaldırmayan anındaca güllələnir. Hətta bəzən silahı atıb əl qaldırmağın da xeyri olmur – psixikası zədəli, bir az əvvəl silahdaşı qucağında can vermiş döyüşçü, güllələnəcəyini bilərək tez əlini qaldıran, canını qurtarmaq istəyən düşməni əsir götürmür, tətiyi çəkir.
1988-ci ildə Əfqanıstanda döyüşmüş, 1992-ci ildə ağır döyüşlərdən keçmiş bir dostum, 24 yaşlı rota komandiri danışırdı ki, bir dəfə gecə vaxtı kəşfiyyata çıxıblar və sezilmədən düşmən əsgərlərinin blindajına daxil olublar. Düşmən əsgəri hər şeyin artıq gec olduğunu başa düşüb və iki müharibədən keçdiyinə görə sifətcə yaşlı biri zənn etdiyi komandirə təmiz Azərbaycan türkcəsində deyib: “Dayı, başına dönüm, məni öldürmə”. Komandir danışırdı ki, həmin vaxt bir anlıq hissə qapılıb, ana dilimizdə bu qədər təmiz yalvaran əsgərə rəhmi gəlib, ancaq iki saniyədən sonra, “Dayın qurban, bu müharibədir, bağışla” deyib və…
Budur, xəbərlər yayılıb ki, hazırda regionu qana çalxayan İŞİD terrorçuları girov götürdükləri ikinci yaponu da edam ediblər.
Bu, artıq qəddarlığın qudurmuşluq mərhələsidir. Bu o yaponların davası deyildi. Onların biri bu müharibəyə yalnız peşəsi üzündən yaxınlaşmışdı, digəri isə öz dostunu xilas etməyə gəlmişdi. İki nəfər girova görə fantastik məbləğdə (200 milyon dollar) xərac istəyən terrorçular məqsədlərinə çatmadıqları üçün onları qəddarcasına öldürüblər.
Bu qətl terrorçulara nə verdi? Heç nə. Əvəzində həmin yaponların ailəsinə ömürlük iztirab verdi. Bütün Yaponiya xalqı İŞİD-ə və onun kimi terrorçu qruplara nifrət havasına kökləndi. İki girovdan ötrü terrorçulara 200 milyon dollarlıq xəracı verməyən Yaponiya hökuməti həmin məbləğin iki mislini İŞİD-i məhv etmək istəyənlərə verəcək.
İndən belə atılan heç bir addım, görülən tədbir həmin günahsız yaponları geri gətirməyəcək.
Heç kəs özünü oturub ölümlərini gözləyən yaponların yerinə qoya bilmir. Müharibənin əsl dəhşətini məhz o adamlar hiss edib.
Qurbanlıq qoyun kimi əli, qolu, gözü bağlı şəkildə başının kəsiləcəyi günü gözləmək… Qurbanlıq heyvanlar bir gün sonra aqibətlərinin necə olacağını bilmir, ona görə də rahatdırlar. İnsan isə bilir, gözü çönmüş, beyni pozulmuş terrorçuların əlindən qurtuluş olmadığını anlayır. Və möcüzə baş vermir…
Müharibənin ən xoşbəxt məqamı bəlkə də başı qaldıranda yerə düşməyən top mərmisinin yerində göydə uçan quşları görməkdir. Amma hər gün yüzlərlə insan başını torpaqdan qaldıra bilmir.
